Xiaomi yaxın həftələrdə premyerasına hazırlaşan yeni flaqman “Redmi K80 Ultra”nın necə göründüyünü nümayiş etdirib. Cihaz Xiaomi 15T Pro adı ilə qlobal bazara çıxarılacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, smartfonun elanı sürpriz olmayıb, çünki onun mövcudluğu artıq məlum idi. Əvvəllər cihaz Geekbench etalon bazasında MediaTek Dimensity 9400 Plus çipi ilə peyda olmuşdu və indi Xiaomi yeni məhsulun effektiv soyutma sistemi ilə birləşdirilmiş bu SoC-dən istifadə edəcəyini təsdiqləyib.
Şirkət iki versiyanın posterlərini yayıb: ağ və yaşıl. Xiaomi Redmi K80 Ultra-da ekran, performans və digər cəhətlər baxımından heç bir çatışmazlıq olmayacağını iddia edir.
Redmi K80 Ultra Dimensity 9400+ prosessoru və 16 GB-a qədər operativ yaddaşla təchiz ediləcək. Digər xüsusiyyətlərə 6,83 düymlük LTPS OLED 1,5K displey, 100 Vt şarjlı 7500 mAh batareya, 50 meqapiksellik üçlü kamera və IP68 reytinqli korpus daxildir ki, bu da telefonun bir müddət 1,5 metrə qədər suyun altında qalması deməkdir.
Redmi K80 Ultra ilə yanaşı, Redmi K Pad planşeti də nümayiş olunub. O, 3K təsvir ölçüsünə və 165 Hz tezliyə malik 8,8 düymlük IPS ekranla, həmçinin 65 vatt enerji doldurmağı dəstəkləyəcək. Planşet də smartfon kimi MediaTek Dimensity 9400+ üzərində qurulacaq. Hər iki yeni məhsulun premyerası iyunun sonuna qədər baş tutacaq. Xiaomi adətən cihazlarının dizaynını təqdimatdan əvvəl açıqlayır.