Papanın xanım qonağı, homoseksualların hamisi, acların və unudulmuşların vəkili - HEKAYƏT -
18 yanvar 2011 16:01 (UTC +04:00)

Papanın xanım qonağı, homoseksualların hamisi, acların və unudulmuşların vəkili - HEKAYƏT -

O, İrlandiyanın ilk qadın prezidenti kimi adını ölkəsinin və dünyanın tarixinə yazdı.

O, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı kimi önəmli bir vəzifə daşımaqla yanaşı bir çox beynəlxalq təşəbbüslərə imza atdı.

O, OKSFAMın fəxri prezidenti, Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq İnstitutun sədri və Dünyanın Qadın Liderləri Şurasının banilərindən biri kimi dünya qadın hərəkatında, ümumən beynəlxalq ictimai-siyasi münasibətlər sistemində böyük nüfuz sahibi olan isimlərdən biridir.

O, bərabər ticarət, səhiyyə, immiqrasiya hüququ, qadınların liderliyinin inkişaf etdirilməsi və korporativ məsuliyyəti tərənnüm edən hüquqları dərk etməyə xidmət göstərən məşhur Etik Qloballaşma Təşəbbüsü layihəsinin müəllifidir. (Bu təşəbbüsün missiyası insan haqları standartlarını qloballaşmaqda olan ictimai idarəetmənin bir hissəsi etmək, bununla da yoxsulların və ən çox əziyyət çəkənlərin səslərini qlobal səhnəyə çıxarmaqdır).

O, 2002-ci ildə BMT-nin İnsan hüquqları komissarı kimi əvəzolunmaz fəaliyyətinə görə Sindey Sülh Mükafatına layiq görülüb.

O, 2003-cü ildə Almaniyada Otto Han Sülh Ödülü, 2004-cü ildə isə “İnsan hüquqları sahəsində xidmətlərinə görə” Amnesti İnternəşnl tərəfindən (Amnesty International) Vicdan Səfiri Ödülünə layiq görülüb.

O, Dublin Universitetinin ilk qadın prezidenti kimi də adını TARİXƏ yazıb.

O, 2009-cu ilin iyul ayında Amerika Birləşmiş Ştatların təsis etdiyi ən ali mükafat olan Azadlıq Medalına layiq görülüb.

Bu qadın bütün dünyanın tanıdığı, dünyanın ən məşhur və nüfuzlu ictimai-siyasi xadimlərindən, LİDERlərindən biri, adını dünya tarixinə əbədi yazmağı bacarmış Meri Robinsondur!

Meri Tereza Vinifred Robinson (Mary Therese Winifred Bourke) 1944-cü ilin may aynın 21-də Mayo vilayətində (Ballina, Mayo Vilayəti) həkim ailəsində dünyaya göz açıb. Atası Dr. Aubrey Burk Mayo Vilayətinin Ballina şəhərindən, anası Dr. Tessa Burk (qızlıq soyadı ODonnell) isə Quzey İrlandiyalı, Doneqal Vilayətinin Aynişoven yarımadasının Karndonaq şəhərindən idi. Mənsub olduğu Burk ailəsi XIII yüzillikdən bəri Mayo vilayətində yaşayırdı. Əslən İrland-Normandlı olan Burk cütlüyünü İrlandiyanın bir çox müxtəlif siyasi təbəqələri ilə sıx tellər bağlayırdı. Ulu babalarından biri Mayo vilayətinin İrlandiya Milli Torpaq Liqasının və İrlandiya Respublikası Qardaşlığının aparıcı üzvü olub. Müstəmləkə üsul-idarəsində hakim qismində göstərdiyi xidmətə görə, əmisi Ser Paqet Con Burk Kraliça II Yelizaveta tərəfindən Cəngavər tituluna layiq görülmüşdü. Digər bir qohumu isə Roma Katoliklərinin Rahibi olub. Ailənin bəzi üzvləri dini inanc baxımından İrlandiyanın Anqlikan Kilsəsinə, digərləri isə Roma Katoliklərinə bağlı idi. Xanım Robinson tarixi baxımdan həm Taxt-taca qarşı qiyamçı mövqedə duran, həm də Taxt-taca xidmət edən insanlarla qohumluq əlaqəsi olan bir ailədə dünyaya göz açmışdı.

Dublində Triniti Kollecində hüquq təhsili alan Meriyə 1967-ci ildə Dublin şəhərinin Kral Vəkillər Cəmiyyətinin vəkil dərəcəsi verilir. Elə həmin illər o, Harvard Universitetinin hüquq fakültəsində təhsil alır və 1968-ci ildə ona hüquq magistri dərəcəsi verilir.

Meri hələ 20 yaşlarında olarkən kollecdə hüquq professoru təyin edilməsi ilə (!) çevrəsinin diqqətini üzərində cəmləyir. Xanım Robinson 1965-ci ildən 1975-ci ilədək Dublin şəhərində Müqəddəs Troitsa kollecinin konstitusiya və cinayət qanunvericiliyi üzrə professoru işləyir. O, eyni zamanda Müqəddəs Troitsa Kollecində Avropa Cəmiyyəti qanunvericiliyi üzrə müəllim kimi də çalışır. 1969-cu ildən 1975-ci ilədək xanım Robinson həmçinin İrlandiyanın mövcud qanunvericilik toplusunun redaksiya heyətinin üzvü olur.

Meri Robinson, 1970-ci ildə hüquqşünas Nikolas Robinsonla ailə həyatı qurur, amma onun bu seçimi ailədə xoş qarşılanmır. İrland kilsəsi ilə yaxın əlaqələri olan ata-ana qızlarının bir protestantla ailə qurmasına razı deyildilər və valideynləri Merinin toyuna qatılmırlar... Buna baxmayaraq, öz seçimində israrlı olan Meri həyat yoldaşı ilə xoşbəxt ailə həyatını davam etdirir və bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlir.

Karyeranın eniş-yoxuşlu yolları

Xanım Robinsonun ilk siyasi fəaliyyətinə 1983-cü ilədək işlədiyi Dublin Şəhər Şurasına 1979-cu ildə keçirilən seçkilərdə namizədliyini irəli sürməsi ilə start verildi. Lakin mətbuat ilk dəfə onun haqqında 1969-cu ildə Dublin Universiteti tərəfindən namizədlikləri İrland Senatına irəli sürülən üç namizəddən biri kimi yazmağa başladı. O, ilk dəfə olaraq, müstəqil namizəd kimi seçkilərə qatılırdı. Bu orqanda fəaliyyəti dövründə o, qadınların hakim kürsüsündə əyləşməsi hüququ, ailə həyatı qurduqdan sonra bütün qadınların dövlət qulluğundan azad edilməsi tələbinin ləğv edilməsi və kontraseptiv vasitələrdən qanuni istifadə hüququ daxil olmaqla liberal məsələlərlə bağlı geniş miqyaslı kampaniya aparırdı. Sonuncu kampaniya ona çoxlu düşmən qazandırdı. Kontraseptiv və digər bu qəbildən olan vasitələr konservativ tənqidçilər tərəfindən müntəzəm şəkildə senatorun poçtuna göndərilir və Hayes, Conyngham Robinson kimi əczaçılıq şəbəkələrinin onun ailəsinə məxsus olduğu barədə şayiə yayılırdı (və bunun da nəticəsində onun konrtaseptiv vasitələrlə bağlı apardığı təbliğat kompaniyası ailə üzvlərinin xeyrinə atılan addım kimi qiymətləndirilirdi amma bu iddiaların heç biri doğru deildi). Onun bu kampaniyası öz həmkarları arasında da birmənalı qarşılanmadı və kontraseptiv vasitələrin qanuniləşdirilməsinin Senatda müzakirəyə çıxarılması barədə etdiyi ilk təklif Senatın heç bir üzvü tərəfindən dəstəklənmədi və buna görə də müzakirəyə çıxarılmadı... Amma illər keçdi və o, irəli sürdüyü məsələlərin İrlandiyada qanuniləşməsinə, öz həllini tapmasına nail oldu. Bu barədə bir qədər sonra….

Həmin illərdə Meri Robinson yüz minlərlə İrlandla birlikdə Avropanın ən yaxşı qorunmuş vikinq məskənlərindən olan Vud Kueydə (Wood Quay) Dublin Korporasiyası üçün yeni administrativ qərargahın tikilməsinə qarşı çıxır. Lakin onu burada da uğursuzluq gözləyirdi: xanım Robinsonun və xalqın inamlı mübarizəsinə baxmayaraq, Vud Kuey ləğv edildi və yerində ofis binası tikildi...

1969-cu ildən 1989-cu ilədək Meri Robinson senator kimi fəaliyyət göstərir. 1970-ci illərdə isə Leyboristlər Partiyasına qoşulur. Bundan sonra o, aşağı palataya seçilməyə can atsa da, səyləri nəticəsiz qalır.

1973-cü ildən 1989-cu ilədək o, İrlandiyanın Avropa cəmiyyətinin ikinci qanunvericiliyi üzrə Birgə Parlament Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Bundan başqa, Meri Robinson sosial məsələlər üzrə alt komitənin sədri (1977–87), hüquq məsələləri üzrə komitənin sədri (1987-89) kimi çox aktiv fəaliyyət göstərir. Meri Robinson 1973-cü ildən 1990-cı ilədək İrlandiyanın tənha valideynlər cəmiyyətinin prezidenti vəzifəsində də aktiv fəaliyyət göstərir.

1980-ci ildə xanım Robinson baş vəkil dərəcəsi alır və sonralar Avropa qanunvericiliyi üzrə İrland mərkəzini təsis edib, onun direktoru olur.

1982-ci ildə Leyboristlər Partiyası Birləşmiş İrland Partiyası (Fine Gael) ilə hökumət koalisiyasına daxil oldu. Piter Suzerlend İrlandiya Respublikasının Avropa Komissarı təyin olunduqda leyboristlər növbəti baş vəkilin seçilməsini tələb etdilər. Çoxları Robinsonun seçiləcəyini gözləsə də partiya lideri tanınmamış bir şəxsi – Con Roqersi ölkənin baş vəkili seçdi. Bundan qısa müddət sonra xanım Robinson, İrlandiya hökumətinin Britaniya ilə imzaladığı Anqlo–İrland Sazişinə etiraz əlaməti olaraq, partiyadan ayrıldı. Xanım Robinson, hakimiyyəti bölüşdürməyə etiraz etmələrinə baxmayaraq, saziş əldə olunmazdan öncə sövdələşmənin bir hissəsi kimi Quzey İrlandiyadakı siyasətçilərlə məsləhətləşmək lazım olduğunu israr edirdi!

İrəli sürdüyü bir çox məsələlərin sonda həyata keçməsinə baxmayaraq, xanım Robinsonun Senatdakı fəaliyyəti dörd ildən artıq davam etdi. Ciddi şəkildə məhdudiyyət qoyulmasına baxmayaraq, kontraseptiv vasitələr qanuniləşdirildi, qadınlar hakim seçilə bildi və ailə quran qadınların işdən çıxmaq məcburiyyəti aradan qaldırıldı. Bir çoxlarının təəccübünə səbəb olsa da, o, 1989-cu ildə Senat seçkilərində yenidən namizədliyini irəli sürmədi. Bir il sonra Leyboristlər ona qarşıdan gələn prezident seçkilərində iştirak etməyi təklif etdilər.

Bir az düşündükdən sonra o, Leyboristlərdən və 1945-ci ildən bəri ilk dəfə üç nəfər arasında aparılan mübarizədən qalib çıxan ilk qadın namizəd oldu. Robinson İrlandiya “Tayms”ının da dəstəyini aldı ki, bu mətbu dəstək onun üçün xüsusi ilə uğurlu oldu.

O, Dublində güclü olan və işçi sinfinin səslərini əldə etmək üçün vacib olan İşçi Partiyasının dəstəyini də qazanmışdı.

Bu zaman artıq mübarizə ancaq iki partiya arasında – Leyborsitlər və müxalifətdən olan Fayn Qael arasında gedirdi. Seçki kompaniyası dövründə medianın daha çox Robinsonla maraqlanması onun şanslarının daha da artmasına kömək edirdi. Gərgin mübarizə şəraitində keçən seçkilərdə Robinson qalib gəldi və hökumətə başçılıq edən ilk qadın oldu.

O, Leyborist Partiyasının ilk namizədi və Fianna Fail Partiyasından olmadığı halda seçkilərdə qalib gələn ilk prezident (və ilk qadın) oldu!

...Çoxgedişli, çalışqan və çevik prezident

Robinson 1990-cı il dekabrın 3-də İrlandiyanın VII prezidenti kimi and içdi. Prezident olduqdan sonra onun populyarlığı artdı və hətta rəqibi Lenihan ölümündən öncə Robinsonun onun ola biləcəyindən daha yaxşı prezident olduğunu dilə gətirdi. Robinson İrlandiya prezidentinin obrazına hüquqi bilik, dərin intellekt və siyasi təcrübə cizgiləri bəxş etdi. O, irland diasporları ilə əlaqəni artırdı, irland-ingilis əlaqələrinə yenilik gətirdi və Bukinhem Sarayında Kraliça II Yelizaveta ilə görüşən ilk irland prezident oldu. Onun rəsmi malikanədə Britaniya kral ailəsinin üzvlərini və Uels şahzadəsini qarşılaması faktı da diqqətçəkən hadisələr oldu.

Onun siyasi profili də dəyişdi. Belə ki, əvvəllər həmişə onun siyasətinə qarşı çıxmış rəqibləri indi ona rəğbətlərini gizlədə bilmirdilər. Onlar, hətta xanım Robinsonun BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı üçün keçirilən kampaniyada onu dəstəklədilər. Son 52 il ərzində İrlandiya parlamentində ilk dəfə prezidentlərdən yalnız Eamon de Valera çıxış etmişdi. Xanım Robinsona isə iki dəfə belə çıxış etmək nəsib oldu.

O, Quzey İrlandiyaya çoxsaylı səfərlər etdi və hər dəfə müxtəlif siyasi partiya liderləri ilə görüşlər təşkil etdi. Quzey İrlandiyaya çoxsaylı səfərləri zamanı o, müntəzəm şəkildə Quzey İrlandiyanın Yunionist Partiyasından Devid Trimbl və Sosial Demokrat və Əmək Partiyasından Con Hyum daxil olmaqla, bütün mövqelərdə duran siyasətçilərlə görüşürdü.

Katolik Kilsəsinin inanclarına qarşı çıxmasına görə xanım Robinsonu tənqid edənlər, onun bir prezident olaraq kilsə ilə sıx münasibətlərinə təəccüblərini gizlədə bilmirdilər. O, xaricdə olan irland rahibələr və keşişlərlə görüşmüş və ilk dəfə olaraq Xristian Qardaşlar üçün qonaqlıq təşkil etmişdi. Romaya rəsmi səfəri zamanı isə o, Papa II İohan Pavellə ictimaiyyət arasına çıxmışdı. İrlandiya “Tayms”ında çıxış edən bir gənc keşiş, xanım prezidentin Papa ilə görüşünü şərh edərkən, onun Vatikan geyim qaydalarını pozduğunu iddia edincə, Vatikan buna etiraz edərək, Vatikanda geyim qaydalarının əslində öncədən – Papa Pavelin təyinatından sonra dəyişdiyini bildirdi...

Qeyri-standart addımlar atan səmimi (və ecazkar!) rəhbər...

O, prezidentliyi zamanı öz malikanəsində, əvvəllər heç vaxt prezident tərəfindən qəbul olunmamış qrupları, o cümlədən İrlandiyada məktəblərdə dini dərs deyən “Xristian Qardaşlar” adlı təşkilatdan tutmuş, Mavi və Lesbiyanların Bərabərlik Şəbəkəsinə qədər fərqli qrupları şəxsən qəbul edir, onları dinləyir, fikir mübadiləsi aparırdı...

Prezident kimi onun nailiyyəti arasında bütün siyasi karyerası boyu mübarizə apardığı məsələlərin qanun layihəsi kimi imzalanması da var idi. Bu, kontraseptivlərin tamamilə qanuniləşdirilməsi və Britaniyadan fərqli olaraq homoseksuallara (və transseksuallara) digər insanlar kimi davranılmasını təmin etmək idi.

O, xaricdə yaşayan irland keşiş və rahibələrini, XIV Dalay-Lamanı, eləcə də artıq dediyimiz kimi, Roma Papasını ziyarət etmiş, habelə beynəlxalq idman törənlərinə qatılmışdı. O, hətta İrland immiqrantlarını yad etmək məqsədilə simvolik olaraq, öz malikanəsinin mətbəxində, hamı tərəfindən görünən yerdə şam yandırırdı (Qaranlıq pəncərədə işıq qoymaq adamlara yol göstərmək məqsədi güdən qədim irland adətidir). Robinsonun simvolik işığı İrlandiyanın dünyanın hər tərəfində olan oğul və qızları barəsində düşündüyünə işarə idi...

«Bu gün nahar vaxtı İrlandiyanın prezidenti xanım Meri Robinson ilə yanaşı əyləşmişdik. Söhbət zamanı o mənə dedi ki, İrlandiyanın iki xüsusiyyəti var. Biri odur ki, İrlandiya heç vaxt imperiya olmayıb, həmişə müstəmləkə olub. İkinci xüsusiyyəti odur ki, 150 il bundan öncə İrlandiyada kartof aclığı düşmüşdü. Bu səbəbdən 4 milyon irlandiyalı ölkəni tərk edib başqa yerlərə getmişdi. Ona görə də indi kənarda yaşayan irlandiyalıların sayı ölkədəkindən daha çoxdur. Xanım Robinson bildirdi ki, bu il həmin hadisənin 150 illiyini qeyd edəcək. Mən dedim ki, bilmirəm, siz bunu hansı səpkidə qeyd edəcəksiniz, ancaq belə hesab edirəm ki, o hadisə 150 il bundan əvvəl sizdən ötrü bir faciə idisə, eyni zamanda xalqınız üçün böyük xoşbəxtlik olub. Çünki xalqınız bütün dünyaya, xüsusən Amerika Birləşmiş Ştatlarına, Avropanın müxtəlif ölkələrinə yayılıb. İndi irlandiyalılar çox böyük lobbi yaradıblar, kiçik dövlət olan İrlandiyanın xaricdə böyük lobbisi var».

(Heydər Əliyev İsveçrədə yaşayan soydaşlarımızla
görüşdə söyləmişdi….)


O, Ruandada vətəndaş müharibəsindən əziyyət çəkən insanlara dünyanın diqqətini cəlb etmək üçün buraya səfər etmişdi. Xanım Robinson soyqırımından tezliklə sonra Ruandaya səfər edən dövlət başçılarından birincisi oldu. Xanım prezident bu səfərdən sonra mətbuat konfransında burada gördüklərindən kədərləndiyini gizlədə bilmədi. Rasionallığı qorumağa adət etmiş hüquqşünas olduğuna görə hisslərini cilovlaya bilməməsi ona pis təsir etsə də, ancaq bu onu görənləri çox mütəəssir etmişdi. 1990-cı ildə prezident seçkilərində onun ideyalarına qarşı çıxan “Sunday Tribune” qəzetinin redaktoru Vinsent Braun mətbuat konfransının sonunda ona göndərdiyi kağızda bunu qeyd etmişdir: “Sən ecazkar idin!”

Braunun şərhləri xanım Robinsonun 1990–97-ci illlərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətlərə görə irland xalqının ona verdiyi qiymətlə üst-üstə düşürdü. Prezidentlik müddətinin yarısında artıq onun reytinqi 93%-ə çatmışdı!

Sonralar o, bu ölkəyə daha iki dəfə səfər etdi. Onun son səfəri “Sülh, qadınların vəziyyəti və inkişaf” mövzusunda keçirilən konfransda çıxışı ilə bağlı idi. Ruandada olan zaman o, BMT-nin yerlərdə olan idarələrinin nümayəndələri, eləcə də BMT-nin insan hüquqlarına riayət edilməsi üzrə müşahidəçiləri ilə görüşmüş və söhbət etmişdi. Xanım Robinson eləcə də 1992-ci ildə baş qaldırmış böhranda Somaliyə səfər etmiş dövlət başçılarından birincisi oldu. Somaliyə göstərdiyi yardıma cavab olaraq xanım Robinson CARE beynəlxalq humanitar təşkilatının xüsusi mükafatına layiq görüldü.

Dövlət başçısı qismində xanım Robinson İrlandiyanın digər dövlət və mədəniyyətlərlə iqtisadi, siyasi və mədəni əlaqə anlayışını inkişaf etdirməklə, ölkəsini beynəlxalq arenada təmsil etdi. Prezident üsul-idarəsi dövründə Meri Robinson İrlandiyanın Böyük aclıq tarixçəsini hazırkı günün qidalanma, yoxsulluq problemləri və siyasi məsələləri ilə əlaqələndirərək inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına xüsusi diqqət yetirmiş, bununla da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında tərəfdaşlıq körpüsü qurmuşdur.

Xanım Robinson həm də xüsusilə də Somali və Ruandaya humanitar böhran zamanı yardım göstərən beynəlxalq qeyri hökumət təşkilatlarının işini, eləcə də Kəlküttədəki (Hindistan) “GOAL/Ehtiyacı olan uzaqlar” təşkilatının layihəsi kimi icmalar səviyyəsində özünəyardım layihələrini dəstəklədi.

***

O, BMT-dəki yeni vəzifəsini tutmaq üçün prezidentlikdən vaxtından əvvəl istefa verdi. (Bundan sonra, yeni prezident (Meri Makalise) seçilənə qədər, sentyabrın 12-dən noyabrın 10-na qədər prezidentlik vəzifəsinin yerinə yetirilməsi prezident komissiyasına tapşırıldı.)

Ali Baş Komissar!

2 iyun 1997-ci il tarixdə BMT-nin Baş Katibi Kofi Annan İrlandiyanın Prezidenti Meri Robinsonu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı təyin etdi. Bu münasibətlə xanım Robinson İrlandiya siyasi partiyalarının razılığı ilə vəzifəsindən istefa verərək, yeni vəzifəsinin icrasına başladı. (O, BMT-də yeni vəzifəsinə başlamaq üçün prezidentlik müddətinin sonuna 4 ay qalmış vəzifəsindən istefa vermişdi). Bu vəzifədə onun üzərinə Birləşmiş Millətlər Təşkilatının bütün sistemi boyu hüquq mexanizminin təkmilləşdirilməsi tapşırığı, eləcə də Cenevrədəki insan hüquqları Mərkəzinin işinin yönəldilməsi daxil olmaqla, təşkilatın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə əsas məsuliyyət qoyulurdu. Medianın dediyinə görə, o, Kofi Annan tərəfindən administrativ roldan əlavə, insan haqları prinsiplərini tərənnüm etmək üçün seçilib. Çoxları onun bu vəzifəsinin əsl mənasını itirdiyinə və bürokratik orqan olduğuna inanırdılar. Xanım Robinsonun vəzifəsi həm təşkilat çərçivəsində, həm də beynəlxalq miqyasda insan haqları gündəliyini yenidən tərtib etmək idi.

Meri Robinsonun insan hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq tədbirləri sırasında onun Avropa Şurasının insan hüquqlarına həsr edilmiş Ümumdünya Vyana konfransına hazırlıq kimi 1993-cü ildə “XXI əsrin astanasında insan hüquqları” mövzusunda təşkil etdiyi Regionlararası görüşdə Xüsusi məruzəçi kimi iştirakını göstərmək olar. Xanım Robinson Avropa Şurasının, qadınların vəziyyətinə həsr olunmuş Dördüncü Ümumdünya Konfransının (Pekin) keçirilməsi üzrə hazırlıq müşavirəsində əsas məruzə ilə çıxış edir.

1997-ci ilin noyabrında Robinson Oksford Universitetində “İnsan hüquqlarını anlayış” adlı məruzə ilə çıxış edərək, qarşısında duran çətin vəzifədən söz açdı.

Robinson 1998-ci ildə Tibetə gedərək, bura gələn ilk Ali Komissar oldu. Vəzifəsi dövründə o, Avropa Birliyindən olmayan immiqrantlara qarşı İrlandiya qanunlarını və ölüm cəzasına, terrorla mübarizəsində insan haqlarını pozduğuna görə ABŞ-ı tənqid etməsi ilə də beynəlxalq ictimaiyyətin diqqətində oldu. O, öncədən, yalnız 4 il müddətində bu vəzifəsində qalacağını açıqlasa da, Güney Afrikada keçirilən İrqçiliyə qarşı 2001-ci il Dünya Konfransında iştirak etməsi üçün Kofi Annan onun müddətini daha bir il artırdı.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Meri Robinson bəyan edirdi: “İnsan alverinin qlobal seks industriyasına aparan yolundan danışarkən söhbət nisbətən çiçəklənmiş ölkələrdə yaşayan kişilərin daha az inkişaf etmiş ölkələrdən olan qadın və qızlara cinsi xidmətə görə pul ödəməsindən gedir… Bu, əmək hüquqları və ya qeyri-bərabər inkişaf problemindən daha artıq məsələdir. Bu, başlıca insan hüquq və azadlıqlarıdır, çünki burada irqi-ayrı seçkiliyin kütləvi və ağrılı forması baş verir”. Mənbə: İnsan Alverinə Məruz Qalmış İnsanların İrqi Həcmi – Xüsusən Qadınlar və Uşaqlar, İrqçiliyə qarşı Dünya Konfransı (2001).

BMT Əhali Fondunun egidası altında hamiləlik və doğuş zamanı qadın ölümünün qarşısını almaq məqsədi ilə keçirilən beynəlxalq konfransda dünyada hər dəqiqə hamiləlik və ya doğuş zamanı bir qadının dünyasını dəyişdiyi, inkişaf etməkdə olan ölkələrdə doğuş zamanı və hamiləlik müddətində qadınlar arasında ölüm faizinin daha yüksək olması, qadınların adi tibbi xidmətlərdən belə istifadə etmək imkanına malik olmamasının çox ciddi narahatlıq doğurdu vurğulanır və dünya ictimaiyyəti bu istiqamətdə ciddi düşünməyə dəvət edilirdi. Meri Robinson deyirdi: “Onların böyük əksəriyyəti müvafiq həkim yardımı olmadan doğuşun evdə keçməsinə razılıq verirlər. Dünyanın bir çox ölkələrində kvalifikasiyalı tibbi personajın olmaması ilə yanaşı, xəstələrə ilkin tibbi yardım göstərəcək məntəqələrin sayı da kifayət qədər azdır. Bunun nəticəsidir ki, dünyada hər dəqiqədə bir qadın doğuş və ya hamiləlik zamanı dünyasını dəyişir. Ana ölümü hallarının böyük əksəriyəti inkişaf etməkdə olan ölkələrdə müşahidə edilməkdədir. Əgər insanların tibbi ehtiyacları vaxtında qarşılansaydı, vaxtında tibbi müdaxilə edilsəydi, bu rəqəmi yarıbayarı azaltmaq mümkün olardı”.

O, 2002-ci ildə vəzifəsi başa çatana kimi Ali Baş Komissar kimi yorulmadan işlədi və dünyada insan haqlarının müdafiəsi istiqamətində əlindən gələni etməyə çalışdı.

2006-cı il noyabrında o, Yoqoyakatrada konfransa qatılaraq, Beynəlxalq İnsan haqları Bəyannaməsini təmsil edərək, homoseksualların (və transseksualların) hüquqlarını qəbul edən “Yoqoyakatra prinsipləri”ni imzalayan 29 tərəfdən biri oldu.

***

2009-cu ilin iyulunda o, Ali komissar olunca bir neçə dəfə tənqid etdiyi ABŞ tərəfindən an yüksək ödül olan Azadlıq Medalına layiq görüldü. Onun bu mükafata layiq görülməsini tənqid edənlər olsa da, dəstəkləyənlərin, alqışlayanların sayı daha çox idi.

Amerikanın BMT-nin İnsan Hüquqları Komissiyasında səfiri olmuş Nensi Rubin prezident Obamaya ünvanladığı məktubunda ödülü alqışlamış və xanım Robinsonu “bütün insanların hüquqlarının dönməz müdafiəçisi adlandırmışdı.

Meri Robinson dünya miqyaslı problemləri həll etməyə çalışan və Nelson Mandela, Cimmi Karter, Kofi Annan və b. kimi hörmətli dünya liderlərinin daxil olduğu Elders (“Ağsaqqallar”) qrupunun üzvüdür. Qrupun vəzifələrini Mandela belə izah edir: “Bu qrup görülməli olan istənilən tədbir barədə azad şəkildə, cəsarətlə, açıq danışa bilir. Birlikdə biz qorxunun hökm sürdüyü şəraitin aradan qaldırılmasına, münaqişənin olduğu yerlərdə barışığın əldə edilməsinə, inamsızlığın olduğu yerlərdə isə ümidin yaranmasına yardım edəcəyik”.

1991-ci ildə Braun və Kembric Universiteti Meri Robinsonu fəxri doktor adı ilə təltif etdi. Quzey-Güney Ödülünün iki qalibindən biri olan xanım Robinson 2004-cü ildə McGill Universitetinin Fəxri Adına layiq görüldü. O, İrlandiya Kral Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin, Ərəb Demokratiya Fondunun və Madrid Klubunun üzvüdür.

2006-cı ilin oktyabrında Sosial Elmlər Ödülünə layiq görülüb.

Xanım Robinson 2007-ci ildə Ərəb Demokratik Fonduna Etibarlı İnsanlar Şurasının təsisçi üzvü kimi qoşuldu. 2009-cu ilin sentyabrında isə Keys Vestern Universiteti tərəfindən Etika Ödülünə layiq görülüb.

Dünyanın Ədalət Layihəsi

Meri Robinson Dünyanın Ədalət Layihəsinin Fəxri həmsədri qismində çalışır. Dünyanın Ədalət Layihəsi icmaların imkan və subyektiv bərabərliyinin inkişaf etdirilməsi üçün Qanunun Aliliyinin möhkəmləndirilməsinə qlobal və hərtərəfli səy göstərilməsi üzərində işləyir. Xanım Robinson həm də Dublin Universitetinin prezidentidir. (Robinson Dublin Universitetinin XXIV və ilk qadın prezidentidir. O, bu Universiteti 20 il Senatda təmsil edib!) O, həmçinin 2004-cü ildən bəri Kolumbiya Universitetinin Beynəlxalq münasibətlər departamentində beynəlxalq insan hüquqlarından dərs deyir. (M.Robinson bundan başqa da müxtəlif kollec və universitetlərdə insan hüquqlarından mühazirələr deyib). Meri Robinson həm də alim, qanun yaradıcısı və vəkil kimi məşhurdur. O, qanundan həmişə cəmiyyətin sosial strukturunu dəyişə bilən alət kimi istifadə etməyə çalışmış, Avropanın insan hüquqları məhkəməsində və Lüksemburqdakı Avropa Məhkəməsində keçirilən proseslərdə, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalda iştirak etmişdi.

Meri Robinson haqqında çox sözlər demək olar. Ağıllı və savadlı qadın, əsil ŞƏXSİYYƏT, gözəl bir LİDER, dünya üçün önəmli işlərin MÜƏLLİFİ, özündən sonra sözün həqiqi mənasında cığır açan, yol açan bir QADIN, adını TARİXƏ əbədiyyət həkk etmiş bir İNSAN və s. Amma ona ən çox yaraşan ifadələrdən biri, məncə, budur: heç nədən, heç kəsdən qorxmayan və çəkinməyən İNSAN haqlarının qorunması MÜBARİZİ və FƏDAİSİ!

Ali Baş Komissar kimi öz fəaliyyəti dövründə bir sıra məsələlərdə ABŞ-ı tənqid etməsinə baxmayaraq, Meri Robinson Ali Baş Komissar postunu tərk etdikdən bir müddət sonra - 2009-cu ildə - bu ölkənin ən böyük mükafatı olan Azadlıq Medalını aldı. Mükafatı ona şəxsən ABŞ prezidenti Barak Obama verdi və onun Robinsonun xidmətinə verdiyi qiyməti və fikirlərini dünyanın ümumiləşdirilmiş qiyməti kimi də qəbul etmək olar. ABŞ prezidenti mükafatın təqdim etmə mərasimində deyirdi:

“Meri Robinson nələrin hesabına hamının səsinin eşidilməsinin nə olduğunu çox tez anladı. BMT-nin Ali komissarı seçilməzdən öncə o, İrlandiyada ilk qadın prezident olmaqla qadınların və digərlərinin səsini eşitdirdi. Bu gün acların və unudulmuşların vəkili olaraq Meri Robinson yalnız əziyyət çəkən insanlara işıq olmadı, o, həm də bizim dünyamızın gələcəyinə işıq oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar