Ölülərlə nahar edən qrafın qorxunc və sirli möcüzələri
19 fevral 2011 13:04 (UTC +04:00)

Ölülərlə nahar edən qrafın qorxunc və sirli möcüzələri

“Dünyanın məşhur fırıldaqçıları” silsiləsindən

Cüzeppe Kaliostro haqlı olaraq XVIII əsrin tarixi şəxsiyyətlərindən ən müəmmalısı hesab olunur. O, tarixdə fırıldaqçı, səyyah, atəşli sevgili və gizli elmlərin bilicisi kimi qalıb. Onun çox qəribəlikləri olub: çəngəl udur, heykəlləri canlandırır və s. Bəs bu adam əslində kim idi?

Cüzeppe Kaliostronun (o, həm də Tiskio, Melina, Qraf Qarat, Markiz de Pelleqrini, Markiz de Anna, Qraf Feniks, Belmonte adları ilə də tanınıb) mənşəyi haqqında çox az məlumat var. Kaliostro özü iddia edirdi ki, Şərqdə anadan olub, valideynləri isə mələk və şahzadə olub. Özünün dediyinə görə, uşaqlığı və gəncliyi Mədinədə keçib. O, uşaqlıqdan məhəbbət və qayğı ilə əhatə olunub, ona hər bir arzusunu yerinə yetirməyə hazır olan onlarla qul və cariyə xidmət edib. Sonra Mədinənin şərifi (Kaliostronun qohumu) onu müdrik Altatasın müşayiəti ilə Şərqə və Afrikaya səyahətə göndərir. Səfər isə (yenə də qrafın öz rəvayətinə görə) Misirdə başa çatır. Orada ehramların kahinləri qədim elmlərin incəlikləri və ehramların sirlərini Kaliostroya öyrədirlər. Misir İsgəndəriyyəsində Cüzeppe küçə sehrbazları ilə yaxından tanış olur. O, hipnoz fəndlərini yaxşı bilir, sehrbazlığın formullarını öyrənir, çoxlu sayda ekzotik əşyalar toplayır. Kaliostro özünü Qraf Sen-Jermenin (gələcək yazılarımızda onun haqqında ətraflı məlumat verəcəyik) şagirdi adlandırırdı. O, müəllimi kimi azartlı oyunlar sisteminə girmək, udan kartların sirrini açmaq istəyirdi.

Müqəddəs inkvizisiya isə çalışırdı ki, bu böyük fırıldaqçını ifşa etsin. Bu üzdən onunla bağlı bir sıra məlumatlar da yığmışdı. Onun doğum tarixi 1743-cü il hesab olunur. Qraf Kaliostro adını götürmüş Cüzeppe Balzamo əslində müflis olmuş kitab tacirinin ailəsində dünyaya gəlib. Onu əmisi Cüzeppe Balzamonun adı ilə adlandırıblar. Kaliostro soyadını ona əmisi verib. Qraf tituluna gəlincə isə, demək lazımdır ki, sonralar aparılan araşdırmalar zamanı Avropanın heraldik atlasında heç bir yerdə Kaliostro qraflığının herbinə rast gəlinməyib. Kiçik yaşlarından Cüzeppe Balzamo monastırlarda tərbiyə alıb. Əvvəlcə Rokka, sonra isə Palermo yaxınlığında Kartaciron monastırında. Monastırda Cüzeppe botanika və kimya ilə məşğul olub.

On iki yaşı olarkən məlum olmayan səbəblərə görə monastırdan qovulan Cüzeppe vətənə - Palermoya yola düşüb. Lakin atasının müflis olması səbəbindən qohumları onu qəbul etməyiblər. Belə bir çətin dövrdə gənc oğlan qərara gəlir ki, varlı və tanınmış şəxs olmalıdır. Necə, hansı yollarla, vasitələrlə olmasından asılı olmayaraq o, buna nail olacaqdı. İlk vaxtlar Cüzeppe brakonyerliklə və xırda oğurluqla məşğul olurdu, daha sonra bu yüngül məşğuliyyətlərə sutenyorluq və aradüzəldən işləri də əlavə olundu.

Kaliostro teatr biletlərinin, sonra isə vəsiyyətnamələrin saxtalaşdırılması, Palermodan olan zərgərin əl işlərini oğurlaması ilə məşhurlaşdı. O, zərgər Maranonu inandırmışdı ki, Palermonun ətrafında böyük dəfinə basdırılıb və magiyanın köməyilə onu tapmaq olar. Zərgər varlanmaq arzusu ilə Kaliostroya külli miqdarda pul verib, bir gecə fırıldaqçı və onun köməkçisi ilə xəzinəni axtarmağa yollanır. Kaliostro «cadunun köməyilə» xəzinənin yerini tapır və Maranonu yeri qazmağa məcbur edir. Birdən dəhşətli bağırtı səsləri gəlir, əcinnələr peyda olur və sadəlövh xəzinə axtaranı huşunu itirənə qədər döyürlər.

İyirmi yaşı olanda Cüzeppe yalançı kimyanı öyrənməklə məşğul olur, otuz yaşında elan edir ki, ölümsüzlüyün reseptini tapıb. Bundan başqa, qraf bildirirdi ki, insanların fikirlərini oxuya bilir, keçmişi və gələcəyi görür, eləcə də «təbii maqnetizm gücləri»ni idarə etməyi bacarır. Ola bilsin, məhz bu maqnetizm gücləri ona Roma gözəli Lorensa Feliçiananı özünə heyran etməyə kömək etmişdi. Toydan sonra Kaliostro iddia edirdi ki, həyat yoldaşına xəyanət etməkdə pis heç nə yoxdur, ləyaqət və ər şərəfi nisbi anlayışdır. Cütlük bütün Avropanı gəzib seçkin publika üçün magiya seansları təşkil edirdi. Onların ardınca isə inkvizisiyaya ifşaedici məktublar göndərilirdi və tələb olunurdu ki, ər-arvad getdikləri bütün ölkələrdən qovulsunlar.

Öz macəralarına Fransada başlayan qraf 1771-ci ildə İngiltərəyə gedib və orada da xırda oğurluq və sutenyorluqla məşğul olub. Məsələn, bir gün «gözlənilmədən» qraf uşaqlarının anasını zəngin bir kişi ilə yaxalayır. İkinci bu hərəkətin cəzasını çəkməli olur. Qraf onu duelə çağırmır, sadəcə, 100 funtla cərimələyir. Lakin çox keçmədən qrafın özünün azyaşlı qızla münasibəti ifşa olunur və cütlük dərhal Dumanlı Albionu tərk edir.

Barselonada onlar yarım il yaşayırlar. Kaliostro burada yaxınlarından gizlin evlənənlərin nikahını qeyd edən tanınmış romalı rolunu oynayırdı. Ona inanır və pul verirdilər. Lakin rəsmi şəxslər daha diqqətli davranır və ondan sözlərini sənədlə təsdiq etməsini tələb edirlər. Bu zaman arvadı Lorensa nüfuzlu zəngin adamları başdan çıxarır və bununla da cütlük nəinki məsuliyyətdən qurtulur, hətta növbəti yola çıxmaq üçün böyük miqdarda pul alırdılar.

Bir müddət sonra Kaliostro Lorensanın başçılığı ilə qadın mason lojasını yaradır. Daha sonra isə ideyanı Georq Kontondan götürərək, Misir mason lojasını təşkil edir. Özünü isə “Böyük Kopt” elan edir. Yeni mason pulları sağa-sola dağıdır, bahalı minik arabalarında, zərbaftalı paltar geyinmiş xidmətçilərin müşayiəti ilə səyahət edirdi.

1778-ci ildə Kaliostro və Lorensa Rusiyaya gəlirlər. Peterburqda Kaliostro özünü bacarıqlı şəfaverən kimi qələmə verir, cavanlıq eliksiri satır, xəstələri qəbul edir, amma heç kimdən pul almırdı, əksinə, kasıblara pul paylayırdı. Tezliklə zadəganlar arasında Peterburqa gələn ecazkar və onun gözəl xanımı haqqında söhbətlər yayılmağa başladı. Bir müddət «sehrbaz»ın dəstəsi imperator ailəsinin diqqəti və şöhrətin işığında üzdülər. Kaliostro «cin vuran»ları, dəliləri sağaldırdı. «Fəlsəfi daş»ın köməyi ilə o, II Yekaterinanın sevgilisi knyaz Potyomkinin xəzinəsində qızıl ehtiyatını nəzərə çarpacaq qədər artırmışdı. Knyaz qrafa öz himayəsini təklif edir və dərhal da onun arvadı ilə eşq yaşamağa başlayır. İmperatriçə öz favoritinin eşqbazlığından xəbər tutan kimi qeyzlənir və Kaliostro ilə Lorensanı Rusiyadan qovur.

Luvrda Lorensaya (o vaxta qədər Serafima adı ilə çağırılırdı) zəngin bir fransız vurulur. Bir müddət onlar üçlükdə səyahət edirlər. Fransız bu qadını avara ərindən ayrılmaq üçün dilə tuturdu. Lorensa onun məsləhəti ilə ayrıca ev kirayələyir. Kaliostro özünün ər hüquqlarını xatırlayaraq Lorensadan şikayət edir və onu həbs etdirməyə nail olur. Bir neçə ay həbsxanada yatan Lorensa ərinin onu bağışlamasından sonra azadlığa çıxır. Nəticədə onlar barışırlar.

Kübar davranışlar, sarayda böyük nüfuz, gözəl natiqlik bacarığı və zənginlik - bütün bunlar Kaliostronu Fransada kumirə çevirdi. Ən səs-küylü və ən böyük uğur isə onu Parisdə gözləyirdi. Fransız cəmiyyəti və yüksək təbəqə Kaliostronun kələklərini və söhbətlərini böyük məftunluqla dinləyirdi. 1784-1785-ci illər qrafın Russo, IV Henrix və Volterlə sensasiyalı nahar etməsi ilə yadda qaldı - halbuki bu dövrdə onların heç biri həyatda yox idi. Kaliostro uğur, şöhrət və tanınmış xanımların pulu ilə əhatə olundu. Onun portretləri, stolüstü büstləri böyük uğurla bütün Avropada yayılırdı.

Sehrbaz öz göstərilərini daim yeniləri ilə artırırdı. Məsələn, o, 5-12 yaşlı uşaqları seçir, onların başını «müdriklik yağı» (əslində zeytun yağı) ilə yağlayır, onların vasitəsilə mələklərlə, müqəddəslərlə, peyğəmbərlərlə və ruhlarla «danışırdı».

Bir dəfə ona xəbər verdilər ki, kardinal Roqanın yaxın qohumu şahzadə Subiz xəstələnib. Kaliostro kardinalla Strasburqda tanış olmuşdu və onun simasında ən etibarlı tərəfdarını qazanmışdı. Subizin sağalmasına heç kim ümid etmirdi. Lakin böyük qraf Kaliostro onu müalicə etməyə başladı, bununla belə tələb etdi ki, onun adını gizli saxlasınlar. Subiz sağalmağa başlayanda elan olundu ki, onu Kaliostro müalicə edib. Bu, triumf idi! Cüzeppenin evinin qarşısında onu təbrik etməyə gələn tanınmış insanların minik arabalarının sayı-hesabı yox idi. Onların arasında hətta kral ailəsinin üzvləri də vardı. Beləliklə, Kaliostro Parisin bütünə çevrildi.
Lakin bununla belə, kral qərara gəlir ki, Kaliostronu Parisdən uzaqlaşdırsın. Bir müddət qraf Passidə yaşayır. Burada öz mason fəaliyyətini davam etdirir. Lakin o, İtaliyaya getmək istəyirdi, çünki Lorensa da vətəni üçün darıxırdı. Artıq Kaliostronun kifayət qədər sərvəti vardı və bu var-dövlətlə o, vətənində ömrünün sonuna qədər rahat yaşaya bilərdi.

Amma cütlük Romaya gəldikdə Papanın əmri ilə onların rahat həyat arzusu boşa çıxdı. Papa masonluğu Allaha qarşı çıxmaq elan etdi və onunla məşğul olanları edam etməyi əmr etdi. Vəziyyətin gərginləşdiyini görən Lorensa 1789-cu ildə təcili yenidən ərə getdi. Kaliostro əvvəlcə Varşavaya, oradan Londona, sonra Romaya getdi və orada həbs olunaraq, ömürlük cəza çəkmək üçün Sant-Leo qəsrinə göndərildi.

Kaliostronun ölümü də həyatı qədər müəmmalı oldu. Ruhların mahir ovsunçusu, avantürist və kimyaçı Cüzeppe Balzamo 1795-ci il avqustun 26-da vəfat edir. Qraf Kaliostro ölümündən bir gün əvvəl qulluqçularının hər birinə öz vəsiyyətnaməsindən bir nüsxə verir və qəti şəkildə onları tənbeh edir ki, onu Palermoda, ailə sərdabəsində dəfn etsinlər. Qrafı dəfn etmək istəyəndə isə məlum olub ki, ailə sərdabəsi yoxdur və heç bir zaman da olmayıb…

Kaliostroya, onun müəmmalı şəxsiyyətinə olan maraq bu gün də sönməyib. Onun haqqında tamaşalar oynanır, filmlər çəkilir. Okultistlər öz müəllimlərinin sırasında qrafın da adını sadalayırlar. Onun haqqında yayılan əfsanələr həqiqətin üzərinə çoxdan kölgə salıb. Və həyatını özünün şöhrət düşkünlüyünə qurban verən Böyük Koptun özü də çox güman ki, öz tarixinin belə finalından razı qalardı…

Yaqut Əliyeva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386

Oxşar yazılar