İki polisin edamı itirilmiş inamı qaytaracaq?
01 iyul 2010 18:18 (UTC +04:00)

İki polisin edamı itirilmiş inamı qaytaracaq?

Hakimiyyəti 30 ildən sonra yenə vətəndaşlarının “ayağına” gedir

Ötən il iyunun 12-də İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz etmiş din aksiyaları yatırmaq üçün hakimiyyət odlu silahdan da yararlanmışdı. Yüz nəfərdən çox etirazçı bu silahlardan açılmış atəş nəticəsində həlak olmuşdu. Onda seçkidən sonrakı müxalifət liderlərindən biri, prezidentliyə namizəd, keçmiş baş nazir Mirhüseyn Musəvi həlak olanları “şəhid” adlandırmışdı.

Onlardan biri, gənc tələbə Nida Ağasoltanın atası Əli Ağasoltan qızının ölümündə hakimiyyəti günahlandırmışdı. Hakimiyyət isə aksiya zamanı həbs olunmuşların qapalı məhkəməsini keçirərək, onlar barəsində edam hökmü də çıxartmışdı.

Məsələn, Tehran Baş Prokurorluğu ötən il noyabrın 17-də bəyanat yayaraq prezident seçkisinin rəsmi nəticələrinə qarşı aksiyalarda günahlandırılan 5 nəfərin edama məhkum olunduğunu bildirmişdi. Həmin bəyanatda aksiyalarda tutulanlardan 89 nəfərinin məhkəməsinin keçirildiyi, 5 nəfərin Allaha qarşı müharibə aparmaqda, sistemə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, asayişi pozmaqda günahlandırılaraq edama məhkum edildiyi vurğulanırdı.

Bir sıra internet saytlarında yayılan məlumatlarda edama məhkum edilənlərin İran şahlıq quruluşunu müdafiə edənlərə bağlı olan müxalif “Tondər” radiosunun əməkdaşları Hamid Ruhaninijat, Məhəmmədrza Əlizamani və Nasir Əbdülhüseyni, eləcə də digər müxalif təşkilatların üzvü kimi təqdim olunan Arəş Rəhmanipur və Rza Xadimi olduğu bildirilirdi.

Məlumata görə, seçkidən hələ bir neçə ay əvvəl - mart ayından tutulub həbsdə saxlanan “Tondər” radiosunun edama məhkum edilmiş üç əməkdaşı işgəncə və təzyiqlər altında aksiyalara qatıldıqları barədə yalan etiraflar verməyə məcbur ediliblər.

Mirhüseyn Musəvinin müşavirlərindən biri, Abdulxomeyn Ruhulaminin oğlu Möhsün Ruhulamin isə aksiyalardan sonra qapadılmış “Kəhrizək” həbsxanasında işgəncələrə məruz qoyularaq, öldürülüb.

Bu sayaq faktları xeyli sadalamaq olar. İndiki hakimiyyətin dövründə minlərlə fərqli düşüncəli ölkə vətəndaşı məhkəməsiz-vəkilsiz zindanlarda edam edilib.

İslam Respublikasının məhkəmə sisteminin bu sayaq əməlləri həmişə beynəlxalq qurumların tənqidinə məruz qalıb. BMT-nin uyğun qurumları və beynəlxalq hüquq müdafiəçiləri hakimiyyətə məhkəmə sistemində islahatlar aparmağı tövsiyyə etsə də, indiyə kimi bu yöndə addım atılmayıb.

Beynəlxalq ictimaiyyətin daha ciddi təzyiq və tənələrinə tuş gələn İran rəhbərliyi indi məhkəmə sistemini yadına salıb.

Ötən gün İranın ali rəhbəri ayətulla Xamneyi məhkəmə hakimiyyətinin sədri və bu sahədə çalışanlar görüş keçirib. Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İran lideri məhkəmə orqanlarını ölkənin “son dərəcə həssas və önəmli sahələrindən biri” adlandıraraq, hökumətin bütün qurumlarının məhkəmə hakimiyyətinə dəstək olmasının vacibliyini vurğulayıb : “Məhkəmə hakimiyyətinin mühüm vəzifələrindən biri ədalət və vicdan məcrasından kənara çıxmamaq, ölkədə formalaşan siyasi atmosferin təsiri altına düşməmək, mühakimə edərkən və hökm çıxararkən simpatiya və antipatiya hisslərinə qapılmamaqdır…”.

Ayətulla Xamneyi xalq arasında belə bir rəyin formalaşdırılmasını “olduqca çətin və
tədricən başa gələn bir iş” adlandıraraq əlavə edib: “Ədliyyə orqanlarına edilən şikayətlərə o qədər ədalətli və vicdanlı formada baxılmalıdır ki, xalqın hər bir nümayəndəsində hüquqlarının bərpa ediləcəyinə, zülmün ortadan qalxacağına ümid hissi yaransın”. ..

O, imanlı, dərin biliklərə malik olan vicdanlı kadrların məhkəmə sisteminə cəlb edilməsinin, ədliyyə orqanlarının fəaliyyətinə yüksək səviyyəli dövlət nəzarətinin həyata keçirilməsinin də zəruri məsələlərdən biri olduğunu vurğulayıb: “Məhkəmə hakimiyyətinin işində mühüm məsələlərdən biri də təşkilatların strukturunun, o cümlədən ümumilikdə ədliyyə sisteminin məhkəmə strukturunun yenilənməsidir”.

Ayətulla Xamneyi ölkədə Bəsic (yarımhərbi dəstə, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) dəstələrinin təşkil olunmasını “İslam inqilabı çərçivəsində həyata keçirilmiş misilsiz bir hərəkat”, “dahi və müdrik imam Xomeyninin yadigarı” adlandıraraq əlavə edib: “Bəsic dəstələrinin formalaşması, əslində, elə inqilabın ilk günlərindən – imamın xalqa etimad göstərərək, insanları ictimai-siyasi meydanlara çəkdiyi vaxtdan başladı. Bu etimad xalqımızda özünə inam hissinin aşkara çıxmasına səbəb oldu”.

Ayətulla Xamneyi “Bəsic mədəniyyəti və qüvvələrinin islam dövləti üçün bir çox işlərdə xeyir-bərəkətlərin mənbəyi” olduğunu qeyd edərək deyib: “Bəsic dəstələri, əslində, ölkədə parlaq çalarla gözə çarpmayan, iddiasız, ancaq çoxşaxəli bir ordusudur”.

Ötənilki prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən dinc nümayişçilərə qarşı güc tətbiq edənlərin sırasında Bəsic dəstələrinin adı daha çox hallanırdı. Elə hakimiyyətdəkilər də nümayişçilərə qarşı zorun “könüllülər” tərəfindən törədildiyini gizlətmirdi. Onların başçısının dəyişdirilməsini bu qəbildən saymaq olar. İctimaiyyət arasında bəsiclərin nüfuzu sürətlə düşmüşdü, hətta onların öz arasında belə hakimiyyətə inamsızlıq da yaranmışdı.

Yeri gəlmişkən, müxalifətə qarşı zorakılıqda təqsirləndirilən iki polis barəsində edam hökmü çıxarılıb. Lent.az-ın “utro.ru”ya istinadən məlumatında bildirilir ki, hərbi tribunal onları aksiya zamanı tutulmuş üç nəfərə işgəncə verərək, öldürməkdə suçlandırıb.

Onu da vurğulamaq lazımdır ki, beynəlxalq ictimaiyyət və hüquq müdafiəçiləri Tehran hakimiyyətindən dinc aksiyaçılara qarşı zorakılıq etmiş məmurların cəzalandırılmasını tələb edirdi.

Ayətulla Xamneyi Həzrət Əlinin doğum günü münasibəti ilə 708 məhbusun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Ayətulla Xamneyinin son zamanlar keçirdiyi görüşlərdə 30 il öncəki təbliğatın ünsürlərindən yararlanması, ötən müddət ərzində inqilabın “Ədalət!”, “Bərabərlik!” kimi əsas şüarlarının yerinə yetirilməməsindən xəbər verir. Ölkədə bəsicilərlə görüşündə onları tərifləməsi, prezident Mahumd Əhmədinejatın az təminatlı ailələrə “pul” paylaması, seçkinin rəsmi nəticələrin etiraz edən aksiya iştirakçılarının ölümündə suçlandırılan iki polis barəsində edam hökmünün çıxarılması, imam Əlinin doğum günü ilə bağlı 708 məhbusun əfv edilməsi və s. bu kimi hadisələr hakimiyyətin ölkə ictimaiyyəti ilə arasında ciddi boşluğun olduğundan xəbər verir. Bu sayaq vədlər, öyüdlərlə İran rəhbərliyi mövcud problemi aradan qaldıraraq, vətəndaşların dəstəyini yenidən qazanmaq üçün sanki onların “ayağına gəlib”. Ancaq deyəsən, hakimiyyət 30 il öncə itirdiyi etibarı qazanmaqda gecikib…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar