Rusiya prezidenti Yaxın Şərqdə - ŞƏRH
18 yanvar 2011 13:35 (UTC +04:00)

Rusiya prezidenti Yaxın Şərqdə - ŞƏRH

Rusiya prezidenti Dmitri Medvedevin Yaxın Şərqə səfəri başlayıb. O, Fələstin Muxtariyyatında və İordaniyada görüşlər keçirəcək.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin işçiləri tətil etdiklərindən Rusiya liderinin bölgəyə səfəri təxirə salınmışdı. D.Medvedevin səfəri Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir dövrə düşür. Belə ki, ötən bir ay ərzində Rusiyanın da önəm verdiyi Latın Amerikası dövlətlərindən Venesuela, Nikaraqua, Argentina, Boliviya Fələstinin müstəqilliyini tanıyıb. Putinin prezidentliyi illərində isə Rusiya «Həmas»la əlaqə saxlayıb, onun liderlərindən birini Moskvada qəbul etmişdi. Bu günə kimi Kreml bu qrupları terrorçu kimi tanımayıb.

Belə bir durum təbii ki İsraili hələ də qane etmir. Rusiya prezidenti ilə baş nazir Vladimir Putin arasında gərginliyin və ya hakimiyyət uğrunda mübarizənin artdığını nəzərə alsaq, Kremlin indiki yiyəsinin səfərinin önəmi aydınlaşar.

Odur ki, vəziyyətin həssaslığı nəzərə alındığından səfər çərçivəsində Rusiya KİV-i ifadələrə də ehtiyatla yanaşır.

Kremlin mətbuat xidmətinin məlumatına əsasən, bu səfər zamanı RF-nin informasiya vasitələri «Fələstin Muxtariyyatı» ifadəsinin yerinə «Fələstin ərazisi» işlədir, bu bölgənin prezidenti Mahmud Abbası «prezident» deyil, «Fələstinin başçısı» adlandırırlar.

Səfər zamanı D.Medvedevi 125 nəfərlik nümayəndə heyəti müşayiət edir. «RİANovosti»nin məlumatına əsasən, bu gün Rusiya lideri Fələstinin başçısı M.Abbasla görüşəcək. Tərəflər arasında bir sıra sənədlərin, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşmanın imzalanacağı gözlənilir.

Rusiya lideri Yasir Ərəfatın muzey-parkını da ziyarət edib. Fələstində görüşlər başa çatdıqdan sonra o, İordaniyaya yola düşəcək.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, Rusiya-Fələstin danışıqları zamanı əsasən Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi, ikitərəfli əlaqələrin inkişafı, habelə Fələstin üçün kadrların hazırlanması və mədəni sahədə təmaslara dair məsələlər müzakirə edilib. Müzakirələrdə Qəzza zolağında vəziyyətdən və Fələstinin bütövlüyünün bərpasından danışılıb.

D.Medvedev «Həmas» liderləri ilə görüşdən imtina edib.

S.Prixodkonun sözlərinə görə, Rusiya 2006-cı ilin mayında, 2008-ci ilin sentyabrında və 2010-cu ilin oktyabrında ilkin ehtiyacların ödənilməsi üçün fələstinlilərə hər dəfə 10 milyon dollar yardım edib. 2007-nin avqustu, 2008-in iyunu, 2009-cu ilin yanvarında Rusiyanın Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının dinc əhalisinə çatdırmaq üçün İordaniyanın paytaxtı Əmmana təyyarələrlə humanitar yardım göndərib.

İordaniyada isə D.Medvedev energetika və hərbi –texniki sahədə, dini ekstremizmə qarşı mübarizə, Yaxın Şərq probleminin tənzimlənməsi, habelə dünya maliyyə böhranına dair məsələləri müzakirə edəcək. Prezident köməkçisinin sözlərinə görə, Rusiya İordaniyada Atom Elektrik Stansiyası tikməkdə maraqlıdır. 2009-cu ilin mayında iki ölkə arasında dinc məqsədli atom enerjisindən istifadə haqda əməkdaşlığa dair müqavilə imzalanıb.

Yaxın Şərqə səfəri zamanı D.Medvedev İran prezidenti Mahmud Əhmədinejadla telefon əlaqəsi saxlayıb. Tərəflər enerji, iqtisadiyyat, ticarət, nəqliyyat sahəsində əməkdaşlıq problemlərini, Buşəhr Atom Elektrik Stansiyası layihəsi çərçivəsində məsələləri müzakirə edib.


«İran İslam Respublikası bütün sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi ideyasını qəbul edir, bu istiqamətdə fəaliyyət göstərməyə hazırdır» - deyə, M.Əhmədinejad söyləyib.

Rusiya prezidenti öz növbəsində bildirib: «Rusiya İranla istənilən sahədə əməkdaşlığa hazırdır». Onu da qeyd edək ki, bu danışığının baş verdiyi tarix haqda məlumat verilməyib.

Medvedyev və Əhmədinejad İranın nüvə proqramından danışarkən “5+1” qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 üzvü - Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) İstanbulda nəzərdə tutulan görüşünün əhəmiyyətli olduğunu vurğulayıblar.

Xatırladaq ki, yanvarın 4-də 87 yaşlı İsrail prezidenti Şimon Peres D.Medvedevə zəng edərək, tətil ucbatından onun İsrailə səfərinin baş tutmamasından təəssüfləndiyini bildirmiş, buna görə ondan üzr istəmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar