Tehran hakimiyyəti İslam Konfransı Təşkilatına meydan oxuyur
17 yanvar 2011 17:19 (UTC +04:00)

Tehran hakimiyyəti İslam Konfransı Təşkilatına meydan oxuyur

Lent.az-ın «İRİNN» agentliyinə istinadən məlumatına görə, İran İslam Respublikası təşkilatın bu yığıncağını boykot edib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının təmsilçisi Kazım Cəlili bildirib ki, BƏƏ-yə etiraz olaraq, Əbu-Dabidəki toplantıya qatılmayacaqlar.

Onun sözlərinə görə, Əbu-Dabi konfransının gerçək siyasi-hüquqi əsası yoxdur: «Təşkilatın Parlament Assambleyası icraiyyə komitəsinin konfransı hər iki ildən bir, qurultayı isə hər il keçirilir. Şuraya Əmirlik başçılıq etdiyindən icraiyyə komitəsinin toplantısı ikinci dəfədir keçirilir. Bu isə qanunsuzdur».

Parlament nümayəndəsi bildirib ki, İKT-nin bu yığıncağı BƏƏ-də deyil, İndoneziyada keçirilməli idi: «Əmirlikdə adətən qurumun nizamnaməsində dəyişiklik etmək məqsədi ilə fövqəladə sessiya keçirilir. Əbu-Dabi konfransında istənilən qətnaməyə əməl etmək bizim üçün qəbuledilməzdir».

Xəbərlərə görə, həmin toplantıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı məsələ də müzakirə olunacaq. Habelə bununla bağlı sənədin qəbulu da gözlənilir. Belə çıxır ki, Tehran hakimiyyəti qurumun Ermənistanla bağlı sənədindən irəli gələn vəzifələrə əməl etməyəcək.

İran rəhbərliyinin Ərəb Əmirliyi ilə kin-küdurət saxlaması məsələsinə gəldikdə isə xatırladaq ki, bir neçə ay öncə Birləşmiş Ərəb Əmirliyi İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı olduğu iddia edilən islam Respublikasına məxsus 40 şirkətin dəftərxanasını bağlayıb.

Məlumata əsasən, həmin şirkətlər qvardiya ilə əlaqədar olmaqla yanaşı, ikili təyinatlı texnologiyanın İrana çatdırılması istiqamətində fəaliyyət göstərib.

Əmirlik rəsmisi bildirmişdi ki, ölkəsi BMT Təhlükəsizlik Şurasının qərarına əməl edir və qurumun qəbul etdiyi sanksiyada qvardiya ilə işbirliyində olan istənilən şəxs, yaxud Birləşmiş Ərəb Əmirliyində fəaliyyətdən məhrum olacaq. Bağlanan şirkətlər arasında neft hasil edən firmalar da var.

Ötən ilin aprelində Dubay Əmirliyi İranla ticarət əlaqələrini məhdudlaşdırdığı barədə bəyanat vermişdi. Çünki BMT TŞ tərəfindən qəbul edilmiş sanksiyada «qara siyahıya» düşmüş «ikili təyinatlı məhsullar» (başqa sözlə, həm də İranın atom-nüvə proqramında istifadə olunan) İslam Respublikasına bu əyalətin bazarından ötürülürdü.
2009-cu ildə İranla Dubay Əmirliyi arasında 12 milyard dollardan artıq ticarət dövriyyəsi olub. Məlumatlara əsasən, Avropada istehsal olunan bütün məhsullar demək olar ki, bu bazardan İrana ötürülür.

Xəbərlərə əsasən, əmirlikdə iranlıların 8 min şirkəti və sahibkar fəaliyyət göstərir. Bunu əmirlik əhalisinin önəmli bir hissəsinin İran mənşəli olması ilə də əlaqələndirirlər.

Birləşmiş Ərəb Əmirliyinin başqa bir əyaləti, Əbu-Dabidən də İrana Qərb istehsalı olan mallar ötürülürdü, amma beynəlxalq yasaq bu yolun bağlanması ilə nəticələndi. Ərəb təhlilçiləri hesab edir ki, Dubay qonşu əmirlikdən nümunə götürərək, İran İslam Respublikası ilə ticarət əlaqələrini azaltmaq məcburiyyətində qalacaq.

Əmirlikdə İranın «Persia International Bank» adlı bankının hesabları dondurulub.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar