Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə sevgililərin meyitləri tapılıb.
Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, 16 yaşlı birinci kurs tələbəsinin anası mayın 27-dən qızı ilə əlaqə saxlaya bilmir. Valideynlərindən ayrı yaşayan qız Xidmət və Sənaye Texnologiyaları Liseyinin tələbəsidir və 17 yaşlı oğlanla sevgili olub.
Əlaqə saxlaya bilmədiyi üçün şübhələnən qadın qızına baş çəkməyə gedib. O, ötən gecə Sofiya Kovalevskaya küçəsindəki mənzilin bağlı qapısını açaraq, otaqda qızının və sevgilisinin meyitlərini görüb.
Hadisə yerinə gələn həkimlər cəsədlərdə zorakılıq əlamətlərinin olmadığını müəyyən ediblər. Ana qızının və sevgilisinin intihar edə biləcəyini ehtimal edir.
Lakin ilkin ehtimala görə, ölümün səbəbi dərmanın həddindən artıq dozasıdır. Dəqiq səbəbi məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.
Hazırda yoxlama aparılır.