Dünyanın ən təhlükəli aeroportları
20 sentyabr 2010 19:27 (UTC +04:00)

Dünyanın ən təhlükəli aeroportları

Pilotlardan uçuş və eniş əsanasında yüksək təhlükəsizlik və bacarıq tələb edən bu hava limanları eyni zamanda həddən artıq təhlükəli məkanlarda yerləşiblər.

Lent.az-ın «Airport TV»yə istinadən verdiyi məlumata görə, bu hava limanları hətta havaçılıq hobbisi olanları belə «fikrindən daşındırmağa» qadirdir.

Onluğa Karib dənizindəki Martin adasında yerləşən Şahzadə Culiana Beynəlxalq Hava Limanı başçılıq edir. Hollandiyaya məxsus olan bu hava limanının uçuş-enmə zolağının uzunluğu 2180 metr olduğundan böyük təyyarələr adaya enərkən çimərliyin 20-30 metr üstündən keçir. Buna görə də adanın çimərliyi böyük təyyarələrin uçuşunu yaxından izləmək üçün gələnlərlə həmişə dolu olur. Bütün bunlara baxmayaraq adada indiyə qədər bir təyyarə qəzası belə olmayıb.

İkinci təhlükəli aeroport Fransanın «Courchevel» hava limanıdır. Alp dağlarında yerləşən aeroportun uçuş-enmə zolağının uzunluğu cəmi 525 metrdir. Təyyarələrin çoxusu ancaq zolağın sonundakı əyilmiş hissədə sürəti azaldaraq dura bilir. Qalxmaq üçünsə pilotlar əyilmiş uçuş-enmə zolağında sürəti artırmağa məcburdur.

İkinci Dünya Müharibəsi zamanı İspaniya yarımadasındakı Cəbəlüttariq hava limanı həm İngiltərənin hərbi təyyarələri, həm də mülki təyyarələr tərəfindən istifadə olunub. Cəbəlüttariqin ən çox insan axını olan Vinston Çerçill bulvarı hava limanının uçuş-enmə zolağını iki hissəyə bölür.

Uzaqdan normal görünən Taylandın Don Muang beynəlxalq aeroportu da təhlükəli hava limanlarının siyahısına daxildir. Bu da iki uçuş-enmə zolağının arasında yerləşən qolf sahəsi ilə bağlıdır. Qolf toplarının yayınaraq düşdüyü yerlərdən bəziləri mülki şəxslər üçün qadağan olunmuş bölgədir.

Dünyanın ən hündür ölkəsi olan Nepalın Luka şəhərindəki Tenzing-Hillari hava limanı 2 900 metr yüksəklikdə yerləşir. Uçuş-enmə zolağının bir tərəfində dağ, digər tərəfində isə uçurumlar yerləşir. Himalay dağlarına qalxmaq istəyən alpinistlər ub hava limanından istifadə edir.

Antarktikadakı Mak Murdo stansiyasında üç uçuş-enmə zolağından biri olan Buz zolağı da təhlükəli aeroportlar siyahısına daxildir. Bu zolağın üzəri davamlı olaraq hamarlaşdırılır. Uçuş-enmə zolağının ucsuz-bucaqsız olması böyük təyyarələrin də bura enməsinə imkan verir. Təhlükə buzun çatlaması və təyyarənin qara batması nəticəsində baş verə bilir.

Hollandiyanın Antil adalarında yerləşən Juanço Yrausquni hava limanın 400 metrlik uçuş-enmə zolağı təpənin üstündə yerləşir.

Braziliyanın Sao Paulo Congonhas şəhərinin mərkəzində yerləşən hava limanından da pilotlar şikayətçidir. Hava limanının uçuş-enmə zolağı şəhərin magistrallarından biri ilə kəsişir. Təyyarə enən zaman işıqforun yanması ilə küçədə hərəkət dayanır. Pilotların sözlərinə görə, bu zaman şəhərdə yaranan səslərin həddən artıq yüksək olması enişi çətinləşdirir.

Portuqaliyanın Maderia beynəlxalq hava limanı Portuqaliyanın yaxınlığındakı kiçik bir adada yerləşir. Hava limanı 200 sütunun saxladığı 2700 metrlik uzunluğa malikdir.

Yaponiyanın Osaka körfəzinə yaxın yerləşən 1994-cü ildə istifadəyə verilmiş eyni adlı aeroport da dünyanın ən təhlükəli hava limanı hesab olunur. Dənizin ortasında inşa olunmuş bu aeroporta qayıq, maşın və ya dəmir yolu ilə getmək olur. Kosmosdan belə görünən hava limanı hazırda qlobal istiləşmə təhlükəsi ilə üz üzə qalıb. Alimlərin gəldiyi qənaətə görə, aeroport yaxın 50 il ərzində suyun altında qala bilər.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar