Fələstin Azadlıq Təşkilatının (FAT) lideri, Fələstin dövlətinin rəhbəri, fələstinlilərin qoruyucu mələyi Yasər Ərəfat... Onun dəfn mərasimi tam fərqli keçmişdi. Ərəfatı son mənzilə fələstinlilərdən ibarət qaravul dəstəsi aparırdı. Kütlə əl-əl gəzən tabutun altına çiynini vermək üçün əməlli-başlı vuruşurdu. Bütün Fələstin ona olan borcunu qaytarmaq üçün kiçikdən böyüyə səfərbər olmuşdu. Bu gün Yasər Ərəfatın ölümündən 10 il ötür. Lent.az Fələstin lideri haqda yazını təqdim edir.
Xaki rəngindəki forması və baş örtüyü ilə Fələstinin simvoluna çevrilən Yasər Ərəfat İsrailə qarşı aparılan mübarizədə hamının rəğbətini qazanmışdı. 1929-cu ildə anadan olan Ərəfatın əsl adı Məhəmməd Yasər Əbdülrəhman Abdülraufdur. Ərəfat yeddi uşaqlı ailədə böyüyüb. Atası Misirin paytaxtı Qahirədə ticarətlə məşğul olub. Ərəfat açıqlama və müsahibələrində Qüdsdə anadan olduğunu desə də, araşdırmalar onun Qahirə və yaxud da Qəzzada doğulduğunu göstərir.
Ərəfat 4 yaşında anasını itirib. Təkbaşına yeddi uşağa baxmaqda çətinlik çəkən atası onu və kiçik qardaşını analarının Qüdsdə yaşayan qohumlarının yanına göndərir. 1937-ci ildən etibarən isə Ərəfat və qardaşına bacıları baxır.
1948-ci ildə İsrailin ərəb ölkələrini məğlub etdiyi müharibədə Ərəfat fələstinli döyüşçüləri silahla təmin edən qrupun tərkibində olub. Daha sonra əksər fələstinli kimi o da təhsilini davam etdirmək üçün Misirə yollanıb. Qahirədəki I Kral Fuad Universitetində mühəndislik üzrə təhsil alan Ərəfat Fələstinli Tələbələr Dərnəyini yaradıb. Fələstinli Tələbələr Dərnəyi 1956-cı ildə Süveyş böhranından sonra İsrail, İngiltərə və Fransa qoşunlarına qarşı Misiri əsgərlə təmin edib.
Ərəfat universiteti bitirdikdən sonra Küveytdə əmək fəaliyyətinə başlayıb və elə orada da Fələstin Azadlıq Təşkilatını yaradıb. Ərəfat eyni zamanda təbliğat vasitəsi kimi “Filistinuna” (“Bizim Fələstinimiz”) jurnalını dərc etməyə başlayıb.
Ərəfat Ərəb dünyasında diqqətləri Fələstin probleminə çəkmək üçün səy göstərirdi. Ərəfat məhz Fələstinin İsrailə qarşı apardığı mübarizənin hər hansı bir ərəb dövlətinin inhisarına keçməməyinə də çalışırdı. Ərəfat üçün silahlı mübarizə vətənini və azadlığını itirmiş xalq üçün tək çıxış yolu idi.
Fələstin müqaviməti hərəkatının müstəqilliyini qorumağa çalışması Ərəfatla ərəb ölkələri arasında qarşıdurmaya gətirib çıxardı. İordaniyadakı fələstinli qaçqınlarla İordaniya ordusu arasındakı konflikt get-gedə dərinləşirdi. 1971-ci ilin sentyabrında minlərlə fələstinli İordaniya ordusu tərəfindən qətlə yetirilib. Bu hadisə tarixə “Qara sentyabr” hadisəsi kimi düşüb.
Fələstinli qruplar “Qara sentyabr”dan sonra İordaniyadan Livana köçüblər. Ərəfat isə 1973-cü ildə FAT-ın siyasi qanadının lideri seçilib.
FAT döyüşçüləri Livana yerləşərək buradan İsrailə qarşı hücumlar təşkil etmək üçün qərargahlar qurublar. Bundan sonra isə İsrail Livanı işğal etməyə başlayıb. 1982-ci ildə Cənubi Livan bütövlüklə İsrail tərəfindən işğal olunub.
İsrailin Livanı işğal etməsinin əsas məqsədlərində biri də Ərəfata bağlı döyüşçüləri Livandan çıxarmaq idi. 1982-ci ildə İsrail ordusunun paytaxt Beyrutu mühasirəyə alması Ərəfatın Livandan çıxmasına gətirib çıxardı. 1982-ci ilin sonlarında ABŞ və bir neçə ölkənin vasitəçiliyi ilə hazırlanan razılaşma əsasında təşkilatın liderləri Tunis və Suriyaya, döyüşçülər isə Yaxın Şərq regionuna səpələndilər.
1988-ci ildə FAT-ın Fələstin Milli Şurası paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini elan etdi. Ərəfat Fələstinin müstəqilliyinin lelANETDikdən sonra hə cür şiddətə qarşı olacağını elan etdi və dialoq üçün ABŞ-ın şərtlərini qəbul etdiyini açıqladı.
Ərəfat 1974-cü ildə BMT–nin iclasında etdiyi təsirli çıxışla uzun müddət yaddaşlarda qaldı: “Bir əlimdə zeytun budağı, digər əlimdə isə fələstinli döyüşçünün silahı ilə qarşınızdayam. Zeytun budağının əlimdən düşməsinə icazə verməyin”
1988-ci ildə BMT-də çıxışı zamanı isə Ərəfat FAT-ın İsrailin müstəqilliyini tanıdığını rəsmən elan etdi. 1989-cu ildə Fələstin Mərkəzi Şurası Ərəfatı Fələstin dövlətinin prezidenti elan etdi.
1990-cı ilin sentyabrında Ərəfat islamı qəbul edən 27 yaşlı Suha Daoud Əl Tavillə evlənib. 1995-ci ildə cütlüyün Fransada Zahva adlı qızı anadan olub.
1991-ci ildə Madriddə İsrail və Fələstin arasında sülh danışıqları başlanıldı. Sülh danışıqları ABŞ və Rusiyanın vasitəçiliyi ilə keçirilirdi. Ərəfat bununla bərabər, Norveçdə aparılan gizli sülh danışıqlarına da dəstək verirdi. 1993-cü ildə imzalanmış Oslo müqaviləsi ilə İsrail Ərəfatın rəhbəri olduğu Fələstin hakimiyyətinin müstəqilliyini tanıdı. Bununla da, Fələstin nəzarət etdiyi İordan çayının qərb sahili və Qəzzada məhdud da olsa idarəetməni ələ keçirmiş oldu.
Ərəfata Nobel sülh mükafatı verildi və o, minlərlə silahdaşı ilə Qəzzaya qayıtdı. 1994-cü ildə Qahirədə imzalanmış müqavilədə isə İsrail ordusunun Qəzzadan çıxması öz əksini tapırdı.
1996-cı ildə keçirilən seçkilərdə Ərəfat səslərin 83 faizini qazanaraq Fələstin dövlətinin rəhbəri seçildi.
Sürətlə aparılan sülh danışıqları son mərhələdə dalana dirəndi. Qüds, fələstinli qaçqınların geri qayıtması, qanunsuz tikilən yəhudi yaşayış məskənləri və sair problemlər həll olunmamış qalırdı.
Ərəfat yuxarıdakı problemləri həll etmək üçün ABŞ prezidenti Bill Klinton və İsrailin baş naziri Ehud Barakla 2000-ci ildə Vaşinqton yaxınlığındakı Kemp Devid qəsəbəsində görüşdü. Ancaq bu görüş nəticəsiz qaldı. Klinton və Barak baş verənlərə görə bu Ərəfatı təqsirləndirdilər. Təzyiqlərə baxmayaraq, Ərəfat Qüdsdən bir qarış torpağı güzəştə getməmişdi.
Elə hər şey də bundan sonra başladı. İsrail Ərəfatın sülh danışıqlarının aparılması üçün uyğun namizəd olmadığını elan etdi və onu İordan çayının qərb sahilində yerləşən Əl Mukataadakı qərargahında ev dustağı etdi. 2002-ci ilin martından etibarən İsrail ordusu qərargahı iki il mühasirədə saxladı. Mühasirə zamanı Əl Mukataa dəfələrlə bombalandı və İsrail tankları Ərəfatın qərargahına birbaşa zərbələr endirdi.
İsrail hakimiyyəti Ərəfata ev dustaqlığından xilas olmaq üçün 3 variant təklif etmişdi: həbs, mühacirət və ölüm. Ancaq Ərəfat təslim olmadı və Fələstini Əl Mukataadan idarə etməyə davam etdi.
2004-cü ilin 25 oktyabrında Ərəfat qripə tutulur. Şahidlərin sözlərinə görə, Ərəfat iclasların birində qaytarıbmış. Ərəfatın xəstəliyini müəyyənləşdirmək üçün Misir, İordaniya və Tunisdən gəlmiş həkimlər Mukataaya gəldi.
Ancaq həkimlərin səyləri heç bir nəticə vermədi və Fələstin liderinin müayinə üçün Fransaya yolladılar. Ərəfat Parisdəki hərbi xəstəxanalardan birinə yerləşdirildi. Ərəfatın zəhərləndiyi ilə bağlı iddialar səslənsə də, fransız həkimlər bu variantı təsdiq etmədilər.
3 noyabr 2004-cü ildə Ərəfat komaya düşdü. 11 noyabr günü isə Ərəfatın öldüyü rəsmən elan edildi. Həkimlərin ilkin rəyinə görə, Ərəfatın beyninə qan sızmışdı. Ərəfat Qüdsdə dəfn olunmağını vəsiyyət etsə də, İsrail hakimiyyəti bunu qəbul etmədi. Misirdə keçirilən rəsmi yola salınma mərasimindən sonra isə Yasər Ərəfat müqavimət qalası Əl Mukataada dəfn edildi.