Polis Tbilisidə keçirilən aksiyanı dağıdıb - VİDEO  - YENİLƏNİB
01 dekabr 2024 02:55 (UTC +04:00)

Polis Tbilisidə keçirilən aksiyanı dağıdıb - VİDEO - YENİLƏNİB

Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.

Lent.az xəbər verir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.

Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.

Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.

Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.

***

01:28

Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.

Lent.az xəbər verir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.

Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.

Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.

Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib. Qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.

O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.

Bundan başqa ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması, həmçinin Gürcüstanla Strateji Tərəfdaşlığa son verilməsi ilə bağlı bəyanat yayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, sabiq xarici işlər naziri, hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin, həmçinin ölkənin Bolqarıstan, Niderland Krallığı, Litvadakı səfirləri də istefa veriblər.

Gürcüstan parlamentinin binasında yanğın başlayıb. Gürcüstan parlamentinin binasındakı yanğın etirazçılar tərəfindən törədilib. Məlumata görə nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıblar. Nəticədə fişənglərdən biri pəncərəyə uçub, bundan sonra orada yanğın başlayıb.

Hadisələrin nəzarətdən çıxdığını görən polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb. Xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb. Etirazçılar polisə daş və pirotexniki vasitələr ataraq qarşılıq verir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar