Romantika və ehtiras deyil:  psixoloqlar münasibəti  həqiqətən nəyin gücləndirdiyini AÇIQLADILAR
09 dekabr 2025 17:49 (UTC +04:00)

Romantika və ehtiras deyil: psixoloqlar münasibəti həqiqətən nəyin gücləndirdiyini AÇIQLADILAR

0

İnsanlara münasibətləri barədə çoxlu məsləhətlər verilir, lakin onların əksəriyyəti real nəticə vermir və sevgini həqiqətən gücləndirmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ailə psixoloqları Con və Culi Gottman sağlam və davamlı münasibətlərin ən dəyəri az bilinən göstəricilərindən birini açıqlayıb. Bu, qarşılıqlı təsir konsepsiyası adlanır.

Psixoloqların fikrincə, qarşılıqlı təsir partnerin ehtiyaclarının, həssaslıqlarının və baxışlarının sizi formalaşdırmasına və davranışlarınıza təsir etməsinə könüllü şəkildə imkan verməkdir. Bu keyfiyyət adətən harmoniyada deyil, məhz gərginlik və fikir ayrılığı anlarında üzə çıxır. Məhz buna görə münasibətin əvvəlində bu “yaşıl işarəni” görmək çətindir. Hər kəs özünü ən yaxşı tərəfdən göstərməyə çalışır.

Qarşılıqlı təsir necə görünür?

Psixoloqların tədqiqatında təxminən 320 cütlük müşahidə edilib. Nəticədə məlum olub ki, hər iki tərəf öz fikrinin dəyərli olduğunu və partnyorun davranışına təsir edə bildiyini hiss etdikdə, münasibət keyfiyyəti yüksəlir, emosional təhlükəsizlik illər keçdikcə möhkəmlənir.

Bu dinamikaya əhəmiyyət verməyən cütlüklərdə isə münasibətdə durğunluq yaranır, özünə inam azalır, məmnunluq hissi zəifləyir.

Psixoloqlar qeyd edir ki, qarşılıqlı təsir olan cütlüklərdə münasibətlər daha ədalətli, sabit və sevgi dolu görünür. Belə insanlar öhdəliklərdən daha az narahat olur, kiçik mübahisələr isə böyük konfliktsiz həll olunur.

Bu keyfiyyət real həyatda necə təzahür edir?

Partnyor “Məni həqiqətən eşitməyini istəyirəm” dedikdə telefonu kənara qoyursunuz, səyahətdə partnyor tıxacdan narahat olduğu üçün daha uzun olsa belə başqa marşrut seçirsiniz.

Bayramları öz ailənizlə keçirməyə öyrəşmiş olsanız da, partnyor üçün nə qədər vacib olduğunu anlayıb planları dəyişirsiniz. Axşam işiniz olsa belə, partnyor yardım istədikdə onu təxirə salırsınız.

Mübahisə zamanı partnerin tənqidini qəbul edib tonunuzu dəyişirsiniz, məcburiyyətə görə deyil, onun özünü daha güvənli hiss etməsini istədiyiniz üçün.

Psixoloqlar vurğulayırlar ki, qarşılıqlı təsir öz fərdiliyini itirmək deyil. Əsl açıqlıq dəyərlərinizi qoruyaraq partnyorun təcrübəsinə də yer verməkdir. Siz artıq iki ayrı həyat yox, iki səsin dəyərli olduğu ortaq həyat qurursunuz.

Qarşılıqlı təsiri necə inkişaf etdirmək olar?

Həftədə bir dəfə partner üçün önəmli olan kiçik güzəştlər edin. Bu onun eşidildiyini hiss etdirir. Onun sevdiyi restoranı seçin, təklif etdiyi marşrutla gedin “kiçik riskli” situasiyalarda elastiklik daha çətin anlara hazırlaşdırır. 

Mübahisə zamanı özünüzdən soruşun: “Burada başa düşmədiyim nə var?” Bu sual müzakirəni yumşaldır və haqlı olmaq üçün deyil, partneri anlamaq üçün mübarizə apardığınızı göstərir. Kiçik görünən jestlər zamanla “məni nəzərə alırlar, məni dinləyirlər və mən təsir edirəm” hissi yaradır. Bu isə sadəcə birlikdə yaşamaqla daim yaxınlaşmağı fərqləndirən əsas şərtdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar