<b>60 milyon ölü, 4 trilyon dollar, “1 günlük” müharibə</b> -<span style="color:red;"> TARİX
01 sentyabr 2014 13:37 (UTC +04:00)

60 milyon ölü, 4 trilyon dollar, “1 günlük” müharibə - TARİX

Bu gün İkinci Dünya Müharibəsinin başlamasından 75 il ötür. Lent.az-ın xəbərinə görə, müharibənin başlanma tarixi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə götürülür.

 

Almaniya ordusu Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə ilə hücuma keçəndən sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Sentyabrın 3-10 tarixləri arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada da anti-Hitler koalisiyasına qoşulur.

 

Birinci Dünya Müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması, Avropanın mərkəzində, Almaniyada qisas hissinin yüksək dərəcədə alovlanması, Hitlerin irqçilik, dünya ağalığına nail olmaq iddiaları və başqa səbəblər İkinci Dünya Müharibəsinə rəvac verən amillər idi.

 

Müharibənin başlanmasından 8 gün əvvəl, 1939-cu il 23 avqustda Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqda saziş imzalandı. Sazişə görə, almanlar qərbi Polşanı, ruslar isə Polşanın şərqini işğal etdilər. Ruslar 1940-cı ildə Estoniya, Latviya və Litvanı da SSRİ-yə qatdılar.

 

 

1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveç, Danimarka və Niderlandı işğal edib Belçika üzərinə hücuma keçirlər. Paris 1940-cı il iyunun 13-də alman qoşunları tərəfindən işğal olunur. Fransanın yarısı demək olar ki, almanların nəzarətində idi və marşal Petenin başçılıq etdiyi oyuncaq hökumət faşist Almaniyasına tabe idi.

 

Fransızların kiçik bir qrupu İngiltərəyə qaçıb general Şarl de Qollun rəhbərliyi altında Azad Fransa Hərəkatını yaratdılar.

 

Almaniya ordusu Böyük Britaniyaya əsasən havadan zərbələr endirməyə başlamışdı. 1940-1941-ci illərin qışında almanlar hücumlarının ağırlığını daha çox Şərq istiqamətinə tərəf yönəltməyə başladılar. Hitler İngiltərədən əvvəl, SSRİ məsələsini həll etmək qərarı vermişdi. İngiltərə Almaniyaya inadla müqavimət göstərsə də, Fransanın təslim olması ilə Hitler Qərbdə öz məqsədlərinə çatdığını düşünürdü.

 

Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirən Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları isə Hitleri narahat edirdi.

 

1940-cı ilin iyununda Hitler SSRİ-yə qarşı hücum planı hazırlamağı tapşırır. “Barbarossa” adlı plan 1940-cı il dekabrın 18-də təsdiq edilir və 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücuma keçir.

 

Bununla da, Böyük Vətən Müharibəsi başlayır. Əslində, ildırımsürətli planla alman qoşunları Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər.

 

Onlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşıb, Smolenski ələ keçirdilər. Sentyabrda alman ordusu Kiyevi tutdu. Leninqrad mühasirəyə alındı və Moskva üzərinə güclu hücum başladı.

 

Sovet ordusu alman qoşunları Moskva döyüşündə darmadağın etdi və bununla da, almanların məğlubedilməzlik əfsanəsi birdəfəlik dəfn edildi.

Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100-250 kilometr geri oturduldu.

 

Yaponiya isə 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri – Almaniya və İtaliya buna razılıq vermişdi. Yaponiya artıq Çinin böyük hissəsini işğal etmişdi. Fransa Almaniyaya təslim olduqdan sonra Yaponiya öz hərbi hissələrini onun müstəmləkələrində - Vyetnam, Laos və Kambocada yerləşdirdi. Filippinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi və bu ölkə ilə strateji məhsul ticarətinə qadağa qoydu.

 

1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ-ın Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor bazasına güclü zərbələr endirdi. ABŞ-a məxsus 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi. Həmin gün yapon qoşunları Tailanda, o cümlədən Britaniyanın müstəmləkəsi olan Birma üzərinə hücum etdilər.

 

1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belorusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldoviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar alman işğalından azad olundu. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet ordusu Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular.

 

Əlverişli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əsgəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə, Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. Artıq Almaniya iki cəbhədə müharibə aparmağa məcbur olmuşdu. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması Almaniyanın sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı.

 

Hitlerə qarşı sui-qəsdlər başladı. 1944-cü ildə Hitler üç müttəfiqindən -Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək haqda razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.

 

İkinci Dünya Müharibəsində hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Bunun 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olub. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşür.

 

Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı. İkinci dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı.

 

ABŞ müharibənin bitməyinə az qalmış Yaponiyaya iki dəfə atom bombası atdı. Çoxları bunu ABŞ-ın SSRİ-yə qarşı güc nümayiş kimi qəbul edir.

 

Müharibə 1945-ci il sentyabrın 2-də anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatdı.

İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün də əsl faciəyə səbəb oldu. Öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 6 milyon yəhudinin həyatına son qoydular.

 

Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün Birləşmiş Millətlər Təşkilatı yaradıldı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4394
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35