İndoneziyanın Qərbi Yava bölgəsində yerləşən müqəddəs Qununq Padanq dağı bir neçə il əvvəl alimlərin diqqət mərkəzinə çevrilmişdi. Bəzi tədqiqatçılar bu dağın altında Misir piramidalarından daha qədim bir tikilinin gizləndiyini iddia etmişdilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2023-cü ildə "Archaeological Prospection" jurnalında dərc olunan məqalədə Qununq Padanqın bəzi qatlarının 25 min il əvvələ aid ola biləcəyi irəli sürülmüşdü.
Tədqiqatçılar daş terrasların altında nə olduğunu öyrənmək üçün georadar, seysmik tomoqrafiya, qazma nüvələrinin analizi, xəndək qazıntıları və üzvi torpaq nümunələrinin radiokarbon üsulu ilə tarixləndirilməsi metodlarından istifadə ediblər.
Məqalədə obyekt çoxqatlı quruluş kimi təsvir olunurdu. Müəlliflər hesab edirdilər ki, tikilinin nüvəsini andezit lavasından ibarət iri təbəqələr təşkil edir. Onların fikrincə, bu hissə əvvəlcə təbii lava təpəsi olub, daha sonra isə yenidən formalaşdırılaraq sonrakı dövrlərdə tikilmiş konstruksiyalarla örtülüb. Tədqiqatçılar həmçinin tikilinin ən qədim hissəsinin son buzlaşma dövrünə aid ola biləcəyini ehtimal edirdilər.
Məhz bu iddia elmi ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Əgər Qununq Padanq həqiqətən 25 min il əvvəl insanlar tərəfindən inşa edilibsə, bu, monumental tikililərin yaranma tarixini qəbul olunmuş xronologiyadan xeyli geriyə aparmış olardı. Məqalə müəllifləri bunu əkinçiliyin yaranmasından əvvəl inkişaf etmiş daşyonma bacarıqlarının mövcudluğuna dəlil kimi qiymətləndirirdilər.
Lakin bir çox arxeoloqlar bu nəticələri mübahisələndiriblər. Mütəxəssislər bildirirlər ki, radiokarbon analizləri üzvi materialın yaşını müəyyən etsə də, bu, tikilinin məhz həmin dövrdə inşa edildiyini sübut etmir. Çünki tikilinin altındakı torpaq qatları tikilinin özündən daha qədim ola bilər.
Tənqidçilərin sözlərinə görə, köhnə torpaq nümunələrində insan fəaliyyətinə dair açıq izlər, kömür qalıqları, sümük parçaları, alətlər və ya digər artefaktlar aşkar edilməyib.
Kardiff Universitetinin arxeoloqu Flint Dibbl bildirib ki, təqdim olunan məlumatlar məqalənin əsas nəticəsini dəstəkləmir. O, həmçinin qeyd edib ki, yamac boyunca aşağı hərəkət edən materiallar təbii şəkildə düzülərək, xüsusilə vulkanik ərazilərdə insan əli ilə yaradılmış təsiri bağışlayan formalar yarada bilər.
Cənubi Konnektikut Dövlət Universitetinin arxeoloqu Bill Farli də bu yanaşmanı tənqid edib. Onun sözlərinə görə, qədim torpaq qədim memarlıq demək deyil. Hər hansı bir təbəqənin insanlar tərəfindən yaradıldığını sübut etmək üçün tikinti və ya yaşayış izləri kimi inandırıcı dəlillər tələb olunur. Bu halda isə belə sübutlar müşahidə edilməyib.
2024-cü ilin fevralında "Archaeological Prospection" jurnalı metodoloji problemləri və yeraltı təbəqələrin insan fəaliyyəti nəticəsində yarandığını təsdiqləyən kifayət qədər sübutun olmamasını əsas gətirərək məqaləni geri götürüb.
Hazırda Ginnesin Rekordlar Kitabı Perudakı Karal piramidalarını və Misirdəki Coser pilləli piramidasını dünyanın ən qədim piramidaları kimi göstərir. Bu tikililərin eramızdan əvvəl təxminən 2700-2600-cü illərdə inşa edildiyi bildirilir.
Qununq Padanq isə hələlik yalnız mübahisəli iddia kimi qiymətləndirilir. Alimlər hesab edirlər ki, onun bu qədər qədim mənşəyə malik olduğunu təsdiqləmək üçün əlavə və daha güclü elmi sübutlara ehtiyac var.