Tiflis qeydləri II - REPORTAJ
“Biz qayıdandan sonra Natia mənə zəng vurub dedi ki, atası intihar eləyib”
Günel Mövlud Gürcüstan səfərini yazır - II
Avtobusdakı kişi xəstəliyindən utanırdı
Bizi Senakiyə aparan avtobusun digər sərnişinləriylə demək olar ki, heç nə danışmadıq. Mənim səbəbim sadəydi – dili bilmirdim. Yoxsa dayanmaq bilmədən çənə vuran şən gürcülərin bir-ikisi ilə çoxdan dost olmuşdum. Gürcü qızı Natia isə öz doğma xalqı ilə şirin-şirin söhbət etmək halında deyildi, avtobusda, sürücünün yanında oturmuş ərlə-arvaddan gözünü çəkmirdi. Özü də ağır xəstəlikdən əziyyət çəkən bu qız xəstə adamı yüz metrlikdən tanıya bilirmiş: cəmi yarım saatın içində öyrənmişdi ki, sakit və solğun bənizli bu cütlüyün dərdi böyükdür – ər ağır xəstədir.
Qadın arabir çantasından meyvə çıxarıb, ərinə yedizdirir, başını sığallayır, pencəyini çırpır, kişi isə həm arvadının qayğısından, həm avtobusdakılardan, həm də xəstəliyindən utanır, solğun bənizi qızarıb, tezcə də əvvəlki bozluğuna qayıdırdı.
Burada çayların daha gur,
bulaqların daha təmiz,
dünyanın daha təzə vaxtları olub…
Mənsə pəncərədən ömrümdə ilk dəfə gördüyüm Gürcüstanın əyalətlərinə baxırdım. Yanından ötüb keçdiyimiz, Sovet vaxtında tikildiyi və gurrah vaxtlarını da o zamanlar yaşadığı hər halından bəlli olan sanatoriyalar, istirahət kompleksləri, bəzən bir, bəzən çoxmərtəbəli evlər, mədəni-ictimai binalar, körpülər…Elə o tikililərin köhnəlmiş əzəmətinə, hələ də özünü tox saxlayan möhkəmliyinə, körpülərin ağayana genişliyinə baxanda bilmək olurdu ki, həəəə, dostum, burada, bu sadə gürcü torpağında çayların daha gur, bulaqların daha təmiz, dünyanın isə daha təzə-tər vaxtları olub. Postsovet Gürcüstanının əyalətlərindən – köhnə pal-paltarlı arıq adamların vurnuxduğu pinti bazarlardan, bağçaları solmuş, binaları qaralmış mədəniyyət evlərindən, əyalət teatrlarının yiyəsiz binalarından, qarşısında sayılan qəpiklərin cingiltisi qulaq batıran xaçapuri köşklərindən və daha nələrdən, daha kimlərdən adamın üstünə barmaq silkələyə-silkələyə gələn bir həqiqət vardı: Sovetlərin çöküşü Gürcüstanı köhnəldib. İndi bu yaprıxmış, soluxşamış əyalətlərdəki təzə-tər gürcü baharı, yazın bu ilkin çağlarında hər daşın-divarın, asfalt yolların, səkilərin ora-burasından pırtlayıb, zorla çıxan yaşıllıq, gül-çiçək öz şirəliliyi, parıldaqlığıya da ört-basdır eləyə bilmirdi bu köhnəliyi, kasıblığı, ölüvaylığı…
Və mən sürətlə anlamağa başlayırdım ki, niyə yaraşıqlı, işıqlı gürcü gəncliyi Tiflisin mərkəzi küçələrindəki xidmət müəssisələrində öz zəhmətlərini, vaxtlarını, gəncliklərini belə ucuz qiymətə xərcləyirlər. Gürcüstanın əyalətlərindəki kasıblığın, fağırlamanın yanında Tiflisin mərkəzi küçələrindəki kafelərdən birində ofisiant işləmək belə adama əlçatmaz xilas yolu kimi görünər…
Bu fəlsəfi təbəddülatlar içindəykən, avtobusun pəncərəsindən görünən Gürcüstan yamyaşıl rəngdəydi…
Taksi sürücüsü Qoderzi Çoxeli çıxdı
Senakiyə çatanda artıq axşam düşürdü. Avtobusdan düşüb, bizi rayon mərkəzindən uzaq kəndə cəmi dörd lariyə (bizim pulla - iki manat) aparmağa razılaşan taksiyə oturub, evə tələsdik. Natia yolda maşını saxladıb, dükandan quru çay aldı:
- Sən çay içənsən, amma bizdə heç kim çay içmir. Bəlkə də evdə çay yoxdu…
Amma mən çayın hayında deyildim, istəyirdim ki, evə tez çataq, Natianın burada yaşayan qohumları üzümüzə gülüb, öz şuxluqları ilə bayaqdan qanımı it qanına döndərən kədəri dağıtsınlar, mənə göstərsinlər ki, onsuz da bu ölkənin köhnəlməyinin, soluxşamağının onlara dəxli yoxdu. Göstərsinlər ki, onlar elə bu kasıblıqlarıyla, köhnəlikləriylə də xoşbəxtdilər, rahatdılar, süfrələri duz-çörəkli, üzləri təmiz gülüşlü, ürəkləri sevgi doludu…
Taksidən düşəndə sürücü təklif elədi ki, onun nömrəsini götürək. Kənddən rayona avtobus işləmir. Buradan qayıdanda əziyyət çəkə bilərdik. Natia sürücünün nömrəsini qeyd eləyəndə adını soruşdu. Kişi “Qoderzi” dedi. Bizim Natia həddən artıq nəzakətlidir, qeyd eləmək üçün kişinin soyadını da soruşanda mən tez zarafatla kişinin əvəzinə “Çoxeli” dedim. Kişi bərkdən gülüb, məmnuniyyətlə üzümə baxdı (bu ölkədə taksi sürücüsü də öz xalqının yazıçısını tanıyır).
Televizorda yenə Gigini göstərirdilər
Doğrudan da, köhnə həyət qapısının yanında bir dəstə gənc gürcü qızı (Natianın dayıqızları və bacısı Nataliya) pıqqıldaşa-pıqqıldaşa, gülüşə-gülüşə qarşıladı bizi. Rusca demək olar ki, heç nə bilmədiklərinə, məni birinci dəfə gördüklərinə baxmayaraq, elə salamlaşmadanca ünsiyyətimiz alındı və hamımız artıq iliyə işləməyə başlayan yaz soyuğundan qaçıb, evə təpildik. Natianın sarışın, gonbul və ifrat dərəcədə istiqanlı bitsolası (dayısı arvadı) ikimizlə də elə mehribanlıqla görüşdü, üzümüzdən elə marça-marçla öpdü ki, elə bil illər həsrətlisiydik. Əllərimizi ovcunun içinə alıb, sobanın yanına gətirdi, ovxalaya-ovxalaya əl-ovcumuzu qızdırdı, qaynar çay içirtdi.
Natianın dayısı ilə görüşməyi çox soyuq oldu. Dayı-balanı bir-birinə bioloji bağlardan başqa heç nə bağlamırdı.
Televizorda yenə təkrar Tiflis meri olmaq istəyən Gigi Uqulavanın seçkiqabağı kampaniyasına həsr olunmuş veriliş gedirdi.
Axşam yeməyində Natianın bitsolası bizimlə o ki var şərab vurandan sonra əri (yəni Natinin dayısı) və qonşu oğlanla araq vurmağa girişdi. Və xeyli kimi içəndən sonra hamımızın yerini saldı, otağımıza su qoydu. Hətta yatmazdan əvvəl üzümüzdən öpməyi də yaddan çıxartmadı. Qonşu otaqda yatan bir dəstə gənc gürcü qızı gecə yarısına qədər aralarında nəsə danışıb, pıqqıldaşırdılar. Səhərə yaxın telefonuma sms gəldi (Natia hərəmizə bir yerli nömrə almışdı). SMS Seymur Baycandan idi. Mətndən başa düşdüm ki, Seymur Natia ilə mənim nömrəmi qarışdırıb:
«Prosnulsya. Umıvalsya. Pobrilsya. Novıy trusik odeval. Seyças kuşayu. Potom vıydu svejiy vozdux poqulyat. Mojet ya komu to nravlyus». Rus dilinin qrammatikasını it gününə qoyduğu üçün Seymura gülərək telefonu Natiaya ötürüb, təzədən yatdım.
Köhnə və kasıb gürcü kəndi
Səhər yeməyini yeyib, həyətə çıxanda gün işığına diqqətlə və uzun-uzadı gürcü kəndinə baxdım. Natianın dayısının it-pişikli, toyuq-cücəli, qazlı-ördəkli, at-eşşəkli, mal-qaralı, bağ-bağçalı həyəti vardı. Kişi yəqin ki, bu sifətlərin arasına bir dənə də “oğullu-qızlı” ifadəsini artırmağımı istəyərdi, amma Gia kişi oğul üçün nə qədər çalışsa da, dünyaya ancaq bir dəstə qız gətirə bilmişdi. Gürcüstan əyalətlərindəki kasıblıq, köhnəlik bu həyətdən də yan keçməmişdi. Həyət-baca - ev, tövlə, çovustanlar tökülüb-itirdi.
Elə bütün kənd bu gündəydi. Çəpərlərin qarğı-qamışı, evlərin, tövlələrin taxta-tuxtası, daş-divarı köhnəliyindən qaralır, çürüyüb-tökülürdü. Bu gürcü kəndində eynəmi açan tək şeysə qonşulardan birinin həyətində elə bu gün açan və yəqin ki, bu yaz bu kənddə birinci açan qızılgül oldu.
Natianın şən bitsolası üzü gülə-gülə kəndlərindəki kasıblıqdan, əyalətdəki işsizlikdən, qəpik-quruşdan ibarət olan maaşlardan danışırdı. Əri ilə özünün aylıq gəliri 470 lari idi (bizim pula 235 manat) və bütün 7 nəfərlik ailə bu pula dolanırdı. Özü də bu, kənd üçün hələ yaxşı göstərici idi, çünki əksər ailənin aylıq gəliri bundan bir neçə dəfə az idi.
İki gün idi buradaydıq. Tamaradan sms gəldi: «Əzizlərim, Nana ilə mən sizin üçün çox darıxmışıq. Tez gəlin».
Onun əyin-başından kədər yağırdı…
Biz Senakiyə buralarda yaşayan bir loğmanın yanına getmək üçün gəlmişdik. Həmin loğman Natianın canını boğazına yığmış şiş üçün dərman hazırlamalı idi. Və həmin adamın evinə getmək üçün Natianın atası ilə görüşməli idik. Natianın atası Senakiyə yaxın bir yerdə, tək yaşayırdı (uşaqlarının hamısı Azərbaycana köçüb). Kişi ilə rayon mərkəzində görüşdük. Mən onunla təkcə salamlaşmaqla kifayətləndim, amma üst-başından kədər yağan bu adamın üzü, əyin-başı, fağırlığı, qaradinməzliyi həmişəlik yaddaşıma həkk olunub, qaldı. Bu kişinin qocalmağı elə hüznlü, yazıq qocalmaq idi ki, Natiadan daha çox, özüm ağrıdım onun halına.
Və özlüyümdə fikirləşdim ki, heç vaxt atamı tək buraxmayacağam.
Görüş vaxtı məlum oldu ki, biz gecikmişik. Loğmanın evinə çatsaq da, qayıtmağımız alınmayacaq. Buna görə də, işi sabaha saxlamalıyıq. Natia ilə bir-birimizin üzünə baxdıq. Və bir-birimizə heç nə demədən anladıq ki, ikimiz də Tiflis üçün elə darıxmışıq ki, heç bircə gün də burada qala bilmərik. Natia atasına dedi ki, dərman payıza qalsın. Biz Tiflisə qayıdırıq. Gecə Senakidən çıxan Tiflis qatarına bilet alıb, kəndə qayıtdıq.
Natianın bitsolası bizim şəhərə dönüşümüz xəbərini qanqaralıqla qarşıladı. Durub vida yeməyi hazırladı, hardansa yaxşı ağ şərab tapıb, gətirdi. Ayaqqabılarımızı öz əli ilə silib, parıldatdı. Qızlar da ona qoşuldu və hamısı yalvardı ki, avqustda – Senakinin Ən gözəl vaxtlarında onlara qonaq gələk və budəfəki kimi eləməyək, bir-iki həftə qalaq. Biz gələcəyimizə söz verdik və hamı ilə bərabər oturub, axşam yeməyini yedik.
Televizorda bir ucdan Gigi Uqulavanı göstərirdilər. Natiaya dedim ki, qatara bilet almağımız yaxşı oldu, hər gün bir işin qulpundan yapışan Tiflis meri bəlkə bizim bəxtimizdən bu gün qatar bələdçisi olacaq?
Bu Gigi hara, o Gigi hara?
Gecə qatara minəndə məlum oldu ki, qalan iki yeri məşğul eləyənlər kişi xeylaqlarıymış. Biri qaradinməz qoca idi, biri də səydəşliyi hər halından məlum olan gürcü gədəsi. Özü də başdan bir az o öz idi və tərs kimi onun yeri mənim yerimin üstündəydi. Oğlan səydəş-səydəş hırıldayıb, bizə su və şirniyyat təklif elədi. Özünü təqdim eləməyi də yaddan çıxartmadı: Adım Gigidi.
Natia mənə baxıb, pıqqıldadı sonra isə gülməkdən özünü saxlaya bilməyib, qəhqəhə çəkdi: “Arzuna çatdın, bax, Gigidi”.
Gecə hamı yerində rahat yatdı, mənsə yatağımdan o tərəf-bu tərəfə çevrilə-çevrilə qaldım. Türkün sözü üstümdə xoruldayan Giginin ölüb-qalanını qəbirdən çıxarı-çıxara öz bəxtimin də ünvanına bir-iki yağlı söyüş göndərməyi unutmadım.
İlahi, mən səndən hansı Gigini istəmişdim, sən mənə hansı Gigini ürcah çıxartdın? Ümumiyyətlə, mənə elə gəlir ki, Tanrı çox postmodernistdir və üstəlik, əla da yumor hissi var. Mən ondan “Stop-kadr”ın yaraşıqlı aparıcısı Anarı istəsəydim, yəqin ki, bəxtimə yazıçı Anarı çıxarardı.
Natianın sırğaları, mənimsə ürəyim Tiflisdə qaldı…
Tiflis bizi yenə yağmurla, külək və hətta tufanla qarşıladı. Amma biz yenə də bura qayıtdığımız üçün xoşbəxt idik. Evdə, gəlişimizə sevinən Tamaranın bir ucdan qaladığı sobanın dibində oturub, tufanın səngiməyini, yağışın kəsməyini səbirlə gözlədik. Sonrakı günlər Tiflisi gəzdik, hədiyyə eləmək üçün rəfiqələrimizə sırğa, ailələrimizə şirniyyat, dostlarımıza şərab aldıq. Tamara, Koba və balaca “sumo güləşçisi” Nana vağzala qədər gəlib, qatar tərpənənədək bizə əl elədilər. Operatorun əhatə dairəsindən çıxana qədər bizə sms yazdılar bu yay bizi bir daha qonaq gözlədiklərini dedilər.
Yolda əşyalarımızı yoxlayanda məlum oldu ki, Natianın sırğaları Tiflisdə qalıb.
Mənimsə orada ürəyim qalmışdı.
Yazının birinci hissəsi çıxandan, Tiflis qeydlərinin ikinci hissəsini yazanda Natia ağlaya-ağlaya mənə zəng elədi. Və öz vətənində baş verən iki xəbəri mənə çatdırdı.
Natianın atası intihar eləmişdi.
Gigi Uqulavanı isə ikinci dəfə Tiflis meri seçmişdilər.
Günel Mövlud

822