Türkiyənin Rizə vilayətinin Ardeşən rayonunda yaşayan 96 yaşlı Həmdi Okutan koronavirusa qalib gəlib.
Lent.az Türkiyə mətbuatına istinadən onun virusa necə qalib gəldiyini təqdim edir.
H.Okutan bildirib ki, hər gün süd məhsulları, bal və doşabla qidalanır: “Hər gün süd məhsulları, bal və doşab yeyirəm. Bu məhsullar mənə şəfa oldu”.
Müalicədən sonra 10 gün evində karantinə alınan 96 yaşlı kişi müalicə mərhələsindən danışıb: “Əvvəlcə iştahım kəsildi. Yediklərimdən dad almırdım, halsız idim. Bu xəstəlik artıq hər kəsin başına gələcək. Tək mənə aid olan bir şey deyil. Ona görə də çox diqqətli olmaq lazımdır. Yaşım çoxdur, amma havalar gözəl olan kimi həyətdən evə gəlmirəm, iş görürəm. Otursam, xəstə olaram. Bu yaşıma kimi 12 dəfə əməliyyat olmuşam. Korona olmasam, əksik qalardı. Hamı qoyulan qaydalara əməl etsin, bir-birindən uzaq dursun. İnşallah, öhdəsindən gələcəyik”.
H.Okutanın qızı bildirib ki, atasının ciyərlərində problem olduğu üçün narahat olublar, ancaq o xəstəliyə qalib gələ bilib. O vurğulayıb ki, atası lap uşaqlığından davamlı olaraq süd məhsulları istifadə edib: “Süd məhsulları atamı sağlam və enerjili saxlayır”.