Pomidor – dadına görə milyonlarla insanın yayı səbirsizliklə gözləməsinə səbəb olan tərəvəzdir. Amma dadlı olmaqla yanaşı, pomidor həm də olduqca faydalıdır, çünki kalium və C vitamini ilə zəngindir.
Lent.az xarici mediaya istinadla bildirirki, bundan əlavə, ürək sağlamlığını qoruyan və xərçəng riskini azalda bilən güclü antioksidantlar da pomidorda mövcuddur.
Ürək sağlamlığını dəstəkləyir
Orta ölçülü bir pomidor təxminən bir banan qədər kalium ehtiva edir. Kalium və natrium ürəyin normal işləməsi üçün həyati əhəmiyyətli elektrolitlərdir – onlar ürək əzələlərinin daralmasını və boşalmasını təmin edir.
Kalium damarların genişlənməsinə kömək edir. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün pomidorda olan kalium, lif və likopin çox faydalıdır. Tədqiqatlar göstərir ki, likopin ürək-damar xəstəlikləri və erkən ölüm riskini azalda bilər.
İdmandan sonra bədəni bərpa edir
Pomidorda olan kalium, natrium, maqnezium və flüor əzələ ağrısı və yorğunluğu azalda bilər. Xüsusilə maqnezium əzələlərin daralmasında mühüm rol oynayır. Buna görə də idmandan əvvəl və ya sonra pomidor yemək maqnezium ehtiyatını bərpa etməyə kömək edir.
Pomidorun su ilə zəngin olması isə bədənin nəmlənməsinə dəstək verir.
Bundan başqa, C vitamini iltihabəleyhinə təsirə malikdir və idman sonrası bərpanı sürətləndirə bilər.
Demensiyaya (ağıl zəifliyi) qarşı qoruyur
Bir araşdırmaya görə, kaliumu çox, natriumu az qəbul edən insanlar daha yaxşı zehni funksiyalara malik olurlar. Başqa bir tədqiqat isə karotinoidlərin – yəni tərəvəzlərə rəng verən antioksidantların – uzunmüddətli beyin sağlamlığına təsirini öyrənmişdir. Xüsusilə bişmiş pomidorda olan lutein və zeaksantin maddələri demensiya riskini azalda bilər.
Qan şəkərinin səviyyəsini balansda saxlayır
Pomidorun qlikemik indeksi aşağıdır, yəni qan şəkərini sürətlə artırmır. Ona görə də diabetiklər üçün ideal qəlyanaltıdır. Pomidordakı lif maddələri qan şəkərini tənzimləməyə və bağırsaq fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Pomidor və sitrus meyvələrində olan narinqenin adlı polifenol isə diabetə qarşı qoruyucu təsirə malik ola bilər. Bu təsirlər əsasən heyvanlar üzərində tədqiq olunub, amma alimlər insanlarda da oxşar nəticələrə ümid edirlər.
Dəri, saç və dırnaqları gücləndirir
Pomidorda olan xlorogen turşusu kolagen istehsalını stimullaşdırır. C və A vitaminləri isə dərinin görünüşünü yaxşılaşdırır, saçları və dırnaqları gücləndirir. Diqqətəlayiqdir ki, bəzi antioksidantlar – likopin, lutein və zeaksantin – pomidor bişiriləndə daha yaxşı mənimsənilir.
Bu maddələr sərbəst radikallarla mübarizə aparır – bu radikallar hüceyrələrə zərər verir və xərçəng riskini artırır. Çiy pomidor həm də flüor, fol turşusu, A vitamini, K vitamini və beta-karotin ehtiva edir.