İran: zorakılıq mənəvi aşınmanın səbəbi kimi - ŞƏRH
18 dekabr 2010 12:38 (UTC +04:00)

İran: zorakılıq mənəvi aşınmanın səbəbi kimi - ŞƏRH

Lent.az-ın “Mignyus”-a istinadən məlumatına görə, İran Ali Məhkəməsi ötən gün “sulfat turşusu ilə məhkumun kor edilməsi haqda” yerli məhkəmələrin çıxardığı qərarı təsdiqləyib.

Hadisə bir müddət əvvəl baş verib. 25 yaşlı Müctəba adlı bir gənc həyat yoldaşı ilə intim əlaqədə şübhəli bildiyi taksi sürücüsünün üzünə sulfat turşusu atıb. İrandakı mövcud cinayət məcəlləsindəki qisas almağın “gözə-göz” prinsipinə görə, Müctəbaya bəraət verilib.

Bu olayla bağlı ilk qərarı Qum şəhərindəki məhkəmə çıxarıb.

Xatırladaq ki, üzə turşu atmaq hadisəsi əvvəllər də baş verib. 2009-cu ildə evlənmək təklifindən imtina etdiyinə görə, bir gənc qızın da gözləri sulfatın qurbanı olmuşdu.

2008-ci ildə 27 yaşlı Məcid adlı İran vətəndaşı barəsində məhkəmə “turşu vasitəsi ilə görməkdən məhrum edilsin” qərarı çıxarmışdı. Məhkum xanımdan özünə qarşı “sayğı” görmədiyinə görə bu addımı atdığını bildirmişdi. İstintaq materiallarına əsasən, zərərçəkən, gözü və bədəni sulfat turşusundan “yanmış” Əminə Bəhrami adlı iranlı qadın məhkəmədə “qisas” tələb edib.

“Euronews”-un məlumatına görə, İranda ibnələr və başqa cinsi azlıqlar təqib edilir, zorakılığa məruz qalır, hətta öldürülür.

“Human Rights Watch” və başqa hüquq müdafiə təşkilatlarının hesabatında da bu məsələ vurğulanıb. Sənəddə qeyd olunub ki, İranda cinsi azlıqlar hakimiyyət, eləcə də onlara bağlı çeşidli qruplar tərəfindən təqib edilir. 100 səhifədən artıq bu hesabat onlarla faktlara əsasən hazırlanıb.

İbnələrdən (homoseksual) biri deyib ki, Tehrandakı kafelərdən birində ona ETTELAAT-ın mülki geyimdə olan əməkdaşı hücum edib. Onun sözlərinə görə, həmin məmurlar sonra qəhvəxananın yiyəsini də döyüb, zorlayıblar.

İranlı sosioloq, doktor Əmanullah Qərayi Müqəddəm bir müddət öncə ABŞ-dan yayımlanan “Fərda” radiosuna müsahibədə deyib ki, İranda fahişəliyin yaş həddi 10-a yenib. Müqəddəm pozğunluğun gənc və yeniyetmə qızlar arasında genişlənməsinin yoxsulluq, savadsızlıq, narkomaniya, boşanmanın çoxalması, mühacirət və fərdi azadlıqların olmamasından irəli gələn problemlərdən doğduğunu söyləyib.

Onun sözlərinə görə, ölkədə bu sayaq problemlər ciddi şəkildə məşğul olan qurumların olmaması ucbatından bu və oxşar hallar gün-gündən artıb, genişlənməkdədir. Doktorun fikrincə, “küçə qızları” və pozğunların dəqiq sayı bəlli olmasa da, ötən illərlə müqayisədə bu istiqamətdə “sürətli inkişaf” gözə çarpır.

İran Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının statistik məlumatına görə, ölkədə boşananların sayı ötən illə müqayisədə 2,13 faiz artıb, evlənənlərin sayı isə 5,2 faiz azalıb. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Ailə qurmuş şəxslərin yaş həddi kişilərdə və qadınlarda 20-24, boşananların yaş həddi isə qadınlarda 29-30, kişilərdə 34-35 təşkil edir.

Məlumata əsasən, ötən il İranda 1 milyon 240 min 259 uşaq dünyaya gəlib, 359 min 723 ölüm faktı qeydə alınıb, 804 min 628 min nəfər evlənib və 114 min 674 nəfər isə boşanıb.

Məlumatda doğum hallarının 5,3 faiz artdığı, ölüm hallarının isə 5,6 faiz azaldığı qeyd olunur.

Ötən il Tehran Ailə Məhkəməsi Şəqayiq adlı qızın cinsiyyətini dəyişərək oğlana “çevrilmiş”, özünə Ərdəşir adı qoymuş rəfiqəsi Nigarla evlənməsinə razılıq verib.

Şəqayiqlə Nigarın məktəb yoldaşları olduğu bildirilir. Nigar cinsiyyətini dəyişəndən sonra onlar evlənmək qərarına gəliblər. Ancaq Şəqayiqin atası buna qarşı çıxıb. Belə olan halda Şəqayiq məhkəməyə üz tutub.

Beləliklə, Tehran hakimiyyəti mövcud olduğu 32 il ərzində ölkədə tətbiq edilən “hicab qaydaları” “sümüyündə olanın səyriməsinin” (Azərbaycan atalar sözü) qarşısını ala bilməyib. Bu baxımdan, hicabın mütləqliyini müdafiə edib, bütün bəlaların ona əməl edilməməsindən irəli gəldiyini iddia edənlər İran İslam Respublikasının timsalında bunu aydın görə bilər.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar