Qeyri-rəsmi rekordlar göstərir ki, dünyada orta temperatur bu həftə üçüncü dəfə yeni maksimuma çatıb. Bir qrup ABŞ alimi tərəfindən təhlil edilən məlumatlar göstərir ki, cümə axşamı qlobal orta temperatur 17,23 Selsi olub. Bu, bazar ertəsi müəyyən edilmiş 17 dərəcə Selsi rekordunu qırıb, bir gün sonra orta temperatur 18 dərəcə Selsiyə qalxıb.
Lent.az BBC telekanalına istinadla xəbər verir ki, alimlərin qənaətinə görə, temperatur insan tərəfindən törədilən iqlim dəyişikliyi və təbii olaraq baş verən, El Nino kimi tanınan hava hadisəsi ilə idarə olunur. El Nino Yer kürəsinin istənilən yerində iqlim sistemindəki ən güclü dalğalanmadır. Bu, hər üç-yeddi ildən bir baş verir və istiləşmə mərhələsində daha isti sular tropik Sakit okeanın səthinə çıxaraq istiliyi atmosferə itələyir.
London İmperial Kollecinin iqlim elmləri üzrə baş müəllimi Friederik Otto bildirib ki, iqlim alimləri qlobal gündəlik temperatur rekordunun qırılmasına təəccüblənmir, lakin bu, narahatlıq doğuran haldır. Onun sözlərinə görə, bu, dünyanın daha çox neft və qaza ehtiyacı olduğunu düşünən hər kəs üçün həyəcan təbili olmalıdır.
Qlobal isti hava temperaturu üzrə rekord sonuncu dəfə 2016-cı ilin avqustunda qırılmışdı. Mütəxəssislər xəbərdarlıq edir ki, bir çox cəmiyyətlər hələ də daha çox istilərə və onun insanlara və ətraf mühitə təsirlərinə uyğunlaşmayıb.
Temperatur göstəriciləri “Climate Reanalyzer” adlı alətlə müəyyən edilir. Men Universitetinin alimləri orta qlobal temperaturu qiymətləndirmək üçün yerüstü, hava şarları və peyk müşahidələri, eləcə də kompüter proqramlarından istifadə edirlər. Bu məlumatlar rəsmi olmasa da, temperaturun necə dəyişdiyinin göstəricisi kimi diqqətlə izlənilir.
Cümə axşamı ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) “Associated Press” agentliyinə bildirib ki, qismən kompüter simulyasiyalarından gələn qeydləri təsdiq edə bilməyəcək, lakin iqlim dəyişikliyi səbəbindən isti dövrün başlandığını inkar etmək olmaz. Alimlər xəbərdarlıq edirlər ki, hava qeyri-adi isti olur və çox güman ki, bu yay rekordlar davam edəcək. Belə ki, El Nino hələ pik nöqtəsinə çatmayıb və yay Şimal yarımkürəsində hələ də tam sürətlə davam edir. Buna görə də gündəlik temperatur rekordunun 2023-cü ildə təkrar-təkrar qırılması təəccüblü deyil. Eyni zamanda, qlobal temperaturun yüksəlməsi istilik dalğalarını daha da qızışdıracaq və meşə yanğınları tez-tez baş verəcək.
Böyük Britaniyanın “Met Office” qurumu tərəfindən aparılan araşdırma iqlim dəyişikliyi nəticəsində bu il ən isti iyun ayı olduğunu bildirib. Şimal Afrikada temperatur 50 dərəcə Selsiyə yaxın, Çinin bəzi yerlərində isə 40 dərəcə Selsi olub. Avropa Ətraf Mühit Agentliyi iyun ayında xəbərdarlıq etmişdi ki, bu yay Cənubi Avropada istilər 60 gündən çox davam edəcək. Bundan başqa, Böyük Britaniya və İrlandiyada son həftələrdə dənizlərdə istilik artımı da müşahidə olunur. Antarktikada dəniz buzlaqları peyk müşahidələri başlayandan bəri iyun ayında orta səviyyədən 17 faiz aşağı olub.