Döyülən müğənni Kərim kimdir?  – Böhtana görə intihar etmək istəyən, rəqsinə görə pul qazanan
12 sentyabr 2024 20:15 (UTC +04:00)

Döyülən müğənni Kərim kimdir? – Böhtana görə intihar etmək istəyən, rəqsinə görə pul qazanan

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Kərim Abbasovdan bəhs edir.

- Kərim Abbasov harada və nə zaman anadan olub?

Kərim 44 il öncə - 1980-ci il 8 iyunda Bakıda sadə bir ailədə dünyaya gəlib.

- Kərimin ailəsində musiqiçi olub?

Kərimin nənəsi Şölə xanım, dayısı Əliağa və digər qohumları musiqiçi olublar. Kərim uşaqlıqdan onlarla birlikdə toy məclislərinə gedib.

- Kərim musiqi təhsili alıb?

Bakı şəhər Əhməd Cavad adına Mədəni-maarif texnikumunun “Xalq çalğı alətləri” fakültəsində  oxuyub. Nənəsi Şölə xanımın yaxın qohumu, xalq artisti Nisə xanım Qasımova ilə görüş Kərimin həyatında mühüm rol oynayıb. Nisə xanım Kərimin ilk sənət müəllimi olub. Sonralar Milli Məclisin keçmiş deputatı, bəstəkar Novruz Aslanla, əməkdar incəsənət  xadimi  Gövhər Həsənzadə, xalq artistləri Flora Kərimova, Alim Qasımovla əməkdaşlıq edib.

- Kərimin başqa biznesi var?

O bu ildən geyim satışı ilə məşğul olan butik açmaq niyyətindədir. Restoran biznesinə qoşulacağını da açıqlayıb: 
“Sentyabrda özümə aid geyim “butik”im olacaq. Orada elə geyimlər satışa çıxarılacaq ki, başqa heç bir mağazada həmin paltarları görə bilməyəcəksiniz. Sırf səhnə geyimləri satılacaq. O geyimləri geyinmək üçün cəsarət lazım olacaq. Həmin geyimlərə dizaynı mən verməyəcəyəm. Çünki elə şeylərə zamanım yoxdur. Restoran biznesinə də başlayıram. Bu işdə isə mənə bloger Hüseyn Əzizoğlu yardım əlini uzatdı".

O hər iki biznesə 80-100 min manat ayıracağını bildirib.

- Kərim plastik əməliyyat etdirib?

Bəli. O 2 il öncə kök hüceyrə əməliyyatı ilə 10 il gəncləşəcəyini qeyd etmişdi.

- Kərim toylara neçəyə gedir?

Kərimin toy qonorarı 4-5 min manatdır. O əlavə 4 min verilsə məclisə aş gətirə biləcəyini də qatıldığı proqramlardan birində söyləmişdi.

- Kərimin valideynləri sağdır?

Yox. O bu barədə söz düşəndə özü haqqında “yetim uşağam” deyir.

“Əvvəllər uğurlarımı atama danışırdım. Atamı üç il, anamı isə iki il əvvəl itirmişəm. Amma indi uğurumu yeddi ildir yanımda “çiyin-çiyinə” çalışdığım menecerimlə bölüşürəm. İşim hazır olduqdan sonra ailəmlə bölüşürəm. Sevindiyimdən bir sözü tez yayan insanam. Ürəyimdə saxlaya bilmirəm və belə olan halda işim alınmır. Amma artıq menecerim mənə söyləyib ki, öncədən heç kimə işini danışma. Biraz da olsa ağzımı yumub, saxlayıram, demirəm”- deyə o ötən il verdiyi açıqlamada bildirmişdi.

- Kərim neçə dəfə ailə qurub?

O iki dəfə evlənib. Birinci dəfə prodüser Təranə Səmədova ilə ailə qurub. Bu ailə qalmaqallı şəkildə dağılıb. Təranə efirdə onun haqqında təhqiramiz ifadələr işlədib. Hətta Kərimin cinsi oriyentasiyası barədə hədyan fikirlər səsləndirib. Bu biabırçılıqdan sonra Kərim çox utandığını, hətta intihar həddinə çatdığını söyləmişdi.

"Təranəni bağışlaya bilmirəm. Onun ucbatından qardaşımla  atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandığından evdən çölə çıxa bilmirdi.

Pilləkəndə evimə qalxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızır. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim. Dərman içdim, intihara cəhd etdi. Səidə Sultan məni evdən çıxardıb, qusdurdu ki, dərmanları dala qaytarım. Səidə məni həyata qaytardı" deyə Kərim bildirib.

Təranə Səmədova hazırda həbsdədir.

- Kərimin Təranə Səmədova ilə ortaq övladı var?

Yoxdur. Sosial şəbəkə əhlinin Suelin atasının Kərim olması və bununla bağlı onun ünvanına yazılan təhqir dolu şərhlərə Abbasov sərt şəkildə cavab verib:
“Arada sosial şəbəkələrdə yazılan şərhləri oxuyuram. İstəmirəm ki, insanların beynində bu şeylər qalsın. Mənim Təranədən övladım yoxdur, olmayıb. Onun qızı Suel mənim qızım deyil. Mən gərək ən şərəfsiz ata olardım ki, o mənim qızım olduğu təqdirdə ona atalıq etməsəydim. Bəsdirin, yığışdırın bu kəlmələri... Suelin atasının kimliyi hamıya artıq bəllidir. Məndən əlinizi üzün! “Sən yaxşı ata olsaydın, qızın Suel ortalıqda qalmazdı” kimi şərhləri də özünüzə saxlayın. Mən çox yaxşı kişiyəm. Siz kişi olun, kişi kimi şərhlər yazın. Mən övladımı atacaq qədər şərəfsiz ata, insan deyiləm. Övladım isə bir dənədir. O da mənim oğlumdur. Mənim başqa qadından övladım yoxdur.
Rəqsanənin elədiyini mən etməzdim. Mən uşaqların anası Təranə Səmədovanı tanıdığıma, hansı xasiyyətə malik olduğuna və gələcəkdə ondan nə bəlalar görə biləcəyəm deyə heç zaman bu addımı atmazdım. Bilirəm ki, Rəqsanə ilə Təranənin davaları qabaqdadır. Rəqsanə uşaqlara sahib çıxdığına və elədiyi yaxşılıqlara görə çox peşman olacaq. Təranənin qızı Suelə və Adelə çox yaxşılıqlar eləmişəm, eləməyə də hər an hazıram”.

- Kərim ikinci dəfə evlənib?

Kərim ikinci dəfə də Təranə adlı xanımla ailə qurub.

Bu barədə  “İnsan yarı parasını tapana qədər sevməlidir. Uşaqlarımın anası kəlməsini sevmirəm. Xanımım, gözəlim, həyat yoldaşım olmalıdır. Uşaqlarımın anası - yəni, uşaqların xatirinə birlikdəsən. Sevgiyə inanmamışam. İkinci ailəmi quranda xanımımı sevməmişəm. Evləndim, sonra sevdim” deyib.

- Kərimin övladı var?

Bəli. Onun Yusif  adlı azyaşlı oğlu var.

- Kərim səsindən çox, toylarda rəqsi ilə məşhurdur. Bəs o buna görə pul alır?

Bəli. “Bu yaxınlarda Bakı kəndlərindən birində idi. Bir Həci gəldi mənə dedi ki, iki oğlumla rəqs et, hərəsi üçün 3 min manat verirəm. Varlı hacı idi. Dedi ki, onları oynamağa çıxart. Çıxartdım və oynadım. 8 min pul aldım. Mən getdiyim toylarda oxumaq qonorarından əlavə oynamağım üçün daha çox şabaş yığıram",- deyə o bir müsahibəsində bildirib.

- Kərimin həyatı asan keçib?

O bu barədə bir dəfə belə danışıb:

"Həyatım çox çətin olub. Gülürsən ki, kimsə səni ağlayan görməsin. Ortancıl qardaşım 23 yaşında öldü. Avtomobil qəzası idi, kamazın altına girdi. Maşındakı 4 nəfər ölmüşdü. 2006-cı ildə oldu. Atam onda sağ idi. Bir gecəyə saçları ağardı".. Dərdim çoxdur. Amma niyə bildirim ki? Kimə maraqlıdır mənim dərdim?
Sevgi, nəvaziş görmədim. 10 il bundan əvvəl elə hala düşdüm ki, dəlixanada yatdım. Ağzımı, əlimi bağlamışdılar, gözüm kor olmuşdu"- deyə o özü barədə danışarkən bildirib.

- Kərim toyda döyülüb?

Bəli. Hadisə 2 gün öncə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərinin birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.Araşdırma gedir. Qalmaqal müğənninin fonoqram oxuması səbəbi ilə baş verib.

Qeyd edək ki, bu müğənninin başına gələn ilk hadisə deyil. 2019-cu ildə  Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğlu küçədə Kərimi döyüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11988
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar