Fransanın “qəzəblənməsi” regiondakı yerini itirməsi ilə bağlıdır
17 noyabr 2022 17:00 (UTC +04:00)

Fransanın “qəzəblənməsi” regiondakı yerini itirməsi ilə bağlıdır

Bir neçə gün öncə  Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsi qəbul olunub. Bu qətnamənin qəbulu ilə rəsmi Paris 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında davam etmiş münaqişənin həllində dəstək olmaq adı altında təmsil  olunduğu ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz missiyasının ardında başqa niyyətlərin dayandığını sərgiləmiş oldu.  

Bu barədə açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib ki, əslində rəsmi Bakı ilə rəsmi Parisin münasibətlərində siyasi düzənin pozulmamasına Azərbaycan daha ciddi riayət edən tərəf olub:

“Azərbaycan və Fransanın 30 il ərzində birgə keçdiyi yola diqqət yetirərkən görünən bir çox nüanslar yuxarıda qeyd etdiklərimizi təsdiqləyir. Belə ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi 1992-ci ildə Türkiyədən sonra Bakıda diplomatik nümayəndəlik açmış ikinci dövlət olub. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnamənin lehinə səs verən ölkə olub. İki dövləti bir-birinə “məcburi” yaxın edən amil məhz Dağlıq Qarabağ münaqişənin aktiv fazaya keçməsi və Ermənistan azərbaycan arasında olan münaqişə üzrə vasitəçilik təşəbbüslərinin beynəlxalqlaşması prosesinin ilk günlərindən etibarən Fransa Azərbaycan və Ermənistan arasında bu və ya digər formada vasitəçilik etməyə çalışıb. 1992-ci ildə ATƏM (daha sonralar ATƏT) çərçivəsində vasitəçilik üçün Fransaya ilk fürsət tanınıb. Daha sonra Fransanın statusu ATƏT strukturunda daha da möhkəmlənib və Minsk Qrupunun həmsədr dövlətlərindən birinə çevrilib. Onu da vurğulayaq ki, Fransa bu missiyada eyni zamanda, Avropa Birliyində təmsil edib”.

V.Hüseynli onu da qeyd etdi ki, Azərbaycan-Fransa münasibətlərinin uzun illər dinamik şəkildə müsbət yöndə inkişaf etməsinə baxmayaraq, İkinci Qarabağ Müharibəsinin başlaması ilə ölkələr arasında diplomatik böhran yaşandı. Fransanın Avropa və Xarici İşlər Nazirliyi bir çox dövlət kimi təmas xəttində atəşkəsin pozulmasını pisləyib neytral bəyanat versə də daha sonra prezident Makron Riqa və Brüsseldə verdiyi açıqlamalarda Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə kəskin tənqid etdi. Elə rəsmi Parisin bütün “iddiaları”da məhz burdan yol götürməyə başladı: “İkinci Qarabağ savaşının Rusiyanın vasitəçiliyi ilə bitməsi, eyni zamanda Türkiyənin 44 gündə oynadığı rol, Fransanın regional rolundakı siyasi aktivinə ciddi zərbə vurmuş oldu. Minsk Qrupunu  30 ilə yaxın sürünməsindən sonra ömrünü başa vurması və Fransanın iki geosiyasi rəqibi sayılan  – Rusiya və Türkiyənin , müəllifləri olduğu yeni siyasi konfiqurasiyada rəsmi Parisin yer almaması  Makron hakimiyyətinin  iflasını elan etmiş oldu. Qısacası, vaxtilə Azərbaycan-Ermənistan münaqişəsi üzərində “aparıcı rola” malik üç dövlətdən biri olmuş Fransa yeni yaranmış konfiqurasiyada heç ilk üçlüyə daxil ola bilməmi rəsmi Parisin siyasi qan itirməsi kimi dəyərləndirilə bilər”.

Ekspertin fikrinə  regionda yaranmış konfiqurasiyada təmsil olunmayan rəsmi Paris məhz bundan sonra əsl simasını göstərməyə başladı ki, bu da Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzarət zonasına səfəri etməsi, mütəmadi olaraq, istər prezident Makron səviyyəsində, istərsədə senat üzvləri səviyyəsində  verilən açıqlamalar,  Azərbaycana qarşı səsləndirilən əks fikirlərlə müşahidə olundu və bu davam edir. Ümumi geosiyasi sistemə nəzər saldıqda  isə dediklərimiz bir daha təsdiqini tapır. Fransa öz siyasi aktyorluğunu, çəkisini göstərmək üçün heç tanımadığı ərazilərdə  rəsmi olaraq Azərbaycan-Ermənistan münaqişəsindən əlavə Avrasiya regionunda Gürcüstan-Rusiya və Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsində də “vasitəçi” rolunda iştirak edir və Qarabağda eyni mövqeyi itirdiyi üçn, yeni situasiyada rəsmi Parisin rolu olmadığından Azərbaycana və bu yolda Azərbaycanı dəstəkləyən Türkiyəyə “qəzəblidir”. Fransa Azərbaycanın “Zəngəzur dəhlizi” kimi geosiyasi layihələrinə qarşı çıxır, Azərbaycanın münaqişə ilə bağlı mövqeyini – yəni, “münaqişə başa çatıb”, “Dağlıq Qarabağın statusu müzakirə məsələsi deyil”, qəbul etmir.  Ancaq unudur ki, nə Azərbaycan, nədə dünya ictimaiyyəti Fransanın Afrika, Ərəb ölkələri, Vyetnamda və s ərazilərdə etdiyi qətliamları unutmayıb. Sadəcə rəsmi Parisin özünə gəlməsi üçün bu kimi faktları xatırlatmaq zəruridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar