Yaponiyanın istehsal etdiyi dünyanın ən kiçik peyk daşıyan SS-520-4 tipli raketin orbitə buraxılışı uğursuz olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
Məlumata görə, daşıyıcı raket buraxıldıqdan bir müddət sonra dənizə düşüb. Raketin ikinci bölməsində yanacağın alışmadığı ehtimal olunur.
Qeyd edək ki, NHK telekanalı bundan əvvəl peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışının həyata keçirildiyini bildirmişdi.
***** 06.19
Yaponiya Aerokosmik Agentliyi (JAXA) peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışını həyata keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, SS-520-4 tipli daşıyıcı raket yerli vaxtla 08.33-də (Bakı vaxtı ilə 03.33-də) Kaqosima prefekturasındakı Utinomura Kosmik Mərkəzdən orbitə buraxılıb.
Məlumata görə, kommunikasiya peyki 7,5 dəqiqədən sonra 200 km hündürlükdə müəyyən edilmiş orbitə çatıb.
Qeyd edək ki, süni peyki orbitə çatdıra bilən SS-520-4 raketi dünyanın ən kiçik daşıyıcı raketidir. Onun hündürlüyü cəmi 9,5 metr, diametri 50 sm, çəkisi isə 2,6 ton təşkil edir. Bu vaxtadək orbitə buraxılan ən kiçik “Epsilon” raketinin hündürlüyü 25 m olub.
Yaponiyanın orbitə buraxdığı peykin parametrləri də çox kiçikdir – çəkisi cəmi 3 kq, ölçüləri isə 11,66 Х 11,6 Х 34,6 sm təşkil edir.
Raket və peykin inşası və kosmosa buraxılmasına sərf olunan xərclər də əhəmiyyətli dərəcədə az olub – təxminən 3,47 mln. dollar. Belə ki, ənənəvi Н2А tipli raketin kosmosa buraxılması orta hesabla 100 mln. dollardan çox vəsait tələb olunub.