Lent.az “Bioqrafiya” rubrikasında komediya ustası, prodüser, rejissor, ssenarist aktyor Elmədin Cəfərovun həyatından bəhs edir
- Elməddin Cəfərov harada və nə zaman anadan olub?
Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilə başlasa da, məcburi köçkün düşüblər. 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Orta təhsilini Gəncədə alıb. İncəsənət Universitetini bitirdikdən sonra Bakıda yaşamağa başlayıb.
- Elməddin Cəfərov hansısa siyasi partiyanın üzvüdür?
Bəli. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- Elməddin Cəfərov ailəlidir?
- Bəli. O, əslən Zaqataladan olan bir xanımla evlidir. Həyat yoldaşı müəllimdir, məktəb direktorunun müavini vəzifəsindədir. İki oğlu var.
- Elmədiin Cəfərov Türkiyədən filmlərə dəvət alsa da, getmir. Bunun səbəbi nədir?
Bu barədə aktyor özü belə deyib: “Türkiyədən mütamadi film təklifləri alıram. Amma hazırda dəyərləndirmirəm. Vətənimdə daha vacib işlərim var. Həm də , uşaqların təhsili, onları başqa bir mühitə öyrəşdirmək kimi məsələlər var. İnandırım sizi ki, bu heç də asan məsələ deyil. Özüm “Çat Kapı Aşk” filminin çəkilişləri səbəbindən bir ay Türkiyədə qalmalı oldum. O müddətdə ürəyim partlayırdı Bakı üçün. Bundan sonra özümə söz verdim ki, bir həftədən artıq ölkədən kənarda qalmaq olar, amma bir ay əsla”.
- Elməddin Cəfərova özünü Türkiyədə tanıtmaq asan oldu?
O bu barədə belə deyib: “Orada özümü qəbul etdirmək olduqca çətin oldu. İlk günlərdə çox sıxıntılar yaşadım. Hətta yığışıb yemək yeyirdilər məni çağırmırdılar. Axı mən qonşu dövlətdən gəlmişəm və burada qonağam? Sonradan bir çox televiziya kanalları məni qonaq kimi dəvət etdilər. Ancaq elə birinci çəkilişdən sonra fikirləri tam olaraq dəyişdi. Sonrakı çəkilişdən sonra ssenarini dəyişdilər, rolumu çoxaltdılar. Üçüncü çəkilişdən sonra isə Türkiyənin şou proqramları mənim haqqımda müsbət fikirlər yazmağa başladılar. Hətta filmin təqdimatında böyük bir tort gətirmişdilər və üzərinə filmin adından əlavə mənim adımı qeyd etmişdilər. Bu hadisə hətta bəzi problemlərə də səbəb oldu. Filmin digər aktyorları narazılıqlarını bildirdi ki, tortun üzərində ya hamımızın adı olsun, ya da heç kəsin. Orada aktyora diqqət çoxdur, texniki avadanlıqlar güclüdür. Komandaya gəldikdə isə bir-birinə soyuqdur. Biz axı elə münasibətlərə alışmamışıq. Biz bir qabda yumurta yeyirik. Bizim üçün dəyərlər başqadır, onlar üçün fərqlidir. Onlarda da bizdə də təkəbbürlü oyunçular çoxdur. Bir az da buna ətrafdakılar səbəb olub. Tanınmış adam görən kimi, elə hərəkətlər edirlər ki, oyunçu deyir ki, bunu mənə görə edirlər və özünü yuxarıdan aparmağa başlayır”.
- Elməddin Cəfərov özünü aktyor kimi necə qiymətləndirir?
O bir müsahibəsində bildirib ki, əsla dramatik rollara çəkilə bilməz:
“Göz yaşı, ağır dram mənlik deyil. Komediya sahəsində isə özümü sübut etdiyimi düşünürəm. Başıma çox pis işlər gəlib, əhval ruhiyyəm pis olub, ancaq yenə də güldürməyə çalışmışam. Ümumiyyətlə, hamının etdiyi və ya edə bildiyi bir şeyi eləmək istəməzdim. Ortaya qoyduğum şey sırf mənə məxsusdursa onda o işi görməyi sevirəm”.
Elməddin Cəfərov aktyorlar arasında özünü kateqoriyalara ayırıb, “Mən ən yüksək “sort”am” deyib.
“Türkiyədə aldığım qonorar Azərbaycanda aldığım qonorardan qat-qat çoxdur. Xaricdən hansısa məşhur aktyoru dəvət etdikləri səviyyədə onlarla müqavilə bağlayıram. Yəni yüksək məbləğdə və səviyyədə. İlk təklif etdiləri qonorar ikinci “sort” dəyərində idi. Öyrənəndə dedim ki, “Mənimlə məzələnirsiniz”. Heç mən birinci “sort”la razılaşmırdım. Çünki mən ən yüksək “sort”am. Pandemiyadan əvvəl Azərbaycanda ən bahalı aktyor idim. Bütün təkliflər mənə gəlirdi. İrandan, Türkiyədən təkliflər dayanmırdı. Bir burulğan idi”.
- Elməddin Cəfərov öz film şirkətini yaradıb. Çəkdiyi filmləri xarici bazarlara çıxarmağı düşünür?
“Bilirsiniz ki, xaricdə keçirilən kino, serial, televiziya sərgiləri olur. İstəyirəm ki, film və serialları oraya təqdim edim. Məhz bu yöndə əlimizdən gələni edirik ki, serial çəkilişlərini yüksək keyfiyyətdə edək, onları xaricə çıxara bilək” - deyə o bildirib.
- Azərbaycanda bir çox peşəkar aktyorlar yeni nəsil haqqında, bəzən kəskin tənqid səsləndirirlər. Elməddin Cəfərov bu barədə nə düşünür?
“Onların bizim haqqımızda dediyi mənfi sözlərə əvvəl haqq qazandırmırdım ancaq indi müəyyən qədər qəbul edirəm. Mən də ilk dəfə çəkildiyim epizodlara illər sonra baxanda "bu nədir?" deyə bilirəm. Təbii ki, onlar məndən 40 il qabaqdadılar deyə səhvlərimi daha yaxşı görə bilirlər. Ona görə, onları qınamıram. Ancaq burada xoşuma gəlməyən odur ki, kaş ki, daha tərbiyəvi üsulla, daha yaxşı tərzdə mənə fikirlərini bildirsinlər. Elə olanda daha da öyrənərəm, səhvlərimi daha tez görərəm. Ancaq, təhqiramiz şəkildə deyəndə bu təbii ki, pis haldır. Bu artıq müəllimlik deyil qolçomaqlıqdır”.
- Elməddin Cəfərov haqqında ölüm xəbəri yayılıb?
Bəli. 2021-ci ildə aktyorun beyin qanaması keçirərək öldüyü barədə məlumatlar yayılıb. Bu ona və doğmalarına çox pis təsir edib.
- Elməddin Cəfərovu Azərbaycan tamaşaçısına ən çox hansı rolu sevdirib?
O uzun illər efirlərdə yayımlanan “Bacanaqlar” serialındakı Taleh rolu ilə daha çox yadda qalıb.
- Elməddin Cəfərovun film şirkəti nə üçün yalnız komediya filmləri çəkir?
Aktyor bunu sırf reytinq və qazancla əlaqələndirib.
“Komediyanın izləyiciləri isə tələbələrdir, gənclərdir. Gənclər isə daha çox bilet alıb gedib film izləyirlər. Azərbaycanda yeni doğulan uşaqdan tutmuş ölməyinə bir gün qalmış yaşlı adamına qədər hamını kinoteatra aparsan yenə də film üçün xərclədiyin pulun ən az bir hissəsini belə geri qaytara bilmərsən. Bizi həmişə xariclə müqayisə edirlər ki, onlarda niyə belə bir film var bizdə yoxdu? Onların axı əhalisi çoxdur, filmin satış bazası var bizdə isə bunlar yoxdur. Bizim aktyorların çoxu Türkiyədən də xaricdən də, güclüdür. Sadəcə film sahəsini inkişaf etdirmək lazımdır”.
- Elməddin Cəfərov hansı insanlarla yola gedə bilmir?
“Mənim üçün insani keyfiyyətlər həmişə ön plandadır. İnsan kişidirsə kişi, qadındırsa qadın olmalıdır. Xaraktersiz adam işə fitnə salır. Elə adamları sevmirəm”, - o bildirib.
- Elməddin Cəfərov fəxri ad arzusundadır?
“Daxilən təbii ki, arzumdur ki, prezident mənə diqqət göstərsin. Buna məndən daha çox atam-anam sevinər. Çünki, mən hələ də onların gözündə uşağam. Mənim qazandıqlarıma həmişə çox sevinirlər. Tam kişi kimi deyirəm daxilimdə elə bir arzum var” aktyor vurğulayıb.
- Elməddin Cəfərov fiolmləri üçün maddi dəstəyi haradan alır?
O bildirib ki, çəkdiyi hər serialın öz sponsorları var.
- Elməddin Cəfərov daim gərgin iş başındadır. Ailəsinə vaxt tapa bilir?
Aktyor bildirib ki, ailəsi əvvəllər zaman ayıra bilmədiyinə görə ondan gileyli olub: “Belə məqamlar əvvəl çox olurdu. İndi məni başa düşürlər. Həyat yoldaşım ziyalı xanımdır, məktəbdə müəllimə çalışır. Məni hər şeydə başa düşür. Övladlarım böyüyüb. İstəkləri, məndən tələbləri var. Onları qarşılamaq üçün işləməliyəm. Vaxtımı onlara sərf etsəm, istəklərini qarşılaya bilməyəcəyəm”.