Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsindən və dəriyə necə qulluq olunmasından asılıdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, parfümeriya üzrə peşəkar məsləhətçilərin uzun illərdir istifadə etdiyi, lakin satış zamanı nadir hallarda qeyd olunan sadə bir üsul var.
Ətirin qalıcılığını əhəmiyyətli dərəcədə artıran sirr
Ətrin daha uzun müddət qalmasını təmin etməyin ən yaxşı yolu onu yaxşı nəmləndirilmiş dəriyə vurmaqdır. Bunun üçün ətiri tətbiq etməzdən əvvəl həmin nahiyəyə nazik qat şəklində qoxusuz krem və ya kosmetik vazelin çəkmək kifayətdir.
Krem əsaslı təbəqə dərinin səthində nazik qoruyucu qat yaradır və aromatik maddələrin buxarlanmasını ləngidir. Bunun sayəsində ətir tədricən açılır və quru dəriyə vurulduğu hallarla müqayisədə daha uzun müddət hiss olunur. Mütəxəssislərin sözlərinə görə, dərinin quru olması hətta bahalı ətirlərin də tez itən qoxusunun əsas səbəblərindən biridir.
Ətiri bədənin hansı nahiyələrinə vurmaq lazımdır?
Parfümerlər ətri qan dövranının daha aktiv olduğu "isti nöqtələrə" vurmağı tövsiyə edirlər. Bunlar aşağıdakılardır:
biləklər;
boyun;
qulaqların arxası;
dirsəyin iç hissəsi;
körpücük sümüyü nahiyəsi;
dizlərin iç tərəfi.
Bədənin istiliyi ətrin tərkibinin gün ərzində tədricən açılmasına kömək edir.
Niyə biləkləri bir-birinə sürtmək olmaz?
Bir çox insan ətiri vurduqdan sonra avtomatik olaraq biləklərini bir-birinə sürtür. Parfümerlər bunu ən geniş yayılmış səhvlərdən biri hesab edirlər. Sürtünmə əlavə istilik yaratdığı üçün ətirin üst notları daha sürətlə buxarlanır. Nəticədə kompozisiya öz təbii quruluşunu itirir və qoxu daha az qalıcı olur. Ən doğru üsul ətri püskürtdükdən sonra onun təbii şəkildə qurumasına imkan verməkdir.
Geyim də ətrin daha uzun qalmasına kömək edir
Pambıq, kətan, yun və kaşmir kimi təbii parçalarda ətirin qoxusu çox vaxt dəridən daha uzun müddət qalır. Lakin açıq rəngli geyimlərə və ipəyə ətir vurarkən ehtiyatlı olmaq lazımdır.
Bəzi ətirlərin tərkibində boyaq maddələri və ya efir yağları olduğundan onlar paltarda ləkə yarada bilər. Mütəxəssislər ətri şərfin iç tərəfinə, yaxanın daxili hissəsinə və ya üst geyimin astarına vurmağı daha təhlükəsiz və effektiv üsul hesab edirlər.