İran “dava-dava” deyir - ŞƏRH
07 aprel 2011 19:27 (UTC +04:00)

İran “dava-dava” deyir - ŞƏRH

Bu günlərdə ABŞ-ın Livandakı səfirliyinin əməkdaşlarının Sidon şəhərinə səfəri zamanı bir qrup yerli gənc onların maşınını daşa basıb. Basqın zamanı yaralanan olmayıb.

Olayın səhəri ABŞ-ın Livana hərbi yardımı dayandırdığı haqda xəbər yayıldı. Amerikalılar bunu Livandakı Səəd Həriri hökumətinin yıxılması ilə əlaqələndiriblər. Uyğun sərəncamı ABŞ-ın müdafiə naziri Robert Geyts verib.

«The Wall Street Journal»-ın yazdığına görə, Amerika silah tədarükü ilə əlaqəsi olmayan başqa yardımları, o cümlədən livanlı əsgərlərin döyüş qabiliyyətinin artırılmasına yardımı davam etdirir.

İkinci Livan savaşından sonra ABŞ bu ölkəyə 700 milyon dollarlıq hərbi yardım edib.

Göründüyü kimi, Yaxın Şərqdəki proseslər kontekstində Suriya ilə yanaşı, Livan da diqqət mərkəzindədir. Çünki hər iki dövlətin ərazisində İran hakimiyyətini dəstəkləyən qüvvələr mövcuddur. Əslində, Tehran hakimiyyəti bu sayaq qüvvələri dünyanın çeşidli dövlətlərində formalaşdırıb saxlamaqla, onlardan alət kimi istifadə edib, özünü qoruyur.

Yeri gəlmişkən, amerikalı general Duqlas Freyzer bildirib ki, İran Latın Amerikası ölkələrində əlaqələrini genişləndirməyə (bunu şəbəkələrini genişləndirmək kimi də anlamaq olar - S.S.) səy göstərir. «Radio Svoboda»-nın məlumatına əsasən, o deyib ki, Tehran hakimiyyəti nüvə proqramı ilə bağlı ona qarşı tətbiq edilən təzyiqləri azaltmaq məqsədi ilə bu yöndə fəaliyyətini artırıb. Senatın Hərbi Qüvvələr üzrə Komitəsində çıxışı zamanı general bildirib ki, son illərdə İranın bu bölgədə səfirliklərinin sayı iki dəfəyə yaxın artıb. 2005-ci ildə Latın Amerikasının 6 ölkəsində İslam Respublikasının səfirliyi var idisə, 2010-cu ildə onların sayı 10-a çatıb. Onun sözlərinə görə, bu bölgənin 17 ölkəsində İranın mədəniyyət mərkəzi yaradılıb.

Qeyd edək ki, İranın xarici ölkələrdəki mədəniyyət mərkəzləri şəbəkəsi birbaşa İranın ali rəhbəri ayətullah Xamneyiyə bağlıdır. Həmin mərkəzlərin başçıları isə ayətullah Xamneyinin təmsilçisi sayılır (İranın ölkəmizdəki mədəniyyət mərkəzinin başçısı Öcaqnejaddır – S.S.). Həmin qurumları bir qayda olaraq, İran səfirliyi yanında islam irşadı mədəniyyət mərkəzi kimi təqdim edirlər. Ancaq əslində bu mərkəzlərin imkanları və fəaliyyət çevrəsi səfirliyinkindən artıqdır. Bu baxımdan, Latın Amerikasında həmin mərkəzlərin hansı işlərlə məşğul olduğunun təsəvvür etmək çətin deyil.

Livanda Səəd Həriri hökuməti buraxıldıqdan sonra «Məcd Hərəkatı»nın lideri Nəcib Mikati yeni hökuməti formalaşdırmağa başlayıb. S.Həriri «The New York Times» qəzetinə müsahibəsində deyib ki, kimliklərindən asılı olmayaraq, atasının qatilləri onu Livan hökumətinin başında görmək istəmir. Onun fikrincə, hazırda baş verənlər 2005-ci ildə baş verənlərlə - Rafiq Həririnin ölümündən sonrakı hadisələrlə birbaşa əlaqədardır.

Qeyd edək ki, Nəcib Mikati 2005-ci ilin aprel-iyun aylarında Livan hökumətinə müvəqqəti başçılıq edib.

Bir müddət öncə ABŞ-ın dövlət katibi Hillari Klinton xəbərdarlıq etmişdi ki, Vaşinqton terrorçu «Hizbullah» təşkilatı ilə sıx bağlı olanlarla əməkdaşlıq edə bilməz. Amerikalı diplomat əlavə etmişdi ki, «Hizbullah» hakimiyyətə gələcəyi halda ABŞ-ın Yaxın Şərq ölkələrinə münasibəti dəyişəcək. «Hizbullah» tərəfindən nəzarət edilən bir hökumət bizim Livanla ikitərəfli münasibətimizə təsir edəcək. Hesab edirik ki, ədalət zəfər çalmalı, qatillər tapılıb, cəzalanmalıdır. Biz Livanın suverenliyinə inanırıq» - deyə, o, ölkəsinin mövqeyini açıqlamışdı.

Xatırladaq ki, R.Həririnin qətli ilə bağlı prokuror Daniel Belmar tərəfindən ittiham irəli sürülüb. İttihama əsasən, keçmiş baş naziri İranın ali rəhbəri ayətullah Xamneyinin 2005-ci ilin fevralında verdiyi sifarişlə «Hizbullah» qrupunun üzvləri planlaşdıraraq, həyata keçiriblər. «Sifariş»çi olduğuna görə ona qarşı da ittiham irəli sürülüb.

İsrailin baş nazirinin müavini Silvan Şalom bir müddət əvvəl dünya ictimaiyyətinə müraciət etmişdi ki, Livanı «Hizbullah» və İranın girovuna çevrilməyə qoymasınlar. Nəcib Mikatinin baş nazir postuna keçməsini dəyərləndirən İsrail rəsmisi beynəlxalq ictimaiyyəti Livandakı hadisələrin Tehranın ssenarisi ilə inkişaf etməsinə yol verməməyə çağırmışdı: «Hizbullah» adi terrorçu təşkilat deyil, o, İslam Respublikası tərəfindən nəzarət edilən və dəstəklənən qrupdur. İran İsrailin Şimal sərhədlərinə yaxınlaşır».

Livanda uzun illərdən bəri baş verən hadisələr müsəlman dövlətlərindəki iddialı rejimlərin bu ölkədə savaş apardığını da təsdiqləyir. Odur ki, Yaxın Şərqdəki gərginlik diktatorların əsəblərinin gəriləcəyindən, onların islam adı altında öz hikkələri uğrunda savaşa başlayacağı ehtimalından xəbər verir. Çünki bölgədəki müsəlman dövlətlərinin hər biri başqa bir müsəlman dövlətilə siyasi-ideoloji, məzhəbi, yaxud xarici başqa səbəblərlə müttəfiqlik, yaxud rəqib münasibətindədir. Məsələn, İran Livanda “Hizbullah”ı, şiə olduğu üçün Suriya hakimiyyətini, Bəhreyndə müxalifəti, Səudiyyə Ərəbistanı da bunun əksinə - həmin qüvvələrin qarşı tərəflərini müdafiə etməklə, özlərinə bölgədə blok yaradıblar...

Bölgədə bu sayaq məsələlərdən rahatsız olanlardan biri də İsraildir. Ona görə bu ölkənin təhlilçiləri çeşidli mülahizələr irəli sürür.

«DebkaFile»-nın təhlilçiləri hesab edir ki, İran, İraq, Səudiyyə Ərəbistanı və Bəhreyn savaşa cəlb edilə bilər. Bu yaxınlarda Səudiyyə kralı Abdulla və Bəhreynin monarxı Həmad bin İsa əl-Hamad müdafiə, xarici siyasət və maliyyə məsələləri ilə bağlı müşavirə keçirib. Müzakirə edilən məsələlərin arasında Bəhreynin təhlükəsizliyi xüsusi olaraq vurğulanıb.

«DebkaFile»-çilərin qənaətincə, martın üçüncü həftəsi bu önəmli məsələ Səudiyyə kralı tərəfindən qanuniləşdirilib. Onun oğlu, Səudiyyə Ərəbistanı Milli Qvardiyasının komandiri Mutayb isə Bəheryn silahlı qüvvələrinin yenidən qurulması ilə məşğul oldacaq. Bundan başqa Səudiyyə krallığı körfəzdə ən böyük hərbi bazanı Bəhreyn ərazisində tikməyə başlayıb. Bu isə İran və İraqda ciddi narahatlığa səbəb olub.

Kralların bu addımı Bəhreyni Səudiyyə Ərəbistanının 13-cü əyalətinə çevirə bilər.
İraqın baş naziri şiə məzhəbli Nuri əl-Maliki Vaşinqtonun bu anlaşmanı dəstəkləməsini bölgədə münasibətlərin kəskinləşməsinə yardım kimi qiymətləndirib.

İran prezidenti Mahmud Əhmədinejad Körfəz Ölkələri Əməkdaşlıq Şurasının İrana qarşı qəbul etdiyi bəyanatın ABŞ və onun müttəfiqlərinin təzyiqi altında hazırlandığını deyib: «Səudiyyə Ərəbistanı ayıq olmalıdır. Çünki amerikalılar ən vəfasız dostlardır. Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsi çirkin və xoşagəlməz hərəkətdir. Bu hərəkət İraqın Küveyt və İrana qarşı hərbi hücumu kimi bir şeydir. Səudiyyə Ərəbistanı öz hərbi qüvvələrini Bəhreyndən çıxarmalıdır». O, bildirib ki, onlar İran sərhədləri yanında, körfəzdə neft yataqları yaxınlığında böyük hərbi qüvvələrin yerləşdirilməsini qəbul etməyəcək. O, bölgədə iri hərbi qüvvələrin yerləşdirilməsini «hərbi əməliyyatların başlaması kimi» dəyərləndirəcəklərini və «uyğun addım atacaqlarını» vurğulayıb…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar