Rusiyada səs-küylü qətlin üstü açılıb.
Lent.az Rusiya Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, arvadının itkin düşməsi ilə bağlı polisə müraciət edən məmurun həyat yoldaşını özü öldürdüyü məlum olub.
İstintaq materiallarına görə, “Qida Kombinatı”nın direktoru, Novokuznetsk şəhərinin keçmiş rəhbəri Aleksandr Popov ötən il avqustun 31-də həyat yoldaşı Kseniyanın itkin düşməsi ilə bağlı polisə müraciət edib.
O, həyat yoldaşının tətil üçün Dubaya getdiyini söyləyib: “Üç ay sonra Kseniya instaqramda mənə Afrikaya səfər etməsi ilə bağlı dəvət aldığını yazdı. Lakin o, sonradan Cənubi Afrikanın Kimberli şəhəri yaxınlığındakı koronavirus xəstəxanasında olduğunu bildirdi”.
Müstəntiqlər bir sıra istintaq hərəkətlərindən sonra Kseniya Popovanın Rusiya sərhədlərini keçmədiyini aşkar ediblər. O, hətta Dubaya bilet belə almayıb. Dostları və qohumları da bundan xəbərsiz olub. Üstəlik, qadının mobil telefonuna zəng çatmayıb.
Qonşular ifadələrində Aleksandrın bir neçə gün evdən çölə iri zibil torbaları çıxardığının şahidi olublar. Ortaya qoyulan sübutlar Popovu etiraf etməyə məcbur edib. Kişi arvadını mübahisə zəminində öldürdüyünü deyib. Məlum olub ki, o, arvadının meyitini bir neçə gün ərzində hissələrə bölərək parçalarını çaya atıb.
Aleksandr Popov