Nadir xəstəlik səbəbiylə 50 yaşı olan filippinli qadın bu yaxınlarda orta məktəbi bitirib və 18 yaşını qeyd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hələ 14 yaşında Rayzel Kalaqo sağlam bir yeniyetmə olub. Lakin tezliklə onda qeyri-adi simptomlar inkişaf edib. Ailənin allergiya ilə səhv saldığı filippinlinin dərisində qırmızı, qaşınan ləkələr görünməyə başlayıb. Qızın anası onu xəstəxanaya aparıb. Həkimlər ona son dərəcə nadir bir xəstəlik - Hutchinson-Gilford sindromu kimi tanınan progeriya diaqnozu qoyublar. Bu, uşaqlarda sürətli qocalmaya səbəb olan genetik bir xəstəlikdir.
Filippinli orta məktəbi təzəcə bitirib, lakin dərisi və üzünün dəyişməsi onu yaşından xeyli artıq göstərir. Çoxları onun xarici görünüşünün 50 yaşlı qadının görünüşünə uyğun olduğunu deyir.
Xəstəliklə bağlı çətinliklərə baxmayaraq, Rayzel 18 yaşını ailəsi və dostları ilə qeyd edib. O, kollecə gedir və otelçilik üzrə bakalavr dərəcəsi almaq arzusundadır.
Anası arzu edir ki, zaman keçdikcə qızı özünə dostlar tapacaq və onu xüsusi hiss etdirəcək insanlarla tanış olacaq. Eyni zamanda, qadın görünüşü ilə bağlı əksəriyyətin reaksiyasının qızı üçün çox çətin olacağını başa düşür.