Onlar yalnız yaşadıqları dövrdə deyil, bu gün də qəribə vərdişləri ilə hər kəsi təəccübləndirirlər.
Lent.az insanların böyük marağına səbəb olan məşhur dahilərin qəribə vərdişlərini təqdim edir:
Albert Eynşteyn
Rahatlığı sevir, paltarlarına əhəmiyyət vermir, saçlarını daramır və corab geyinmirdi. Yeniyetməlikdən corab geyinməməyi vərdişə çevirən dahi əmisi oğluna yazdığı məktubda deyirdi:
“Gənc yaşlarımda geyinirdim, amma baş barmağım həmişə corabı deşirdi. Nəhayət imtina etdim”.
O hətta Ağ Evdə iştirak etdiyi tədbirə belə corabsız getmişdi.
Nikola Tesla
O, qəribə həyat yaşamaqla məşhur idi. Tesla, ictimai həyatda seçiciliyi ilə tanınır. Vaxtının çox hissəsini oxumağa və ya işləməyə sərf edən dahi bir və ya iki nəfərlə ünsiyyət qururdu. O, hətta qadınlarla münasibət qurmağa belə çalışmır, bundan çəkinirdi.
“Yalnız olmaq kifayətdir. İxtiraların sirri budur”.
Da Vinçi
Da Vinçinin ən qəribə vərdişi qeydlər dəftərini hər zaman yanında saxlamsı idi. Burada elmi tədqiqatlar, rəsmlər, zarafatlar, nağıllar, heyran olduğu insanlar haqqında müşahidələr və fikirlər, maddi vəziyyəti haqqında düşüncələr, məktublar, yaşadığı fərdi problemlərlə bağlı verdiyi qərarlar, fəlsəfi düşüncələri qeyd etmişdi.
Onun ən qəribə vərdişlərindən biri də sağdan sola yazması və yazdıqlarını yalnız güzgü ilə oxunmasıdır.
Lüdviq van Bethoven
Bethoven çimmək vərdişi ilə yanaşı, qəhvəyə olan sevgisi ilə də məşhurdur. Bəstəkar ən vacib əsərlərindən bəzilərini hamamda yazıb.
İmmanuel Kant
Ömrünün 40 ilini hər gün eyni vaxtda, eyni şeyləri etməklə keçirirdi. Bu Kantın həyatında özünəməxsus bir vərdişi idi.
Salvador Dali
Onun qəribə sayılmayan davranış və vərdişləri az idi. Tam mənasında özünü şoumen kimi aparır, diqqət mərkəzində olmağı və ətrafdakı insanları əyləndirməyi xoşlayırdı. Bir dəfə natiq kimi qatılacağı bir konfransa dalğıc paltarında gedən Dali sonradan bunu marketinq texnikasına çevirdi.