Türkiyədə Səlcuqlu dövlətinin Konya vilayətində yerləşən Anadolu sülalə məzarlığından çıxarılan insan qalıqları üzərində DNT və anatomik analizlər aparılıb. Nəticədə 12-si sultan olmaqla, 17 sülalə mənsubunun üz və bədən görünüşləri müəyyənləşdirilib.
Lent.az xəbər verir ki, bu məqsədlə Konya şəhər mədəniyyət və turizm idarəsi tərəfindən altı il davam etdirilən müvafiq layihə çərçivəsində müxtəlif elmi sahələrdən onlarla mütəxəssis araşdırma aparıb. Görülən işin nəticəsi olaraq 1077-1308-ci illər arasında Anadoluya hökmdarlıq edən sultanların görünüşünü əks etdirən 3D heykəllər hazırlanıb. Bu heykəllər Konyanın Dar-ül Mülk Sərgi Mərkəzində "Türkiyə Səlcuqlu Hanedanlığı" adı altında nümayiş etdirilir.
Anadolu Səlcuqlu dövlətinin memarlıq üslubunu əks etdirən tac qapılar qarşısında sərgilənən heykəllərin hazırlanmasında dövrün orijinal geyimləri ilə yanaşı, hökmdarların üz ifadələri, saç-saqqalları, duruşları və baxışlarına xüsusi diqqət yetirilib.