Tehranda Xamneyi-Əhmədinejad qarşıdurması güclənir - ŞƏRH
21 aprel 2011 10:16 (UTC +04:00)

Tehranda Xamneyi-Əhmədinejad qarşıdurması güclənir - ŞƏRH

Tehran hakimiyyəti ölkənin əvvəlki, istədiyi kimi idarə edə bilmir. Buna səbəb yalnız cəmiyyətin inkişaf, hakimiyyətin isə iddiasının əsiri olması deyil. Belə rejimlərdə ölkənin üzləşdiyi çoxsaylı problemləri həll etmək çətin olduğundan iqtidariçi qarşıdurmalar da güclənir. Başqa sözlə, “yer bərk olanda öküz öküzdən görər” deyiblər.

Hələ 2009-cu ilin payızında İran prezidenti Mahmud Əhmədinejad yeni kabineti parlamentin təsdiqinə təqdim edərkən, kabinet üzvlərinin az qala yarısı məclis üzvlərinin etirazı ilə qarşılanmışdı.
İran İslam Respublikasının parlamenti - İslam Məclisi formal olaraq hakimiyyətin bir qolu sayılır. Bu qurumun qəbul etdiyi qanun və qərarlar ali rəhbərin, indiki halda ayətullah Xamneyinin nəzarəti altında olan Nəzarət Şurasının təsdiqindən sonra icraya verilir. Habelə İranın Ana Yasasına əsasən, ölkə prezidenti ali rəhbərdən sonra dövlətin ikinci adamı sayılır.

Son illər İran rejimində hakimiyyətin bu qolları arasında əvvəllər üzə çıxmayan ixtilaf indi açıq-aşkar görünməkdədir.

İranın informasiya və təhlükəsizlik naziri (ETTELAAT) Heydər Müslehinin istefası ilə bağlı məsələ hakimiyyətiçi ziddiyyəti bir daha təsdiqlədi.

Xatırladaq ki, prezident Əhmədinejad nazirin istefa ərizəsini qəbul etsə də, ali rəhbər ayətullah Xamneyinin göstərişi ilə Müslehi vəzifəsini yenidən icra etməyə başlayıb.

Müslehinin istefa xəbərini ilk dəfə hakimiyyətin rəsmi informasiya vasiəsi «İRNA» agentliyi yayıb. Həmin agentliyin yaydığı başqa bir xəbərdə isə bildirilmişdi ki, İran prezidenti Mahmud Əhmədinejad Müslehinin istefasını qəbul edərək, onu təhlükəsizlik işləri üzrə müşaviri postuna gətirib.

2009-cu ildə ETTELAAT rəhbəri postuna gətirilən Heydər Müslehi əvvəllər ayətullah Xamneyinin İran İnqilab Keşikçiləri Qvardiyasında (“SEPAH”) quru və hava qüvvələrindəki, eləcə də həmin qurumun nəzdində fəaliyyət göstərən “bəsic” (qvardiyanın əsas kadr bazası, yarımhərbi dəstə) təşkilatındakı nümayəndəsi vəzifəsində çalışıb.
Dünən İran Dini Ekspertlər Şurasının (bu qurum İranın ali rəhbərini müəyyənləşdirir - S.S.) üzvü ayətullah Əbülqasım Xəzəli ölkə prezidenti M.Əhmədinejadı ali rəhbəri ayətullah Xamneyiyə tabe olmamaqda suçlayıb.

O, ayətullah Xamneyinin Müslehi ilə bağlı mövqeyinə toxunaraq, deyib: «Əhmədinejad və digər rəsmilər ali rəhbərin əmrindən çıxmamalı, hakimiyyətə nüfuz etmiş bəzi şəxs və siyasi cərəyanların qarşısı alınmalıdır. Bütün məsullar dini rəhbər ayətullah Xamneyiyə tabe olmalıdır. Cənab Əhmədinejad hökumətə nüfuz edən bəzi şəxslərin ona təsir etməsinə, belə halların ortaya çıxmasına icazə verməməlidir. Rəhbərin əmri ilə cənab Müslehi öz postunda qalmalıdır. Heç kəsin onun əmrindən çıxmaq haqqı yoxdur. Biz qətiyyətlə dini liderin bu barədə göstərişini dəstəkləyirik».
Aprelin 20-də İran parlamentinin 216 deputatı bəyanat yayaraq, Əhmədinejaddan Müslehiyə dəstək verməsini, məsələ ilə bağlı şəffaf mövqe bildirməsini tələb ediblər.

Bəyanatda deyilir: «İndiki şəraitdə ETTELAAT rəhbərini dəyişmək ölkənin mənafeyinə uyğun hərəkət deyil. Biz hesab edirik ki, Heydər Müslehi əvvəlki kimi yenə ETTELAAT-ın rəhbəridir. ETTELAAT rəhbərinə dəstək verməklə düşmənlərin bu məsələdən sui-istifadə etməsinə son qoymağınızı istəyirik».

İranın ali rəhbəri Müslehiyə məktub göndərərək, ona dəstək verdiyini bildirib: «ETTELAAT-ın daxili və xarici istiqamətdə qarşısına qoyduğu hədəflərin gerçəkləşməsi üçün daha da ciddi fəaliyyət göstərməyinizi istəyirəm. Hakimiyyət və başqa kəşfiyyat qurumları ilə əməkdaşlıq edərək, ETTELAAT kimi mühüm dövlət orqanının qanuni səlahiyyətlərinin gerçəkləşdirilməsini zəiflədən, ona xələl gətirən ən kiçik yanlışlığa belə yol verməməyi sizdən umuram».

Bir sıra yerli mütəxəssislərin fikrincə, prezidentlə nazir arasında ixtilaf mövcuddur. Ona görə də həmin təhlilçilər hesab edirlər ki, Müslehi könüllü deyil, Əhmədinejadın təzyiqi ilə istefaya göndərilib. Hətta ayətullah Xamneyinin yuxarıda bəhs etdiyimiz məktubundan sonra İran prezidentinə yaxın informasiya vasitələri Müslehinin ETTELAAT-a rəhbərlik etmədiyi, bu vəzifəni də Əhmədinejadın icra etdiyi haqda məlumat yayıb. Düzdür, həmin xəbər sonradan saytlardan yığışdırılıb.

Yeri gəlmişkən, hələ ötən ilin sentyabrın sonunda İslam Respublikası məclisinin 170 üzvü Əhmədinejada etiraz müraciəti qəbul edərək, hökumət başçısının Nyu-Yorka son səfəri zamanı yerli jurnalistlərlə görüşdə icra hakimiyyətinin ölkədə ən yüksək dövlət orqanı olduğu deməsinin gerçəkliyi əks etdirmədiyini bildirmişdilər. Əhmədinejad demişdi ki, parlamentin «ən ali dövlət qurumu sayılması dövrü» artıq geridə qalıb: «Hazırda önəm baxımından dövlətin birinci qurumu icraedici hakimiyyətdir».
Onda deputatlar Əhmədinejadı ölkə Ana Yasasını təhrif etməkdə, ayətullah Xomeyniyə, eləcə də İranın hazırkı ali rəhbəri ayətullah Xamneyiyə qarşı çıxmaqda suçlamışdılar.

Son zamanlar beynəlxalq ictimaiyyət ayətullah Xamneyidən çox prezident Əhmədinejadın rolunu qabartmaqla belə təsəvvür yaratdılar ki, guya İslam Respublikasının birinci adamı prezidentdir. Ancaq İranın Ana Yasasının 113-cü maddəsinə əsasən «Rəhbərlik məqamından sonra Cümhuriyyət başçısı, ölkənin ən ali rəsmisidir…».

Görünür, keçmiş prezident Rəfsəncanini Dini Ekspertlər Şurasının sədrliyindən uzaqlaşdırdıqdan sonra indi də növbə ayətullah Xamneyiyə çatıb. Ehtimal etmək olar ki, Əhmədinejadı dəstəkləyən hakimiyyətiçi və xarici qüvvələr Xamneyini nüfuzdan salmaqla ölkənin ali rəhbərliyi postuna öz adamlarını gətirmək niyyətindədirlər…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar