53 il əvvəl müğənnini işgəncə ilə öldürən  polkovnik HƏBS OLUNDU
28 iyul 2026 11:05 (UTC +04:00)

53 il əvvəl müğənnini işgəncə ilə öldürən polkovnik HƏBS OLUNDU

0

Pinoçet hakimiyyəti dövründə polkovnik olmuş Nelson Haase Matsei 53 il əvvəl məşhur xalq musiqisi ifaçısı Viktor Haranın qətlinə görə həbs edilib.

Lent.az “The Guardian”a istinadla xəbər verir ki, Haase Matsei 2023-cü ildə Viktor Hara və daha bir şəxsin qətlinə görə istefada olan digər altı hərbçi ilə birlikdə qiyabi olaraq azadlıqdan məhrum edilib. Lakin o, Çili hakimiyyətindən gizlənib.

Çili polisi şənbə günü Haase Matseinin ölkənin cənubundakı Puyue kənd ərazisində saxlanıldığını açıqlayıb. Hakim onun dərhal həbsxanaya göndərilməsi barədə qərar qəbul edib. 2023-cü ildə çıxarılan hökmə əsasən, keçmiş polkovnik 25 il müddətinə azadlıqdan məhrum olunub.

Müğənni və solçu fəal Viktor Hara 1973-cü il sentyabrın 11-də Çilinin paytaxtı Santyaqoda həbs olunub. Bu, general Auqusto Pinoçetin sosialist prezident Salvador Alyendeni devirmək məqsədilə həyata keçirdiyi qanlı hərbi çevrilişdən sonrakı gün baş verib.

Hara minlərlə insanla birlikdə Santyaqonun mərkəzində yerləşən qapalı stadionda saxlanılıb. Dörd gün sonra o, Alyende hökuməti dövründə həbsxanalar idarəsinin rəhbəri olmuş Littre Kiroqa ilə birlikdə stadionun soyunub-geyinmə otağında qətlə yetirilib.

Məlumata görə, Hara stadionda işgəncələrə və alçaldıcı rəftara məruz qalıb. Onun əlləri sındırılıb, kəllə sümüyü zədələnib, daha sonra isə avtomat silahdan atəş açılaraq öldürülüb. Müğənninin cəsədi Santyaqonun əsas qəbiristanlığının yaxınlığında aşkarlanıb. Onun bədənində 44 güllə yarası və 56 sümük sınığı müəyyən edilib. Hara öldürülərkən 40 yaşında olub.

Littre Kiroqanın cəsədi də eyni vaxtda tapılıb. Onun bədəninə 23 güllə vurulduğu bildirilib.

Təxminən yarım əsr davam edən məhkəmə prosesindən sonra 2023-cü ilin avqustunda yeddi istefada olan hərbçi qətllərdə təqsirli bilinib və müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Haase Matsei uzun illər hadisə zamanı stadionda olmadığını iddia edib. Lakin məhkəmədə verilən ifadələr onun hadisə yerində olduğunu göstərib.

Haase Matsei 1972-ci ildə Çili ordusunun adı repressiyalarla hallanan “Tejas Verdes” briqadasına qoşulub. Daha sonra Pinoçetin DINA adlı gizli polis təşkilatında fəaliyyət göstərib. O, qurumun rəhbəri Manuel Kontrerasla yaxından əməkdaşlıq edib. İnsanlığa qarşı cinayətlərdə təqsirli bilinən Kontreras ölümündən əvvəl ümumilikdə 500 ildən çox həbs cəzasına məhkum olunub.

Haase Matsei ilə birlikdə 86 yaşlı Hernan Çakon da məhkum edilib. Polis 2023-cü ildə onu Santyaqodakı evində həbs etməyə gəldikdə Çakon dərman qəbul etmək üçün vaxt istəyib, daha sonra qonşu otağa keçərək intihar edib.

Qətldə təqsirli bilinən digər keçmiş hərbçi Pedro Barrientos 1989-cu ildə Çilidən ABŞ-a gedib. O, 2023-cü ilin dekabrında Çiliyə deportasiya edilib. Keçmiş hərbçilərdən biri ifadəsində Barrientosun tapançasını göstərərək Viktor Haranı həmin silahla öldürdüyünü söylədiyini bildirib.

Barrientos ABŞ-da adi yol sənədləri yoxlanışı zamanı saxlanılıb. O, törətdiyi cinayətlərə görə deyil, ABŞ vətəndaşlığı üçün müraciət edərkən hərbi keçmişini gizlətdiyi üçün vətəndaşlıqdan məhrum olunub.

Viktor Haranın həyat yoldaşı Coan Hara 96 yaşında vəfat edib. Onun ölümü Barrientosun mühakimə olunmaq üçün Çiliyə qaytarılmasından bir neçə həftə əvvəl baş verib.

Haase Matseinin vəkilləri onun Çilinin cənubundakı Osorno şəhərinin həbsxanasından Santyaqonun şimalında yerləşən Punta Peuko həbsxanasına köçürülməsini tələb ediblər. Həmin həbsxana Pinoçet dövründə insan hüquqlarını pozan şəxslərin saxlanılması üçün inşa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar