Şənbə günü Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar.
Lent.az-ın PTI agentliyinə istinadən verdiyi məlumata görə, hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sıkkım ştatının Çinlə sərhədində baş verib.
Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.
İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.
Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.