Dünyada ölülərin dəfni ilə bağlı bir çox rituallar var.
Lent.az-ın məlumatına görə, Amerikada fəaliyyətə başlamış bir şirkət isə bu günə qədər mövcud olan bütün ayin və mərasimlərdən daha faydalı bir üsul təklif edir - bu ölən adamın ağaca çevrilməsi metodudur.
Bu metod təbiətin qorunması üçün də xeyli faydalıdır. Sözügedən dəfn üsuluna əsasən, xüsusi materiallardan hazırlanmış, meyit tez çürüyərək torpağa qarışmasına səbəb olan və özü də torpaq üçün faydalı maddəyə çevrilən xüsusi kapsulun içərisinə yerləşdirilir. Daha sonra üzərinə bir neçə ağac toxumu səpilir. Əgər ölən şəxs yandırılıbsa, onun külü də toxumla bərabər kapsula qoyulur. Az müddət sonra çürüyüb torpağa qarışan kapsulun basdırıldığı yerdən bir ağac fidanı boy atmağa başlayır.
Bu layihə insanların tabut üçün ağac kəsməsinin qarşısını ala, ürküdücü soyuq məzarlar yerinə yer kürəsini böyük yaşıllıq zonaları bürüyə bilər. Üstəlik insanlar doğmalarının xatirəsini daşıyan ağaclara da xüsusi qayğı ilə yanaşacaqlar. İnsan öləcək, ömrünü ağaclara verəcək. Yer üzündə yaşıllıqların sayı artacaq və ekoloji mühit sağlamlaşacaq.
Bu cür dəfn üsulundan istifadə üçün sifarişlərin sayı getdikcə artır.