Yuri Andropov
09 fevral 2021 18:43 (UTC +04:00)

Yuri Andropov

O, dövlət başçısı kimi məhz Heydər Əliyevi görürdü – TARİX

Bu gün SSRİ-ə rəhbərlik etmiş 7 nəfərdən biri Yuri Vladimiroivç Andropovun vəfatından 37 il keçir. 15 ay SSRİ-ə rəhbərlik etmiş şəxs sərt nizam-intizam tərəfdarı kimi yaddaşlarda qalmışdı. Brejnevin durğunluq illərindən sonra məhz onun hakimiyyəti dönəmində sovetlər ölkəsində bütün sahələrdə canlanma əmələ gəlmişdi.

 

Yuri Andropov 1914-cü il iyunun 15-də Stavropol quberniyasında anadan olmuşdu. Gənc yaşlarında əvvəl komsomol, sonra partiya xəttiylə vəzifə pillələrində irəliləyən Andropov 1951-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilir. 1953-cü ildə Macarıstana SSRİ səfiri göndərilir və 1956-cı ildə, məhz onun birbaşa iştirakı ilə ölkəyə sovet qoşunları daxil olur. Öz “funksiyasını” yerinə yetirdikdən sonra Moskvaya geri çağırılır və Mərkəzi Komitədə şöbə müdiri təyin edilir.

1967-ci ildə partiya fəaliyyətindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir. Öz fəaliyyətini o, əsasən, antisovet və dissident hərəkatına, sosialist əmlakının dağıdanlara, korrupsionerlərə qarşı mübarizəyə həsr edir.

1976-cı il 10 sentyabrda ona ordu generalı hərbi rütbəsi verilir. Mixail Suslovun vəfatından sonra, Andropov 1982-ci ilin 24 mayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri postundan Sov.İKP MK-nın katibi vəzifəsinə keçirilir. 1982-ci ilin 12 noyabrında Andropov Sov.İKP MK-nın Plenumunda MK-nın Baş Katibi, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilir.

 

Andropov rəhbərliyi dövründə ölkədəki sosial-iqtisadi problemlərin həllinə ciddi diqqət yetirməyə başlayır. Ancaq, bunun üçün islahatlar ancaq əmək intizamının möhkəmlənməsi ilə bitir, o, sovet siyasi sisteminin əsaslarına toxunmur. Yuri Andropov 9 fevral 1984-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edir.

 

***  

 

...1969-cu ildə Kreml Azərbaycan KP MK–nın I katibi Vəli Axundovun istefaya göndərmək qərarına gəlir. Onun yerinə qoyulacaq şəxsi Sov. KP MK-nın I katibi Brejnev özü həll etməli idi. 1967-ci ilədək Bakıda  DTK-nın sədri işləmiş, Brejnevin yaxın dost Seymon Sviqun Heydər Əliyevi çox yaxşı tanıyırdı. Məhz Sviqun Heydər Əliyevin Azərbaycanda partiya işinə irəli çəkilməsini məsləhət görür və Andropov da qətiyyətlə bu fikri müdafiə edir.

 

***  

 

1982-ci il noyabrın 24-də Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin olunur. Heydər Əliyevin Moskvadakı fəaliyyəti daha geniş, ümumittifaq və ümumdünya miqyasında əhatə edirdi. Qərb tarixçiləri Heydər Əliyev, Yuri Andropov və Dmitri Ustinovu sovet siyasətinin həyata keçirilməsində “triumvirat” da adlandırılır. Onu dünyanın fövqəldövlətlərindən birinin rəhbəri kimi dəyərləndirirdilər.

 

Bəzi ekspertlərin fikrincə, Andropov vəfat etdikdən sonra, Heydər Əliyevin Sov. İKP MK-nin Baş katibi seçilməsi və Tixonovdan sonra baş nazir təyin edilməsinə qafqazlı və müsəlman olması mane olur.

 

Bir maraqlı fakt; Rusiyanın Praqadakı Mədəniyyət və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin vaxtıyla Facebook səhifəsindəki bir paylaşım etmişdi: “Maraqlıdır, nəyə görə Heydər Əliyevin məhz sovet tarixində rolu barədə susurlar? Axı Heydər Əliyevin sovet nomenklaturuna daxil olan müasirlərinin çoxunun fikrincə, Y.V.Andropov özündən sonra M.S.Qorbaçovu deyil, məhz Heydər Əliyevi dövlət başçısı kimi görürdü. Y.Andropov planlaşdırırdı ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri olacaq, onun hakimiyyət səlahiyyətləri xeyli genişlənəcək. Azərbaycanlı siyasi xadimin irəliləməsində fasilə yalnız Baş katibin vaxtsız vəfatı nəticəsində yarandı.  Heydər Əliyevin Moskvada hansı məsələlərə cavabdeh olduğunu, onun hakimiyyətdə olduğu qısa müddətdə nələr etməyə macal tapdığını xatırlasaq, o, Sovet İttifaqının ən görkəmli rəhbərləri ilə bir sırada dayanır. Andropovun həyata keçirdiyi modernləşmə prosesinin liderlərindən biri olan Heydər Əliyev “Xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi tədbirləri haqqında” 1983-cü il 18 avqust tarixli qərarın işlənib hazırlanmasında fəal iştirak edib. Xatırlatmalıyıq ki, Sov.İKP MK 12 ilə yaxın müddətdə elmi-texniki siyasət məsələlərinə dair özünün plenumunu keçirməyə çalışırdı, lakin bu plenumu keçirməmişdi. Buna görə ən kəskin məsələləri SSRİ Nazirlər Soveti vasitəsilə həll etmək lazım gəlirdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 12 nazirliyə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət, təhsil sahələrinə kuratorluq edirdi. 1984-cü ildən o, SSRİ Nazirlər Sovetinin Məktəb İslahatı üzrə Komissiyasına, Operativ Məsələlər üzrə Komissiyasına rəhbərlik edirdi. 1986-cı ildən SSRİ Nazirlər Sovetinin Sosial inkişaf üzrə Bürosunun sədri idi...

Onu da demək istərdim ki, Heydər Əliyev Moskvaya işləməyə gələrkən Azərbaycandan yalnız iki nəfəri – mühafizə xidmətinin rəisini və şəxsi aşpazını gətirdi. Bütün qalan işçilər, hətta onun şəxsi katibliyi də moskvalı kadrlardan formalaşdırıldı”.

# 11997
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar