Priqojin başqa adla yaşayacaq – "Vaqner" qurucusu barədə AĞLASIĞMAZ İDDİALAR
24 avqust 2023 20:15 (UTC +04:00)

Priqojin başqa adla yaşayacaq – "Vaqner" qurucusu barədə AĞLASIĞMAZ İDDİALAR

Sırğa oğurluğu  edib 10 il həbsxanada qalan, çıxdıqdan sonra hazırladığı sendviçlərlə ayda 1000 dollar qazanan "Vaqner" qurucusu Yevgeni Priqojin əslində kim idi? Həbsdə yatmış şəxsləri heç kimin dövlət işinə götürmədikləri halda o necə Rusiya Prezidentinin “şəxsi aşpazı” oldu?Bu gün dünya mətbuatında və siyasətlə maraqlanan insanlar arasıda müzakirə olunan və cavabı tapılnmayan suallar demək olar ki, bu yöndədir - Yevgeni Priqojin necə bu sürətlə irərliləyib milyarder bir iş adamına çevrildi, silahlı hərbi qruplaşmaya rəhbərlik etdi? Dövlət öz düşmənin əlinə bu qədər silahı verərdimi? Priqojinin 2 ay öncəki qiyamı sadəcə tamaşa idi? Suallar bununla bitmir. Maraqlı iddialar da səslənir - Priqojin ölməyib, ölümü imitasiya edilib. Putin kinlidir, intiqamını aldı. 

Lent.az ölümü ilə yenidən gündəmə gəlmiş Yevgeni Priqojin barədə maraqlı faktları təqdim edir.


Yevgeni Priqojin 1 iyun 1961-ci ildə Leninqradda anadan olub. Anası Violetta Kirovna Priqojina həkim idi və xəstəxanada işləyirdi. Atası Viktor Evgeniyeviç Prigojin öldükdən sonra uşağı ögey atası Samuil Jarkoy böyüdüb. 1977-ci ildə Priqojin 62 nömrəli Leninqrad İdman internat məktəbini (indiki 1 nömrəli Olimpiya Ehtiyatları Kolleci) bitirib. Leninqrad Kimya-Əczaçılıq İnstitutuna daxil olub, 2018-ci ildə verdiyi müsahibəsində institutu bitirmədiyini bildirib.

1979-cu ilin noyabrında Leninqradın Kuybışev Rayon Xalq Məhkəməsi Priqojini oğurluq ittihamı ilə iki il yarım şərti həbs cəzasına məhkum edib. Forbes-in məlumatına görə, 1981-ci ildə Leninqradın Jdanovski Xalq Rayon Məhkəməsi Priqojini oğurluq, dələduzluq, yetkinlik yaşına çatmayanı cinayət fəaliyyətinə cəlb etmək və quldurluqda yeni ittihamlarla 13 il müddətinə azadlıqdan məhrum edib. O küçədə yoldaşları ilə birlikdə bir qadını döyüb, qarət edib, onun qulağındakı sırğaları qoparıb almışdı. 1988-ci ildə Priqojin əfv olundu.

1990-cı ildə o, biznesə girərək hot-doq satışına başlayıb. "Forbes" jurnalının məlumatına görə, o, bu işi ögey atası ilə birlikdə açıb və istehsalın bir hissəsi Priqojinin mənzilində olub. “Hot-doqlar üçün xardal düz mənim mənzilimdə yoğrulurdu. Mən evə gələn reketlərə 100 dollar ödəməli olurdum" deyə o verdiyi müsahibələrindən birində demişdi.

1991-1997-ci illərdə Priqojin “Kontrast” özəl ərzaq mağazalar şəbəkəsini idarə edib, 1995-ci ildə isə Sankt-Peterburqun Vasilyevski adasında “Şərab klubu” bar mağazasını açıb. 1996-cı ildə restorançı Toni Gir ilə görüşdükdən sonra restoran biznesinə başlayır və öz restoranlarını yaradır. 

1997-ci ildə Priqojin gəmidə “New Island adlanan” və o zaman Sankt-Peterburqun ən bahalı restoranına çevrilən iaşə obyekti açır. 1999-cu ildə baş nazir Sergey Stepaşin və BVF-nin idarəedici direktoru Mişel Kamdess Nyu-Aylenddə nahar ediblər.O vaxtdan sonra Rusiyanın önəmli qonaqları bu restoranda qəbul edildi, Priqojinin Putinlə tanışlığı və onun şəxsi aşpazı adını alması da belə başladı. Priqojin ailəli idi və bir qızı vardı. Biznesinin bir hissəsi xanımının adına rəsmiləşib.

Priqojin pərakəndə fast food ilə məşğul olmağa 2012-ci ilə qədər davam etdi. 2016-cı ildə, Priqojin Moskvada məktəblilər üçün qida və ərzaq bazarında monopolist oldu.

O, tikinti biznesinə 2000-ci illərdə Sankt-Peterburqda başlayıb. O, 18-19-cu əsrlərin Sankt-Peterburq memarlığı üslubunda 45 üçmərtəbəli evdən ibarət Şimali Versal yaşayış kompleksini tikdi, ondan sonra görülən böyük tikinti işlərini saymaqla bitməz.

Priqojinin “Konkord” şirkəti Müdafiə Nazirliyi ilə də əməkdaşlığa başlayandan sonra daha da gücləndi. 2014-cü ilin sonundan 2015-ci ilin ortalarına qədər olan dövr üçün “Konkord”un strukturları 10,3 milyard rubl dəyərində tenderlərin qalibi oldu. 

Priqojinin adı 2013-cü ilin yayında yaradılan və mətbuatda “trol fabriki” adlandırılan İnternet Araşdırmaları Agentliyi ilə bağlıdır. ABŞ-da bu struktur seçkilərə müdaxilədə ittiham olunurdu. Priqojinin özü bunu uzun müddət inkar edirdi. 2023-cü ilin fevral ayında iş adamı İnternet Araşdırmaları Agentliyini yaratdığını etiraf etdi. “Mən yaratdım, uzun müddət idarə etdim. O, Rusiyanın informasiya məkanını Qərbin anti-Rusiya tezislərinin məzəmmətli aqressiv təbliğatından qorumaq üçün yaradılıb”, - deyə Priqojin bildirib.

Priqojin 2016-cı ildə ABŞ-da keçirilən Prezident seçkilərinə və siyasi proseslərə müdaxilədə ittiham olunurdu. 2021-ci ilin fevralında FTB Priqojinin adını ABŞ prezident seçkilərinə müdaxilə etdiyi üçün axtarışda olan 13 rusiyalının siyahısına daxil etdi. Agentlik iş adamının həbsinə səbəb olan məlumat üçün 250 min dollara qədər mükafat təklif edib. Priqojin agentliyin hərəkətlərini “şou" adlandırıb və onun haqqında məlumat üçün mükafat elanının FTB-nin saytından çıxarılmasını tələb edib.
Priqojin “Vaqner” özəl hərbi şirkətinin (PMC) təsisçisi kimi daha çox şöhrətləndi. Onun pullu döyüşçülərinin Suriyada, Liviyada, Luqansk, Donetsk, Sudan, Mozambik, CAR, Malidə döyüşlərdə iştirakı məlumdur. BMT və Aİ dəfələrlə bu hərbi təşkilatı insan haqlarını pozmaqda ittiham edib.

Maraqlıdır ki, Prigojin uzun müddət PMC ilə əlaqəsinin olmadığını bildirib, "bu şirkətin mövcudluğu faktından çox təəccübləndiyini və onun fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını" deyib. Lakin 2022-ci ilin sentyabrında onun yaradıcısı olduğunu etiraf edib. 2022-ci il oktyabrın sonunda iş adamı Sankt-Peterburqda "Rusiyanın müdafiə qabiliyyətini artırmaq üçün müdafiə və informasiya texnologiyaları sahəsində mütəxəssislərin işləyə biləcəyi" PMC "Vaqner" Mərkəzinin yaradıldığını elan etdi.

PMC bölmələri Ukraynada, xüsusən Baxmut və Soledarda döyüş əməliyyatlarında fəal iştirak edib. 2022-ci ilin yayında Priqojinin məhbusları Vaqner sıralarına cəlb etmək üçün həbsxanalara getməsi ilə bağlı xəbərlər yayılmağa başladı.
2023-cü ilin yanvarında ABŞ  “Vaqner” PMC-ni transmilli cinayət təşkilatı elan etdi. Priqojin buna cavab olaraq Ağ Evə məktub yazaraq ondan bu təşkilatın hansı cinayətləri törətdiyini aydınlaşdırmasını tələb elədi

Qiyam və cinayət işinə çağırış

2023-cü il iyunun 23-də axşam saatlarında Priqojin bildirib ki, rus hərbçiləri Vaqner PMC düşərgəsinə hücum edib, nəticədə "çox sayda döyüşçü" həlak olub. O, buna görə “hərbi rəhbərliyi” günahlandırıb və cavab verəcəyini vəd edib. Daha sonra PMC-nin təsisçisinin mətbuat xidməti Priqojinin “cavab vermək” niyyətinin “hərbi çevriliş deyil, ədalət yürüşü” olduğunu açıqlayan bəyanatını yaydı.

Priqojin o günə qədər Putinə sadiq bir adam kimi tanınırdı. Onun birdən-birə Putinə qarşı baş qaldırşını çoxları tamaşa adlandırdı. Rusiya vətəndaş müharibəsinə hazırlaşarkən birdən-birə Priqojin dayandı və Putinlə “barışdı”. Birdən-birə yaranan bu düşmənçilik təbii qarşılanmırdı.

Bir çox ekspertlər hesab edirdilər ki, bu qiyam Putinin öz ssenarisidir və zamanı gələndə Priqojini aradan götürəcək. 
Məqsəd guya Putinə "tabe olmayan" rus əsgərini Belorus - Polşa sərhədinə göndərmək idi. Qərbin silahları, hər cür dəstəyi Ukraynaya Polşadan gəlirdi. Hətta Ukrayna taxılını da Polşa vasitəsilə çıxara biləcəkdi (Qara dəniz marşrutuna alternativ olaraq). Priqojini Belorusa Polşanı və Polşa üzərindən Qərbi şantaj eləmək üçün göndərmişdilər. Hazırda bir çox xarici KİV yazır ki, onun "üsyanı" da Rusiya kəşfiyyatının əməliyyatı - düşünülmüş, qurulmuş kombinasiya idi. Və səslənən iddiaların bir çoxu da bu yöndədir -  Putin Priqojini istifadə elədi, istifadə müddəti bitən kimi onu fiziki məhv etdi. Amma bunun doğruluğunu kimsə isbat edə bilmir. 

Nəhayət ki, avqustun 23-də Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfərin ölməsi xəbəri yayıldı. Təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus idi.  Təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olduğu təsdiq edildi.

 “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adları açıqlandı. “Vaqner” qrupunun bütün rəhbər komandası həmin təyyarədə idi. Qiyamdan sonra Priqojinin Afrikadan görüntüləri yayımlanmışdı. Lakin xarici ekspertlər buna da inanmırdılar. Bir çoxları Priqojinin bir neçə təyyarəsi olduğunu, onun başqa bir təyyarə ilə uçduğunu yazdılar.

Qəzaya uğramış təyyarənin gövdəsi bir, quyruğu başqa bir kənddə tapıldı. 3 ekipaj üzvünün bədənləri parça-parça tapıldı.
 
Bu qədər təsadüf ola bilərdimi? 

Priqojinin ölüm xəbərini bütün dünya gözləyirmiş. Heç kim Putinin onu bağışlayacağına inanmırdı. Bunu hətta siyasi etiketə uyğun olmasa da ABŞ prezidenti belə dilə gətirdi. “Nə baş verdiyini dəqiq bilmirəm, amma təccüblənmədim " – Bayden vurğulayıb.

Putin dəfələrlə ona xəyanət etmiş adamları əsla bağışlamadığını dilə gətirib. Maraqlıdır ki, dünən Priqojinin ölüm xəbərləri yayıldığı saatda Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində sovet qoşunlarının faşistlər üzərində qələbəsinin 80-ci ildönümü ilə bağlı keçirilən çox şən əhval-ruhiyyəsi ilə diqqət çəkib.

Priqojinin ölümün barədə dünya mətbuatı nə yazdı?

Amerikalı analitik İen Bremmer bildirib ki, Priqojinin ölümü Putinin sözü boş yerə demədiyini, qisasçı xarakterini göstərdi. “O tələsmədi, anı gözlədi, Priqojini ən zəif zamanında yaxaladı. Lukaşenko və Putin barışıq şərtlərini  imzalayanda Priqojinin sonu gəlmişdi. Məlum idi ki, o yer üzündə çox gəzməyəcək. Bu Putinə qarşı çıxmaq istəyən hər kəs üçün bir siqnal olmalıdır” deyə ekspert “Forbes”ə bildirib.

ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutu (ISW) əminliklə bildirib ki, Priqojinin ölüm əmrini Putin verib: “Sergey Şoyqu və ordu generalı Valeri Gerasimov Putinin əmri olmadan addım atmağa cürət etməzdilər”.

“Rıbar” teleqram kanalı isə bildirib ki, bir neçə gündür Moskva üzərində Ukraynaya dair  PUA-ların uçması xəbərləri fonunda Priqojinin təyyarəsinin vurulması  qəribə görünmür. “Fürsət güdülürmüş” deyə xəbərdə qeyd edilir.
“Forbes”ə müsahibə verən siyasi analitik Ceym Nulansa qeyd edib ki, Priqojinin ölüm faktı təsdiq edilsə belə bunu tələsik söyləmək ağlabatan deyil:

“Priqojinin ölmədiyini, baş verənlərin isə böyük tamaşanın növbəti səhnəsi olduğunu düşünməyə də əsas var. O başqa bir ad altında öz həyatını yaşayacaq. Bəlkə yenidən lazım oldu? Kim bilir”.

Siyasi fiqurların hər birinin çoxlu sayda oxşarlarının, dublyorlarının olduğu bir dövrdə yaşayırıq. Mümkündür. Bəyəm Priqojin doğrudan da lazımsız idi? Ən azından siyasi kuluarlarda qəssab və kanalizasiya rolunun öhdəsindən uğurla gəlirdi. Dərin dövlətdə isə belələrinin varlığı mühüm şərtdir.

Yaratdığı “trol agentliyi” ilə istədiyi kimi xəbərlərin yayılmasına nail olmaq çətin iş deyil. Ağacı gizlətmək üçün ən yaxşı yer meşədir. İnformasiya kirliliyi indi bu tamaşanın ssenaristlərinə ən çox lazım olan şeydir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11823
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar