Bəşər Əsəd
11 sentyabr 2023 16:36 (UTC +04:00)

Bəşər Əsəd

Ölkəsini kor qoyan göz həkimi- Qan içindəki müqəddəs

0

Lent.az “Mister prezident” layihəsində növbəti yazını təqdim edir. Bu dəfə Suriya lideri Bəşər Əsəddən söz açacağıq.

Onun haqqında kifayət qədər təzadlı fikirlər səslənir. Hakimiyyət naminə öz xalqını qan gölündə boğan, Rusiyanın əlalıtısı və dövlətini ayaq üstə saxlamaq üçün var gücü ilə çarpışan lider də deyirlər.

Qəribədir, Suriyanın taleyi 2001-ci il sentyabrın 11-də  ABŞ-da baş vermiş terror hadisələrindən sonra dəyişdi. Amerika düşmənini şərq ölkələrində, o cümlədən Suriyada axtardı, əlinə bəhanə keçmişkəm bir çox müsəlman ölkələrinə müharibə meydanına çevirdi. “Ərəb baharı” fırtınası Suriyadan da keçdi. Suriyaya 20 ildən çox rəhbərlik etmiş Bəşər Əsədin də doğum günü 11 sentyabrdır. Bu bir təsadüf idimi? Bəlkə də təsadüfdən çox gizli mesaj idi. O mesaj ki, bunu yalnız müharibələri törədənlər və böyük oyunun iştirakçıları oxuya bilirlər.

Bəşər Əsəd 1965-ci il 11 sentyabrda Dəməşqdə, müdafiə naziri Hafiz Əsədin ailəsində göz açıb. 1970-ci ildə atası Hafiz Əsəd dövlət çevrilişi edərək, hakimiyyətə gəlib. 

Onun Buşra adlı bir bacısı, Basel, Mahir və Məcid adlı qardaşları var idi. Mahir Əsəd ərəb dünyasında özünün dəlisov xarakteri ilə tanınır. Nüfuzuna görə, Suriyada ikinci adam sayılır. Onun adı ətrafında qalmaqallar səngimir. Livan lideri Rafiq Həririni ölümünü təhqiq edən komissiyanın rəyində bu qətlin sifarişçisi kimi Mahirin adı çəkilir. Əlbəttə bu Bəşərdən xəbərsiz edilməmişdi. Ən kiçik qardaşı Məcidin adı narkobizneslə əlaqələrdə hallanır. Onu həm də “ana uşağı” adlandırırlar. 

Atası özündən sonra Baseli prezident görmək istəyirdi. Lakin Basel gözlənilmədən qəzaya düşüb həlak olur, ata gözünü ikinci oğluna dikir. O zamana qədər Bəşər (ərəbcə Bəşşər) ölkəsində tibb universitetini fərqlənmə diplomu ilə başa vurub, oftalmoloq kimi Britaniyada özünü təkmilləşdirmişdi. O hətta xüsusi münasibət görməmək üçün Britaniyada başqa ad altında  oxuyur və işləyirdi.

1988-ci ildə Universiteti bitirən Bəşər Dəməşqdə yerləşən “Tişrin” hərbi hospitalında göz həkimi işləməyə başlayıb. Vətənə qayıdan sonra Bəşər atasının istəyi ilə Homs şəhərindəki hərbi akademiyaya qəbul olunur və dərhal Respublika Qvardiyasının kapitanı rütbəsini alıb. 1996-cı ildə mayor, 1997-ci polkovnik-leytenant, 1999-cu ildə polkovnik rütbəsini alıb. Bəşər Əsədin apardığı antikorrupsiya tədbirləri nəticəsində korrupsiyada ittiham olunan Nazirlər Kabinetinin sədri Mahmud -əz-Zoabi 2000-ci ildə özünü kabinetdə güllələyir, o, öz əmisi oğluna da güzəşt etmir, onun şirkətini də bağlatdırır.

Yaxşı işləri də olub. Məsələn, onun səyləri nəticəsində 1998-ci ilin sonunda Suriyada internet, 2000-ci ildən isə mobil telefonlar işləməyə başlayıb. Amma bütün bunlar milyonlarla insanın yuvasının dağılması, yalınayaq ölkədən qaçması fonunda cüzi nailiyyətlərdir.

10 iyun 2000-ci ildə Hafiz Əsəd vəfat edir. Həmin gün parlament prezidentlik üçün lazım olan yaş həddini tələsik 40-dan 34-ə salır. 11 iyunda prezident səlahiyyətlərini icra edən Həddam Bəşərə general-leytenant rütbəsi verir və onu ali baş komandan təyin edir. İyulun 10-da referendum nəticəsində Bəşər Əsəd 92,29 faiz səslə Suriya prezidenti seçilir. Və o gündən sonra onun taxtdan salmaq imkansız olur.

2005-ci ildə Livanda keçmiş prezident, Bəşər Əsədin düşməni Həriri öldürüldü. Dünya mətbuatı bu işdə Əsədin əli olduğunu yazdı. 2005-ci ildən Bəşər Əsədin Rusiya ilə siyasi münasibətləri xüsusilə “mehribanlaşdı” Onun Rusiyaya səfəri ilə ölkəsinin borclarının 75 faizi silindi. Təbii ki, bu silinmə Suriyanın boynuna müəyyən yüklər və məsuliyyət yüklədi. Tərəflər bir-birinin qoruyucusuna, sıx tərəfdaşına çevrildilər. 2017-ci ildə Bəşər Əsədi ölümün cəngindən də rus həkimlər xilas etdilər. O, həm zəhərlənmiş, həm də insult keçirmişdi.

2011-ci ildən Suriyada siyasi islahatlar tələbi ilə mitinqlər başladı. Özünü Türkiyənin və Amerikanın düşməni kimi aparan Bəşər Əsədin hakimiyyətdə qalmasını Putin dəstəklədi və bu gün də dəstəkləyir. Siyasi kuluarlarda Bəşərin adı Putinin uşağı, Putinin nökəri kimi də hallanır.

Bəşər Əsədin ordusunun çox hissəsini Türkiyəyə siyasi düşüncəsinə görə düşmən olan kürdlər təşkil edirlər. O dəfələrlə bildirib ki, ordusu vuruşmasa Suriya yenidən Osmanlının vassalına çevriləcək.

Bəşərin həyat yoldaşı Əsma Suriya tarixində göz önündə olmuş ilk birinci xanımdır.

Əsmanın anası Suriyanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi, atası isə Kardioloji Mərkəzin aparıcı məsləhətçisi olub. Əsma Londonda doğulub və boya – başa çatıb. Baletlə məşğul olub. Londonda Kral kollecini bitirən Əsma kompüter elmləri və fransız ədəbiyyatı üzrə diplom alıb, ərəb, ingilis, ispan və fransız dillərini sərbəst bilir. Evlənərkən onun 20, Bəşərin 31 yaşı var idi.

Bəşər Əsədin toyu 2000-ci ildə olub. Əsmanın gəlişi ilə Suriyada qadınların həyatında xeyli dəyişiklik oldu. Suriyalılar prezidentin xanımını ilk dəfə 2001-ci ildə gördülər. Bəşər Əsəd Bolqarıstan prezidentini qarşılayarkən həyat yoldaşı ilə gəlmiş, Əsmanın geyimi suriyalıları xeyli təəccübləndirmişdi. 2008-ci ildə Əsma Əsəd ərəb dünyasının birinci ledisi elan edilib. Ərəblərin hamısı üçün bu keçərlidirmi? Çətin.

 Bəşər Əsədin üç uşağı – iki oğlu və bir qızı var. Prezident hansı ölkəyə rəsmi görüşə gedirsə, xanımı və uşaqlarını özü ilə aparır. Deyilənə görə, Suriya əhalisi prezidenti və uşaqlarını küçədə gəzərkən, restoranda oturarkən görə bilir. Hərçənd  bu milyonlarla vətəndaşı qaçqın həyatı yaşayan, xarabaya çevrilmiş bir ölkənin liderinə demokrat görüntüsü vermək cəhdindən başqa bir şey deyil.

2020-ci ildə Suriyanın ən varlı şəxslərindən biri - ölkənin ən böyük GSM operatoru olan “SyriaTel”in sahibi Rami Mahluf sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, Suriya prezidenti Bəşər Əsədin göstərişi ilə onun əmlakını əlindən alırlar. Mahluf Əsədin doğma dayısı oğlu idi. O, öz qohumunun mülkünə Rusiyanın tələbi ilə əl qoymuşdu.

Mahlufun hədəfə çevrilməsinin səbəbi kimi Rusiya göstərilir. Rusiya Suriyadan alacağı milyardlarla dollardan bir hissəsini - 3 milyard dolları təcili ödəməyi tələb edib. Ancaq, Əsəd bu vəsaiti ödəyə bilmək üçün vaxt istəyib. Rusiya tərəfi isə Mahlufa məxsus 3 milyard dollardan çox aktivinin olduğunu xatırladıb.

Ərəb Bəşər o qədər ruslaşıb, xristianlaşıb ki, ona Müdrik Yaroslav ordeni, Ermənistanın Müqəddəs Qriqori ordeni verilib.

Ölkəsini qan gölündə boğan, hakimiyyəti göz yaşları üstə qurulmuş bu lider öz şəklini milli pul vahidlərinin üzərinə də döydürüb.

Tarixçilər isə Bəşər Əsədin hakimiyyəti illərində Suryanın özünün ən pis illərini yaşadığını deyirlər. Hər nə qədər Bəşər başını qumda gizlədib ətraf aləmi görmürmüş kimi eləsə də. Göz həkimi hakimiyyət uğuruna Suriyanı kor etdi. Buna vətən sevgisi demək olardımı? Axı sevmək bəzən də öz arzularını qurban verməkdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7062

Oxşar yazılar