İran “Qənaətli istehlak proqramı”nı açıqladı
10 iyul 2010 13:00 (UTC +04:00)

İran “Qənaətli istehlak proqramı”nı açıqladı

Tehran Moskva yolu gedir...

Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev Kommunist Partiyasının sonuncu qurultaylarından birində “İqtisadiyyat qənaətlə idarə olunmalıdır” – şüarını irəli sürdü. Bunun ardınca, 1982-ci il mayın 10-da keçmiş SSRİ-də “Ərzaq proqramı” elan olundu.

Həmin tarixdən təxminən 11 il sonra sovetlər birliyi dağıldı. Bu tarix sübut etdi ki, qapalı yaşayıb, dünyaya qarşı zəif iqtisadiyyat, aşağı səviyyəli texnologiya, ərzaq məhsullarına talon tətbiqi, az qala bütün istehlak malları üçün uzun-uzadı növbələr və s. göstəricilər ilə müqavimət mənasızdır. Başqa sözlə, 20-ci əsrin əvvəlində V.İ.Leninin “Kapitalizm ölməkdə və çürüməkdə olan imperializmdir” fikrinin çürüklüyü həmin yüz illiyin sonunda üzə çıxdı. Atom bombasından tutmuş, neytrona qədər silaha malik olan, kosmosun öyrənilməsində aparıcılardan sayılan, dünyanın az qala yarısını əhatə edən bir ideologiyanın siyasi mərkəzi, Moskva 20 əsrin sonunda vətəndaşlarını yedirtmək, onların adi sosial ehtiyaclarını üçün ödəmək “çürüməkdə olan imperializmin” qapısının ağzında növbədə durdu.

Bunu elə belə xatırlatmadıq. Qonşuluqda 80 milyona yaxın insanı öz iddiasının girovuna çevirib, bunu qəhrəmanlıq kimi təqdim edən İran hakimiyyəti də deyəsən, Allahsız Moskvanın yolunu davam etdirir. Hər halda, 20-ci yüz illiyin sonundan azca xəbəri olan da bu qənaətə gələ bilər.

İranın ali rəhbəri ayətulla Xamneyi və keçmiş prezident Haşimi-Rəfsəncaninin sədrlik etdiyi Məsləhət Şurası ötən gün “Qənaətli istehlak proqramı”nın başlıca cəhətlərini ictimaiyyətə açıqlayıb.

Lent.az-ın məlumatına görə, bu proqram prezidentə, məclisə, məhkəməyə və Məsləhət Şurasına təqdim olunub.

“Qənaətli istehlak proqramı” strategiyasının başlıca cəhətləri aşağıdakılardır:

1. Fərdi, ictimai və korporativ istehlak mədəniyyəti təkmilləşdirilməli, qənaətcillik, israfçılığa, bədxərcliyə, təmtərağa, xarici məhsulların istehlakına qarşı mübarizə mədəniyyəti cəmiyyətdə geniş yayılmalı, bu işdə mədəniyyətin, təhsilin, incəsənətin və KİV-in, xüsusilə də milli teleradionun imkanlarından istifadə olunmalıdır;

2. Cəmiyyətin hər bir üzvü lazımi həddə, qənaətli istehlaka alışdırılmalıdır;

3. Səmərəli istehlak mədəniyyətinin genişləndirilməsi məqsədilə bu işdə örnək ola biləcək nümunələr təqdim olunmalı, səmərəlilik, məsuliyyətlilik, intizamlılıq və ehtiyac duyulan hədlə kifayətlənmə meyarları rəhbər tutulmalıdır;

4. Orta və ali təhsilin bütün pillələrində qənaətli istehlakın üsulları tədris olunmalıdır;

5. Hökumət orqanları və dövlət müəssisələri qənaətli istehlak prinsipinə riayət etmək işində ön sırada durmalıdırlar;

6. Lüzumsuz istehlak mədəniyyətinin genişlənməsi əleyhinə mübarizə aparılmalı, israfçılığa, təmtərağa qarşı həvəs yaradan məhsullara və mədəni təzahürlərə həssas münasibət nümayiş etdirilməlidir;

7. Ölkənin enerji istehlakının həcmində islahatlar aparılması və qeyri-tarif tədbirləri tətbiq olunmalı, bununla da enerji sərfiyyatına qənaət edilməlidir;

8. Bütün sahələrdə, xüsusilə əkinçilikdə sudan qənaətli istifadəyə çalışılmalıdır;

9. Buğda hasilatı, un üyütmə, çörək bişirmə və çörək istehlakının şəraiti, keyfiyyətinin yüksəldilməsi yolu ilə ölkədə çörək istehlakı göstəricisi təkmilləşdirilməlidir;

10. Ümumi məhsuldarlıq artırılmalıdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar