Casusluq sənəti: zəhər içən Hannibal, qatil Mitridat... – ARAŞDIRMA
28 fevral 2011 18:22 (UTC +04:00)

Casusluq sənəti: zəhər içən Hannibal, qatil Mitridat... – ARAŞDIRMA

Ayrı-ayrı xalqların mədəniyyətinin formalaşmasında mifik və dini baxışların böyük təsiri olduğu şübhəsizdir. Bu mənada, bəşər övladının ən böyük kəşflərindən olan casusluq da istisna deyil. İnanın, mən qədim Hindistanın casusluq tarixiylə tanış olanda elə bil, süjeti xeyir və şər üzərində qurulmuş, sonunda xeyrin qələbə çaldığı hind filmlərinə baxırdım. Burada çinlilərin bicliyi, hiyləgərliyi və qəddarlığı əvəzinə, hindlilərin əxlaqi prinsiplərini, humanistliyini görürük. Qədim hind mədəniyyətinin dəyərli nümunələrindən olan Manu qanunlarında yer almış kəşfiyyatçılıq ehkamları məhz bu baxımdan xeyli maraq doğurur. Orijinalı gəlib bizə çatmayan Manu qanunlarının eramızın I əsrinə aid olan poetik variantı mövcuddur. XVIII əsrdə ingilislər tərəfindən aşkar edilən bu qanun klassik sanskrit dilində yazılıb və arilərin əfsanəvi banisi Manuya aid ediliir. Siyasətə, hərbə, beynəlxalq hüquqa və ticarətə aid bu qanunlar toplusunda casusluqla bağlı məqamlar əsasən diplomatlar üçün nəzərdə tutulub. Topludakı məsləhətlər elə bil hind brəhmənlərinin xeyirxahlığının təcəssümüdür. Çinlilərdən fərqli olaraq, Manu qətiyyən hiyləgərliyi, qəddarlığı təbliğ eləmir: «Səfir gərək savadlı, hərtərəfli, insanlara özünü sevdirməyi bacaran müdrik birisi olsun».

Qədim dünyanın ən məşhur casusluq nümunələrindən biri də çoxlarına məlum olan Troya atıyla bağlı rəvayətdir. Eramızdan əvvəl XIII əsrdə Yelena uğrunda aparılan Troya müharibəsində uzun sürən mühasirədən sonra şəhərə girmək üçün qeyri-adi bir üsuldan istifadə elədilər. Şəhərin məbədindən Afinanın heykəlini oğurlayan yunanlar iki gün sonra şəhər qapısında taxtadan iri bir at fiquru qoyub, mühasirəyə son verdilər. Troyalılar düşmənin geri çəkildiyini görüb toy-bayram eləməyə çıxarkən bu qeyri-adi at heykəlinin nə olduğuyla maraqlandılar. Elə bu zaman yunanların casusu Sionon bildirdi ki, Afina oğurlanan heykəlin əvəzi olaraq həmin atı göndərib. Beləcə, at şəhərə gətirilir və gecəykən heykəlin içində gizlənən yunan əsgərləri darvazaları açaraq qoşunu içəri buraxırlar, Troya yerlə-yeksan edilir.

Qədim farslar da casusluq tarixinə böyük töhfələr bəxş ediblər. Eramızdan əvvəl 558-530-cu illərdə hakimiyyətdə olmuş II Kirin yaratdığı qlobal informasiya sistemi o dövrdə heç bir məmləkətdə yox idi. Hökmdarın çaparları təkcə ölkənin bir başından o biri başına məktublar, sənədlər daşımırdılar. Onlar həm də düşmənlər haqda informasiyalar toplamalı, məlumatları saraya çatdırmalıydılar. Ksenofontdan “nəyə görə «Kirin çoxlu qulaqları və gözləri var» deyirlər”, soruşanda o, cavab verir: «Onun qulaqları da, gözləri də saysız-hesabsız casuslarıdır».

Tarixi salnamələrdə Daranın dövrünə aid daha bir maraqlı casusluq nümunəsi var. Hazırlanan üsyan haqqında məlumatı çatdırmaq üçün qulun başı qırxılır, sui-qəsdçilərin adları və planları daz kəlləyə yazılır, baş azacıq tüklənən kimi «canlı məktubu» Miletə göndərirlər. Qul ünvana çatır və bircə söz deyir: «Başımı qırxın, hər şey orada yazılıb».
Rus tarixçisi Sergeyev yazır ki, Qədim Yunanıstan bəşəriyyətə beynəlxalq münasibətin ən incə nümunələrini bəxş edib. Həqiqətən, yunanları casusluğa xeyli diplomatik çalarlar gətirən ilk millət hesab eləmək olar.

Yunan kəşfiyyatı az enerjiylə böyük nəticələrə sahib olmağı bacarırdı. Ancaq kəşfiyyatçılıq daha çox Makedoniya hökmdarı II Filippin və onun oğlu Makedoniyalı İsgəndərin dövründə inkişaf eləyir. İsgəndər qədim dünyada ilk sərkərdədir ki, piyadalardan ibarət kəşfiyyat qrupu yaradıb. Eramızdan əvvəl 3-cü əsrin əvvəllərində baş vermiş romalılarla karfagenlilərin müharibəsi zamanı döyüşən tərəflər casusluq tarixini xeyli yeni nümunələrlə zənginləşdiriblər.

Məşhur siyasi xadim Hamilkar Barkinin oğlu olan Hannibal 12 yaşında olarkən and içmişdi ki, bütün həyatı boyu romalılara nifrət eləyəcək. Və o, ömrünün axırına kimi bu andına sadiq qaldı. Əlbəttə, biz Karfagenlə Roma arasında baş verən müharibələri detallarına qədər araşdırmaq fikrində deyilik. Ancaq məşhur Yunan tarixçisi Plininin yazdığı kimi Hannibal bu müharibələrdə özünü son dərəcə bacarıqlı sərkərdə olmaqla yanaşı, həm də kəşfiyyat işini bilən birisi kimi göstərməyə nail olmuşdur. Hannibalın döyüş taktikasında müharibədən qabaq sistemli şəkildə düşmən tərəfə dezinformasiya buraxmaq təcrübəsi vardı. O, bundan çox tez-tez yararlanırdı. Məsələn, Cənubi Qalliyaya hücumdan əvvəl Hannibal bura çoxlu sayda casuslar göndərərək düşmən tərəfin sərkərdələrini və sakinlərini inandırmağa çalışırdı ki, onun bura hücum planı yoxdur. Hannibalın Alp dağlarını aşması dünya tarixində ən unikal döyüş taktikalarından biri hesab olunur. Bu çətin və qorxulu yürüşdən əvvəl Hannibalın kəşfiyyatçıları bütün mümkün keçid yerlərini bircə-bircə araşdırmış, sərt dağ yamanclarında qoşunun irəliləməsi üçün yollar bəlirləmişdilər. Yürüş zamanı Hannibal strateji yüksəkliklərin bir qrup dağlı tayfa tərəfindən tutulduğunu görüb, yenə hərbi hiyləyə əl atdı. Onun göndərdiyi kəşfiyyatçılar dağlıların yalnız səhərlər mövqelərində keşik çəkdiklərini, axşamlar isə hər zirvədə bir iki gözətçi qoyub, kəndlərə düşdükləri haqda xəbər gətirirlər. Hannibal bundan istifadə eləmək qərarına gəlir. Düşməndə qoşununun düşərgə salıb dağın yamacında gecələməyi imitasiyası yaradaraq, o, onlarla tonqal qalayıb, gecənin qaranlığında əvvəlcədən kəşfiyyatçıların müəyyənləşdirdikləri yollarla itkisiz-filansız bütün strateji yüksəklikləri ələ keçirdi. Ümumiyyətlə, kəşfiyyat xarakterli bu cür aksiyalardan əlavə Hannibal həm də, müasir dildə desək, aktiv tədbirlər də həyata keçirirdi. Məsələn, düşərgəsində romalı casusların olduğunu bilən sərkərdə yalandan belə bir dezinformasiya buraxırdı ki, guya bu casuslar onun əmri ilə hərəkət edirlər və rəqibin bütün planları haqqında ona məlumat verəcəklər. Romalılar bu haqda xəbər tutan kimi öz casuslarının başını vururlar. Maraqlıdır ki, romalılarla müharibə dövründə Hannibal demək olar ki, bütün döyüşlərdə qələbə qazanmışdı. Yalnız II Pun müharibəsi romalıların qələbəsi ilə başa çatdı. Eramızdan əvvəl 183-cü ildə düşmənin əlinə keçməməsi üçün Vifiniya çarlığında gizlənən Hannibal romalılara təhvil veriləcəyi xəbərini alan kimi əsgərlərin mühasirə həlqəsinin daraldığını görüb zəhər ataraq intihar edir.

Qədim dünyanın casusluq tarixinə xeyli maraqlı məqamlar bəxş eləmiş hökmdarlardan biri də Bosfor kralı VI Mitridat olub. Onun haqqında çox az məlumatlar var. Ancaq salnamələrdə bu adam əbləhin biri kimi təsvir olunur. Təsəvvür eləyin ki, bu zırrama taxt-tac uğrunda mübarizədə yüz minlərlə Roma vətəndaşı bir yana, hətta anasının, bacısının, qardaşlarının, doğmaca oğullarının belə başını kəsmişdi. Ancaq Mitridat bizim tariximizə bu əzazilliyinə görə deyil, geniş casusluq xidməti şəbəkəsi yaratdığı və özü də qədim dünyanın ən məşhur casuslarından biri olduğu üçün düşüb. O, on bir yaşında taxta çıxmışdı. Ancaq heç də düz-əməlli yuvanın quşu olmayan anası da ondan geri olmadığından dəfələrlə oğlunun həyatına sui-qəsd düzənlədiyi üçün balaca hökmdar saraydan qaçıb dağlara sığınır. Sonra isə başqa adla şəhərə qayıdaraq Kiçik Asiyaya alış-veriş üçün səfərlər eləyən karvanların birində yükdaşıyan kimi işə başlayır. Bu adam hələ kiçik yaşlarından öz qabiliyyətinə və bacarığına inanırdı. Təsəvvür eləyin ki, artıq on dörd yaşında Mitridat 20 xarici dil bilirdi. O, səfər elədiyi bütün yerlərin adət-ənənəsini, orada yaşayan xalqların zəif və güclü tərəflərini, qalaları, yolları öyrənirdi. Bundan əlavə, onun hər şəhərdə onlarla yaxın dostu və casusu vardı. Nəhayət, topladığı qüvvə və biliyə arxalanan Mitridat Sinopa qayıdır, özünün kim olduğunu elan edir. Qısa müddətə qardaşını öldürür, anasını zindana salır. Artıq taxtda oturmağa ona heç kəs mane ola bilməzdi. Bütün yaxınlarını edam etdirdikdən sonra o, işğalçı müharibələrə hazırlaşır. Onun hədəfində nəinki Kiçik Asiya və Qafqaz, hətta Roma da vardı. Roma ilə üç dəfə müharibəyə girən casus Mitridat, çox maraqlıdır ki, öz casuslarına inanmamağının güdazına gedir. Belə ki, Romadakı casuslar ona düşmənin məhdudiyyətsiz qüvvəsi və müharibə aparmaq üçün ehtiyatı olduğu haqda dəfələrlə məlumatlar çatdırmışdılar. O isə heç nəyə baxmayaraq, hətta Spartakın üsyanına dəstək vermək eşqinə də düşmüşdü. Dövrünün ən məşhur casus şəbəkəsini yaradan Mitridat beləcə yaratdığı şəbəkəyə inanmamağına qurban gedir: məğlubiyyətlər bir-birini əvəz edir, müttəfiqlər ondan üz döndərir, hətta yeganə sağ saxladığı oğlu belə ona qarşı üsyan qaldırır. Hamı tərəfindən tərk edildiyini görən Mitridat intihar yolunu seçərək zəhər qəbul edir. Di gəl, illər uzunu müxtəlif sui-qəsdlərdən və xəyanətlərdən qorunmaq üçün orqanizmini zəhərə öyrətmiş hökmdara bu da təsir eləmir. Ona görə də, əvvəlcə hərəmxanasındakı bütün qadınları, iki qızını öldürdükdən sonra, quluna onun başını kəsməyi əmr edir.
Qədim dünyanın məşhur casuslarından olan VI Mitridat həyatını bax beləcə başa vurur.

Qədim dünyada casusluğu və hərbi kəşfiyyatı sistem halına salan şəxs böyük sərkərdə, dövlət xadimi Yuli Sezar olub. «Qall müharibəsinə dair qeydlər»də o dəfələrlə gizli casuslarının baş verənlərlə bağlı onu məlumatlandırmaları haqqında yazır. Siyasi casusluqdan qətiyyətlə imtina eləyən İmperator, buna baxmayaraq, özünün məxfi yazı sistemini yaratmışdı. Bu sistem kriptoqrafiya tarixinə «Sezar əlifbası» adıyla daxil olub...

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar