Ortaq farsdilli TV İranın ucbatından “göstərmir”
17 yanvar 2011 19:28 (UTC +04:00)

Ortaq farsdilli TV İranın ucbatından “göstərmir”

Atom-nüvə proqramına görə Tehran hakimiyyətinə tətbiq edilən beynəlxalq sanksiyalar İranın qonşu dövlətlərlə münasibətinə təsir etməkdədir.

Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, ötən həftənin sonunda yüzlərlə Əfqanıstan vətəndaşı İranın Kabildəki səfirliyinin binası qarşısına toplaşaraq, benzin daşıyan tankerlərin hərəkətinə qoyulan məhdudiyyətlərlə bağlı İran rəhbərlərinə etiraz bildiriblər. Bu, sözügedən məhdudiyyət tətbiq ediləndən bəri əfqanların İran səfirliyi qarşısında keçirdiyi dördüncü etiraz aksiyasıdır.

Dünən Əfqanıstanın Herat şəhərində İran əleyhinə etiraz nümayişi keçirilib. Onlar da eyni tələblərlə çıxış ediblər. Bundan başqa, aksiyaçılar İslam Respublikasında yaşayan əfqan qaçqınları ilə yaxşı davranılmasını tələb ediblər. Bəzi məlumatlara əsasən, İranda 2 milyonadək Əfqanıstan qaçqını var, onların bir hissəsi orada qanunsuz yaşayır.

Üç həftədir ki, İran hökuməti tranzit xətti ilə ölkə ərazisindən İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub.

Tehran rəsmiləri bunu yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına verilməsindən ehtiyatlanmaları ilə izah edir.
Əslində bunu bəhanə kimi də qiymətləndirmək olar. Çünki sanksiyalardan sonra İranda benzin qıtlığı yaranıb. İş o yerə çatdı ki, hakimiyyət indiki ağır siyasi durumda yanacağa qoyulan subsidiyanı ləğv etdi.

Bundan başqa, səfirlik qarşısına toplaşanlar 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etiraz zamanı öldürülənlərin bəzilərinin şəkillərini və hakimiyyət əleyhinə şüarlar yazılmış plakatlar tutaraq, İranın ali rəhbəri ayətullah Xamneyi və prezident Mahmud Əhmədinejada qarşı şüarlar söyləyib, sonda hər ikisinin şəkillərini yandırıblar.

Əfqanıstan polisinin müdaxiləsinə baxmayaraq, İran səfirliyinin binasını və qapısını daşa basıb, boya və yumurta atan aksiyaçılar İrandan yanacaq daşıyan tankerlərin hərəkətinə qoyulan qadağanın ləğvini və İranda yaşayan Əfqanıstan vətəndaşlarının edamının dayandırılmasını, onlara qarşı təzyiq və ayrı-seçkiliyin aradan qaldırılmasını tələb ediblər.

Tehranın Kabildəki səfiri Fədahüseyn Maliki isə jurnalistlərə açıqlamasında Əfqanıstan hökumətindən İran səfirliyi qarşısında aksiya keçirənləri, səfirliyi daşa basanları məsuliyyətə cəlb etməsini istəyib.

Rəsmi Tehranın təmsilçiləri son zamanlar benzindən istifadənin azaldığını da həvəslə bəyan edirlər.

«Sağlam cəmiyyət» adlı qurumun toplantısında çıxışı edən prezident müavini Məhəmmədrza Rəhimi bildirib ki, benzinin gündəlik istehlakı kvotaya qədər 93 milyon litr idisə, indi bu rəqəm 41 milyon litrədək azalıb.

«İRİBnyus»un məlumatına əsasən, prezident müavini deyib ki, məhdudiyyətlər və benzinin qiymətinin bahalaşması olmasa idi, o zaman 5-6 ildən sonra İranın ixracat üçün nefti qalmazdı.

M.Rəhiminin sözlərinə görə, dizel yanacağının gündəlik istehlakı azalıb, məlum islahatadək sutkalıq sərfiyyat 107 milyon litr idisə, ötən həftə bu rəqəm 44 milyon litr olub.

Bu baxımdan hesab etmək olar ki, Tehran daxili bazarda yanacağın qiymətini bahalaşdırmaq və qonşu dövlətlərə çeşidli bəhanlərlə bu neft məhsullarının ötürülməsini dayandırmaqla bu nəticəni əldə edib.

Son bir ildə İran hakimiyyətinin Əfqanıstan və Taciksitanla münasibətlərini özü istəyən yöndə formalaşdırma səyləri deyəsən, boşa çıxır. Benzinlə bağlı yaranmış vəziyyəti də buna şamil etmək olar.

Yeri gəlmişkən, bir müddət öncə İmaməli Rəhman ölkə vətəndaşlarına müraciət edərək, demişdi ki, son 10 ildə xaricdə çeşidli İslam təhsil müəssisələrində oxuyan övladlarını geri çağırsınlar. O, tacikistanlı valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağırıb.

«Təəssüflər olsun ki, onların çox mollalıq öyrənmir, əksinə terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq» - deyə, Tacikistan prezidenti bildirib.

Məlum olduğu kimi, bir müddət öncə Tacikistan, Əfqanıstan və İran rəhbərləri ortaq farsdilli teleradio kanalının açılması haqda razılıq əldə etmişdi.

Ötən gün isə lazım olan qurğunun çatışmaması ucbatından kanalın yayımı təxirə salınıb.

«Asiya plyus»-un məlumatına əsasən, Tacikistan hökuməti yanında teleradio komitəsinin sədri Əsədulla Rəhmanov məsələ ilə bağlı bunları deyib: «Bizdən asılı olan bütün işləri görmüşük. Verilişin yayımlanacağı studiyanı təmir etmişik. İran tərəfi qurğuların alınmasında bizə yardım etməli idi. Ancaq indiyə qədər onlar bu istiqamətdə bir işə görməyiblər. Əgər bizdən asılı olsa idi, indiyə telekanal çoxdan yayıma başlamışdı».

Onun sözlərinə görə, bu günlərdə Düşənbədə görüş keçirilib. Həmin yığıncağa Əfqanıstan təmsilçisi qatılmayıb: «İranlı həmkarlarımızı gördüyümüz işlərlə tanış etdik və kanal üçün lazım olan avadanlığın siyahısını onlara verdik».

Komitə sədri xatırladıb ki, İran tərəfi üçüncü ildir hər Novruzda, martın 21-də kanalın yayıma başlayacağını təklif etsə də, bununla belə davamlı olaraq, bu məsələ təxirə salınır.

Bir müddət öncə Tehran tərəfi bildirmişdi ki, efirə çıxacaq tacikistanlı qadın «hicaba ciddi əməl etməlidir». Bu məsələ ilə bağlı Ə.Rəhmanov yarızarafat deyib: «Biz də israrla iranlı qadın aparıcının hicabsız çıxmasını tələb edəcəyik. Əgər ciddi desək, bu məsələ müzakirə mərhələsindədir. Fikrimizcə, hər tərəf indiki ənənəsinə uyğun çərçivədə davranacaq».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar