Ağ Ev X sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.
Lent.az xəbər verir ki, Trampın namizədliyini dəstəkləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da var.
Donald Tramp dəfələrlə beynəlxalq arenada sülhün qorunmasında xidmətlərini vurğulayıb. O, Ruanda və Konqo Demokratik Respublikası arasındakı münaqişələrin dayandırılmasına, Hindistan və Pakistan arasındakı gərginliyin azaldılmasına, həmçinin Serbiya və Kosovo arasındakı münasibətlərin tənzimlənməsinə töhfə verdiyini hesab edir.
Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü 8 avqustda Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı dəstəklənib. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan prezident Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib, bundan sonra Azərbaycan prezidenti İlham Əliyev Trampın bu mükafata namizədliyinin irəli sürülməsini təklif edib.
Nobel Sülh Mükafatı sülhün möhkəmləndirilməsinə görkəmli töhfə verən fiziki şəxslərə və təşkilatlara verilir.
Bu il mükafatın məbləği 11 milyon İsveç kronu olacaq ki, bu da təxminən 1,19 milyon ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən dünya liderlərinin siyahısı aşağıdakı kimidir:
▪️ Azərbaycanın prezidenti İlham Əliyev
▪️ Ermənistanın baş naziri Nikol Paşinyan
▪️ Kambocanın baş naziri Hun Manet
▪️ Qabon prezidenti Brice Oligui Nguema
▪️ İsrailin baş naziri Binyamin Netanyahu
▪️ Pakistan hökuməti
▪️ Ruandanın xarici işlər naziri Olivier Nduhungirehe