Antalyanın Manavgat bölgəsindəki meşə yanğınında evləri yanan və ölümdən dönən 80 yaşlı cütlük İbrahim və Ayşe Dəniz üçün 15 gündə yeni bir ev tikilib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Dəniz ailəsi üçün tikilən evin divarları təbii daşlardan, qapısı, pəncərəsi və tavanı yanğına davamlı materiallardan ibarətdir.
İyulun 28-də Manavgatda başlayan və Akseki, İbradı və Gündoğmuş rayonlarında meşəlik ərazilərə yayılan yanğın 10 gün ərzində söndürülüb. 8 nəfərin həyatını itirdiyi yanğında, 75 min hektar meşəlik sahəyə ziyan dəyib, 2 mindən çox ev yararsız hala düşüb. Karaözdəki yanğında evləri ilə birlikdə tövləsini itirən İbrahim və Ayşe Dəniz cütlüyü, ölümdən son anda qurtulub.
Yanğın zamanı iflic həyat yoldaşını qapıya sürükləsə də, çıxara bilməyən İbrahim Dəniz, arvadı ilə birlikdə evdə qalmaq qərarını verir. Amma Ayşə Dəniz ona “get özünü xilas et” deyir. Alovlar içində qalan yaşlı cütlüyü yanğınsöndürənlər xilas edib.
Dəniz cütlüyünün evi yararsız hala düşərkən, bölgəni ziyarət edən ətraf və şəhərsalma naziri Murat Kurum yeni bir ev vəd edib. Daha sonra həm bölgənin memarlığına uyğun, həm də yanğına davamlı ev Mənzil İnkişaf İdarəsi tərəfindən dizayn olunub. Layihə daha sonra prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Evin ən qısa zamanda tikilməsini təlimatlandıran Ərdoğan, Dəniz cütlüyünün evinin nümunəvi bir mənzil layihəsi olmasını istəyib. Evin tikintisi 15 gün ərzində tamamlanıb.