“Quantanamo” hərbi bazadakı həbsxanada saxlanılan məhbusların bir neçəsi prezident Obamanın səlahiyyətləri başa çatanadək, yəni yanvarın 20-dək köçürüləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp məhbusların “Quantanamo” həbsxanasından köçürülməsinə qarşı çıxıb. Tramp hesab edir ki, “Quantanamo” həbsxanasında saxlanılan “çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.
Ağ Ev nümayəndəsi “Quantanamo”dan məhbusların köçürülməsi prosesini dayandırmaq üçün Trampın hələlik qanuni hüquqa malik olmadığını qeyd edib.
Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.