Mülki gəmilərə qarşı terror hücumları - FOTO
03 noyabr 2010 19:12 (UTC +04:00)

Mülki gəmilərə qarşı terror hücumları - FOTO

Tarixə nəzər salsaq görərik ki, mülki gəmilər qarşı hücumlar nədənsə bir qrup terrorçu tərəfindən deyil, əksər hallarda aviasiya və donanma tərəfindən və məqsədli şəkildə həyata keçirilib. Gəmilərə hücum zamanı qurbanların sayı yüzlərlə və hətta minlərlə ölçülür. 2006-cı ildə “France Presse”ə müsahibə verən amerikalı ekspert terrorçuların gəmiləri hədəf aldığını, lakin bu hücumların əksər hallarda qarşısının alındığını bildirib.

Terror hadisələrinin qarşısı çox zaman polis tərəfindən alındığı üçün bu məsələ mətbuatın gündəminə gəlməyib. Elə siyahıdan da görəcəyiniz kimi, dəniz nəqliyyatında mülki şəxslərin qənimi əsasən torpedolar və aviabombalar olub. Terror hücumu və ya piratların gəmini tutması zamanı mülki şəxslərə ciddi ziyan dəyməyib. Maraqlıdır ki, hərbçilər mülki gəmiləri qəsdən “gəmidə silah, casus, hərbçilər var” bəhanəsi ilə hədəfə alırlar.

İsrail mütəxəssislərinin fikrincə dünyadakı böyük yükdaşımaların 80%-nin həyata keçirildiyi gəmi nəqliyyatına hücum çox böyük iqtisadi fəsadlara yol aça bilər.

1930-cu il London Dəniz Sazişinin 22-ci maddəsi ilə sualtı qayığın ticarət gəmilərinə atəş açması qadağan edilir.

Lent.az sizə hərbiçilərin atəşinin və terror hücumunun qurbanı olan bəzi gəmilər barədə məlumat təqdim edir.

3 sentyabr 1939. İkinci Dünya müharibəsi başlayandan bir-neçə saat sonra alman sualtı qayığı İngiltərəyə məxsus “Athenia” ticarət gəmisini vurub. Hadisə zamanı 900-dən çox insan həlak olub.

30 yanvar 1945. Sovet sualtı qayığının Almaniyaya məxsus “Wilhelm Gustloff” gəmisini vurması nəticəsində rəsmi rəqəmlərə görə 5300 nəfər həlak olub. Halbuki tarixçilər 7000 insanın həlak olduğunu bildirirlər. Gəmiyə köməyə gələn katerlər 150 nəfəri xilas edib. Birbaşa partlayışda ölənlərin sayı az olsa da -18 dərəcə temperaturda suya düşən insanlar bir neçə dəqiqə ərzində həyatla vidalaşıb. Həlak olanların böyük əksəriyyəti qadın və uşaqlar olub. Sovet hərbçilərin bu “qoçaqlığı” da partiya və hökumət tərəfindən yüksək qiymətləndirilib.

10 fevral 1945-ci ildə eyni heyət Almaniyaya məxsus “General von Steuben” gəmisini batırıb. Burada da həlak olan 4000-ə yaxın insanın əksəriyyəti qadın, uşaq və qocalar (başqa sözlə döyüş qabiliyyəti olmayan əhali) olub.

4 aprel 1945. sovet sualtı qayığı göyərtəsində qaçqınlar olan “Goya” gəmisini (Almaniya) hədəfə alıb. Atəşdən 7 dəqiqə sonra batan gəmidən 157 nəfər xilas ola bilir, 7000-dək insan həlak olub. Sovet tərəfi gəmidəkilərin mülki şəxslər olduğunu təkzib edib. Sualtı qayığın komandiri Vladimir Konovalov isə bu “şücaətə” görə Sovet İttifaqı Qəhrəmanı adı alıb.

3 may 1945. Müharibənin sonuna bir neçə gün qalmış, ingilis aviasiyası əsirləri daşıyan “Kap Arkona” gəmisini (Almaniya) bombalayıb. Hadisələrin gedişatı isə belədir: faşist komandanlığı əsirlərin müttəfiq qoşunlarının əlinə keçməməsi üçün bütün konslagerlərin təxliyə edilməsi və əsirlərin öldürülməsi barədə sərəncam verib. Bundan sonra əsirlər hər yerdən Lübek limanına daşınmağa başlayır. Gəmilərdə sərnişin çox olduğu üçün kapitan gəmiyə sərnişin götürməkdən imtina edir. Belə olduğu təqdirdə yola düşən gəmilərdən birinə geri qayıtmaq əmr edilir. Bu zaman ingilis təyyarələri limana hücum edir. İnsanlar sevincək təyyarələrə əl edərək sahilə axışıb və ...gözlənilmədən ingilis təyyarələr onları bombalamağa başlayıb. Ardınca isə alman pulemyotçular qaçan əsirləri atəşə tutub. Nəticədə 5600-dək insan həlak olub.

11 iyul 1988. Terrorçuların Yunanıstan sahillərində lövbər salmış “City of Poro” gəmisini atəşə tutması zamanı 9 (bəzi mənbələrə görə 11) nəfər həlak olub. Bu ərəfədə Afina limanına yaxınlaşan avtomobil partlasa da heç kəsə zərər yetirməyib. İstintaq qrupunun rəyinə görə, “bombanın xəta ucbatından vaxtından əvvəl partlaması faciənin qarşısını alıb”.

21-ci əsrdə isə gəmilərə qarşı 3 böyük terror aktı qeydə alınıb:

17 oktyabr 2000. Ədən sahillərində lövbər salan ABŞ-a məxsus “USS Cole” hərbi gəmisinə terror hücumu zamanı gəmi ciddi xəsarət alıb. Gəmidəki 17 matros həlak olub, 50 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti “əl-Qaidə” terror təşkilatı üzərinə götürüb.

6 oktyabr 2002-ci il. Fransanın “Limburg” tankeri xam neft götürüb Əş Şir limanından aralanan kimi intiharçı gəminin hücumuna məruz qalıb. Gəminin tankerə çırpılması nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yanıq xəsarəti alıb, 90 000 ton neft dənizə axıb.

27 fevral 2004. Terrorçular Manila yaxınlığında lövbər salan “SuperFerry 14” gəmisinə televizorun içində partlayıcı keçirməyə nail olublar. Televizorun işə salınması nəticəsində yüzdən çox insan həlak olub.

Nəticə olaraq deyə bilərik ki, gəmilərə qarşı hücumlar təyyarələrə nisbətən az olsa da, insan tələfatına görə dəniz nəqliyyatı “liderliyi” əldən verməyib.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar