İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanlara qarşı polis qüvvələrinin hərəkətləri barədə tənqidi məqalə dərc olunub. Məqalədə göstərilir ki, mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar.
Bu hadisə ABŞ-da böyük səs-küyə səbəb olub.
Məsələnin maraqlı tərəfi odur ki, zaman-zaman Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilib. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.
Halbuki, ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir.
Məsələn, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi.
Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər.
Bu, ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda, bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var.
Millət vəkili Anar Məmmədovun fikrincə, baş verən son hadisələrdə polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. “Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur. Ümumiyyətlə, ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir”.
Millət vəkilinin fikrincə, Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti -Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir, onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. “Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu adamların hansı "demo" kratiyaya sahib olmasından xəbər verir”.