İslamabadda oteldəykən, İlham müəllimə zəng vurub səfirliyimizin yerini bir də dəqiqləşdirəndə, sözün açığı, çaşdım. Çünki hələ Bakıda maraqlı bir məqamla rastlaşmışdım. Sən demə, Pakistanın Azərbaycandakı səfirliyi Bakıda Atatürk prospektində yerləşdiyi kimi, bizim Pakistandakı səfirliyimiz də İslamabadın eyni adlı küçəsində yerləşirmiş.
Amma İslamabadda məlum oldu ki, səfirlik artıq paytaxtdakı “Diplomatik anklav”a köçüb və sən demə, neçə vaxtdır burda özümüzün möhtəşəm binamız varmış.
Hə, indi gəl, bu “Diplomatik anklava” gir görüm, necə girirsən. Otelin yaxınlığında əyləşdiyimiz taksiyə “Diplomatik anklav”a gedəcəyimizi - təbii ki çox zəif ingiliscə - birtəhər başa sala bildik. Amma bu zalım oğlu da üzü üzlər görmüş taksi sürücülərindən imiş. “Yes”, “Yes” deyib, hələ üstəlik qapını da mənim üçün açdı. Tərpənəndən sonra həm öz dilində, həm də ingiliscə bir-iki sual verdi ki, başa düşmədiyimdən ancaq başımı tərpətməyə məcbur oldum. Bir xeyli gedəndən sonra böyük bir postun qabağında saxlayıb, başı ilə "çatdıq" işarəsi verdi.
Burası hərbi post idi. Əli avtomatlılar, çoxsaylı taksilər və onlarla insanın yığışdığı bu yerdə, necə deyərlər, ala qarğa bala çıxartmazdı. Ətrafı müşahidə etdim, amma şəraitdən heç nə başa düşmədim. Yenidən səfirliyə zəng vurası olduq. İndi də məlum oldu ki, taksi məni anklava aparan başqa qapıya, daha dəqiqi, posta gətiribmiş. Yenidən başqa bir taksi kirayələməli oluruq. Bu dəfə həmun posta getmək üçün. Orda isə bizi Zaur gözləyirdi. Səfirliyin əməkdaşı Zaur Abbasov…
***
Həqiqətən də belədir: Azərbaycanın Pakistandakı səfirliyinin binası nə ABŞ, nə Rusiya, nə də hansısa Avropa dövlətinin bu ölkədə akkreditə olunmuş diplomatik korpuslarının binasından geri qalır, hələ bir çox məqamlar da onları üstələyir də. Bütün xarici nümayəndəliklər kimi, bizim səfirliyimiz də “Diplomatik anklav” deyilən yerdə yerləşir. Çünki İslamabadın məhz bu hissəsində təhlükəsizlik son dərəcə yaxşı qorunur.
***
Səfirlikdə neçə nəfərin çalışdığını deməyəcəm. Bəlkə heç əhəmiyyətli də deyil. Amma bir məqamı mütləq vurğulamalıyam; burası kiçik bir Azərbaycan modeli, kiçik bir ailə. Səfirin də, müşavirələrinin də, adi işçilərin də yaratdıqları atmosfer, sadəcə alqışlanasıdır. Düzdür, Azərbaycanı Pakistanda doğrudan da sevirlər, dost, qardaş hesab edirlər. Amma bir həqiqət də var, axı - terrorçunun milləti olmur. Terror isə hər an və hər yerdə baş verə bilər. Əfsus ki, bu, bir Pakistan reallığıdır. Elə Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının diplomatik fəaliyyətinin də, digər ölkələrdəki nümayəndəliklərimizdə çalışanlardan bir fərqli özəlliyi bu məqamdır.
- Səmimi deyirəm, burda çalışmağımdan əsla peşmançılıq keçirmirəm. Prezident məni Pakistana səfir təyin edənədək də uzun müddət burada müxtəlif vəzifələrdə çalışmışdım. Təyinatım bəlli olanda əmin idim ki, dövlətin, prezidentin mənə etimadını doğruldacam. Bilirsiz, necədir? Səfir çalışdığı ölkəni tanımalıdır, adət-ənənələrini, tarixini, mədəniyyətini dərindən bilməlidir. Bu ayrı. Amma ən əsası səfir çalışdığı ölkəni sevməlidir. Bu sevgi olmasa, həmin ölkədə çalışmaq çətindir. Bu olmasa, həm də arada səmimilik itir. Pakistanla Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Diplomatik münasibətlərin qurulduğu ilk gündən bu əlaqələrimiz bütün istiqamətlərdə dinamik inkişaf edir. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində sıx əməkdaşlıq edir, bir-birlərinin mövqelərini qarşılıqlı dəstəkləyirlər. Pakistanda Azərbaycana qəribə bir sevgi var. Bu, sözlə ifadə ediləsi deyil. Təsəvvür edin, İslamabadda bir mağazaya girsən və bilsələr ki, Azərbaycandansan, səni gülər üzlə qarşılayacaqlar, qiymətdə əməlli güzəşt edəcəklər. Bir məqamı da xüsusi qeyd edim. Pakistandakı vəziyyət hamıya aydındır. Burda DİN, başqa güc strukturları dəfələrlə mənə deyiblər ki, başqa diplomatlar kimi sizi də mühafizəçilər müşayiət etsin. Razı olmamışam. Onlara demişəm ki, Pakistandan mənə, bizim əməkdaşlarımıza xətər toxunmaz. (Gülür) Təkcə İslamabadda yox, əyalətə də gedəndə sürücüm Səfər, bir də mən oluram.
Bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov deyir.
***
Daşqın müəllimin dediyinə görə, başqa ölkələrin Pakistanda akkreditə olunmuş nümayəndəliklərindən fərqli onlar çalışırlar ki, fəaliyyətlərini, xüsusən də xeyriyyəçilik aksiyalarını paytaxtla məhdudlaşdırmasınlar.
- Təkcə keçən il Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunub. Bu proqram çərçivəsində kimsəsizlər evlərində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıldı, Peşavar şəhəri serebral iflic institutunda və Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edildi. Onu da qey edim ki, bu vilayətə indiyədək bir səfirin ayağı dəyməyib. Bundan başqa, «Kulsum İnternational» klinikasında açıq ürək əməliyyatları aparılıb. Daha sonra fond tərəfindən Peşavar qanköçürmə klinikası üçün müasir avadanlıq və laboratoriya ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi alınıb. Mən özüm də orda qan vermişəm. Xeybər fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi yardım etmişik. Ramazan ayında Pakistanın bütün əyalətlərində yerləşən uşaq evlərində iftar süfrələri təşkil edildi, Qurban bayramında isə şimal-qərb regionunda yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldı.
Bunları edirik, özü də əyalətlərdə. Bir məqamı da xüsusi qeyd edim. Adını çəkdiyim əyalətlər, Pakistanın ən geridə qalmış regionlarıdır. Məsələn, Xaybar-Patxunvada dini xurafat geniş yayılıb, Bu yerlərdə insanları peyvənd etdirmək kimi sadə bir prosedur min bir əziyyət, izahat bahasına başa gəlir. Savadsız insanlar xurafata uyaraq peyvəndin dinə zidd olduğunu düşünürlər. Onlarla maarifləndirmə, təbliğat işi aparmaq də bəzən problemlər yaradır. Amma buna baxmayaraq, Fondun dəstəyi ilə 30 min insanın peyvəndinə nail ola bildik. Bu cür xeyriyyə tədbirləri isə həmişə davam edəcək.
Peşavarda 120 nəfərin göz əməliyyatını da həyata keçirdik. Həmin adamların vəziyyəti elə idi ki, əməliyyat olunmasaydılar, qısa bir müddətdən sonra ömürlük kor qalacaqdılar. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu əməliyyat Pakistan mediasında böyük əks-səda doğurdu. Bundan başqa Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərərçəkmiş Rara qəsəbəsində inşa edilmiş qızlar məktəbi cari ildə əsaslı təmir olundu, təhsil ocağının sahəsi 1 hektardan çox genişləndirildi. Pakistan tərəfinin təşəbbüsü ilə Rara hökumət məktəbinə Mehriban xanımın adı verildi. Həmin məktəb İslamabaddan ucqarda, Müzəffərabadda yerləşir.
***
Daşqın Şikarov deyir ki, Pakistanla siyasi əlaqələrimiz ən yüksək səviyyədə olsa da, iqtisadi-ticarət əlaqələr hələ məqbul səviyyədə deyil.
- Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçirilmir. Bundan başqa, tranzit problemləri var, maliyyə köçürmələrində çətinliklər yaranır ki, bu da iqtisadi-ticarət əlaqələrinə çeşidli problemlər yaradır. Habelə qarşılıqlı investisiya qoyuluşu da lazım olan səviyyədə deyil.
***
...Pakistan Senatı Xocalı soyqırımını tanıyıb. Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayıb. Daşqın müəllimin dediyinə görə, diplomatik kanallardan bəzən ona xəbərlər çatır ki, bir sıra Qərb dövlətləri Ermənistanı tanımaq üçün Pakistana minnətçi belə düşürlər. Amma rəsmi İslamabad Azərbaycanla dostluğu hər şeydən üstün tutaraq bu addıma getmir.
- Ermənistan son iki ildə dəfələrlə Pakistanla münasibət qurmağa cəhdlər göstərib, lakin Pakistan dövləti bir mənalı şəkildə Azərbaycan torpaqlarının işğalına son qoyulandan sonra Ermənistanla münasibətlər qurula biləcəyini bildirib. Hətta qeyri-rəsmi şəkildə onu da deyirlər ki, sonuncu qarış torpağınızı işğaldan azad olandan sonra, bu məsələyə baxa bilərik. Bundan başqa, Pakistanın siyasi və hərbi rəhbərliyi Dağlığ Qarabağ məsələsinin həlli üçün Azərbaycana hər bir vasitə ilə yardım etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər.
***
Söhbətin yönünü dəyişirik. Heç bir kinoteatrın, konsert zalının, əyləncə mərkəzinin olmadığı bir şəhərdə diplomatlarımız asudə vaxtlarını necə keçirirlər?
Səfir deyir ki, əslində istirahət günlərini çıxmaq şərti ilə asudə vaxt çətin ola.
- Hətta həmin günlərdə belə çalışırıq. Belə də ki şükür Allaha, özünüz də gördünüz, səfirliyin binasında istirahət üçün hər cür şərait var. Bilyard, tennis oynamaq üçün zallarımız, kiçik kinoteatrımız var. Sonuncu dəfə bütün səfirlik əməkdaşları ailələri ilə birgə “Cavad xan” filminə baxmışıq. Həyət də genişdir. Uşaqların əylənməsi üçün şərait var. Ən başlıcası isə təhlükəsizlik təmin olunub.
Səbuhi Məmmədli,
İslambad