İsrail HƏMAS-a qarşı əməliyyatlar çərçivəsində gecə ərzində Qəzza zolağına ikinci məhdud müdaxilə üçün tank və əsgər göndərib.
Lent.az “Times of İsrael”ə istinadla bildirir ki, Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsi yaxınlığındakı reyd piyada, döyüş mühəndisliyi, eləcə də zirehli qüvvələr tərəfindən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar və döyüş helikopterləri tərəfindən həyata keçirilib.
İsrail Müdafiə Nazirliyi bildirir ki, HƏMAS qruplaşmasına aid obyektlərə, o cümlədən tank əleyhinə idarə olunan raket buraxılış məntəqələri, eləcə də komanda mərkəzlərinə artilleriya və hava zərbələri endirilib.
Bir neçə Həmas üzvü də qüvvələr tərəfindən vurulub. Bütün İsrail qüvvələri bir neçə saatdan sonra ərazini tərk edib, xəsarət alanların olmadığı bildirilir.
Əməliyyat ardıcıl ikinci gecədir ki keçirilir. İsrail qüvvələri gözlənilən tam qurudan hücumdan əvvəl qısa müddətə Qəzza zolağına daxil olur.