Adanada zəlzələdə uçmuş binaların podratçısı Hasan Alpargün polislər tərəfindən saxlanılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hasan Alpargün tikdirdiyi binalarda yüzlərlə insanın həlak olması barədə xəbərlərə” qədər-qismət” deyə reaksiya verib.
Alpargünün inşa etdirdiyi binaların hamısı zəlzələdən böyük xəsarətlə çıxıb. Adanada başqa zəlzələ bölgələrindən fərqli olaraq, binaların böyük əksəriyyəti yeraltı təkanlara davam gətirib. Amma Hasan Alpargünün tikdirdiyi 3 çoxmərtəbəli binanın üçü də yerlə yeksan olub və yüzlərlə insanın məzarına çevrilib.
Mütəxəssislərin bu binalarda apardıqları ilk yoxlamaların nəticəsi binaların çox keyfiyyətsiz tikildiyini deməyə əsas verir.
“Əl vurduğumuz inşaat materiallarının hamısı qum kimi ovulub tökülür. Bina çox keyfiyyətsiz şəkildə inşa edilib. Mən memar, mühəndis deyiləm, amma bir qadın olaraq binanın kərpiclərini divarlarından götürülmüş parçaları ovcumda əzə bilirəmsə deməli bu iş düzgün görülməyib. İşində bu dərəcədə məsuliyyətsizliyə yol vermiş hər bir bina sahibi, podratçı cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun”,- deyə həmin binanın dağıntıları altında əzizlərini itirmiş vəkil Hülya Canoğlu bildirib.