265
10:00
05 May 2009

Tutulanlardan biri Fərda Qədirovun bibisi oğludur

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) kütləvi qətllə bağlı saxlanılanlardan biri Cavidan Amirov Fərda Əsəd oğlu Qədirovun bibisi oğludur.

Bu barədə APA-nın Gürcüstan bürosuna Cavidan Amirovun anası Rəna Qədirova bildirib. Rəna Qədirova oğlunun Bakıda həbs olunduğunu deyib: “Cavidanı Bakıda tutublar. Həyat yoldaşım Bakıya gedib. Hələ xəbər yoxdur. Oğlum Şulaveridə rus orta məktəbini bitirib. Bakıda tikintidə işləyirdi”.

Rəna Qədirova kütləvi qətl törədən qardaşı oğlu Fərda Qədirovla bağlı danışarkən “Fərdaya da inanmaq olmurdu. Onu yəqin kimsə yoldan çıxarıb. Ondan istifadə ediblər” deyib.

Qardaşı oğlunu ayda bir dəfə gördüyünü bildirən R. Qədirova bunları deyib: “Qapını içəridən bağlayırdı. Bakıya gedəndə də bizə xəbər verməmişdi. Amma bura gələndə mənə demişdi ki, mart ayında mənə zəng gələcək, Bakıya gedəcəyəm. Mən ona dedim ki, Cavidanı da apar, orda tikintidə işə düzəlt. O isə dedi ki, mən dənizdə işləyəcəyəm, tikintidə işləyə bilmərəm”.


R. Qədirova deyib ki, oğlunu Bakının Qaraçuxur qəsəbəsində yaşayan qayınatasının evində tutublar: “Bizim məhəllədən, kəndin digər uşaqlarını da tutublar. Görək, nə olacaq".
R. Qədirova Fərdanın istədiyi xalası qızının ona ərə getmək istəmədiyini də açıqlayıb: “Qız deyib ki, Fərda mənim qardaşımdır”.