718
12:33
22 Noyabr 2020

Ədalətin zəfəri üçün... - Azərbaycan ədliyyəsinin şərəf tarixi  

Azərbaycan Resbublikası Ədliyyə Nazirliyinin əməkdaşı

Xəlilov Ruhin Müzəffər oğlu başda olmaqla,

Vətən uğrunda canından keçən

bütün şəhidlərimizin əziz xatirəsinə İthaf olunur

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Hər il Ədliyyə Nazirliyinin təşəkkülünün ildönümündə ənənəvi olaraq ölkəmizin şərəfli ədliyyə tarixinə nəzər salınır, 1918-ci ildən bəri artıq bir əsrdən çox yol qət edən Azərbaycan ədliyyəsinin bütün bu dövrlər ərzindəki mühüm xidmətləri ehtiramla xatırlanır.

Onu qeyd etmək istərdim ki, hələ qədimlərdən bəri ədalətli qaydaların ərsəyə gətirilməsində və onların gözlənilməsi üzərində nəzarətin həyata keçirilməsində mühüm yer tutan dövlət təsisatları içərisində ilkin ədliyyə orqanları qismində çıxış edən, dövrün ictimai və dövlət quruluşunun əsaslarının hər cür qəsdlərdən mühafizə edilməsi məqsədi ilə yaradılan məhkəmələrin xüsusi rolu olmuşdu. Məhkəmələrin fəaliyyətində çoxpilləlilik, müstəqillik, tərəflərin bərabərliyi və çəkişmə kimi müasir qanunvericiliyimizin ümdə prinsiplərinin elementləri mövcud olmuşdur. Müasir dövrdə olduğu kimi qədim dövrlərdə də məhkəmə presedentlərindən istifadə edilmiş, hakim olmaq üçün tələblərə və onların təminatına xüsusi əhəmiyyət verilmişdi.

XIII-XIV əsrlərdə Azərbaycanda Qazan xan tərəfindən hüquq sahəsində həyata keçirilən islahatlar və onun tərəfindən verilən fərmanlar istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilmiş və dövrünün ən əhəmiyyətli hüquq mənbələri olmuşdur. Azərbaycan Respublikasının müasir qanunvericiliyi və imzaladığı mühüm beynəlxalq müqavilələrin ən önəmli tələblərindən biri olan məhkəmələrin və hakimlərin müstəqilliyi və qərəsizliyi kimi prinsiplər Qazan xanın məhkəmə islahatlarının və 1300 –cü ildə “ Məhkəmə haqqında” qəbul etdiyi qanunun ən mühüm tələbləri idi.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə demək olar ki, ədliyyə tarixinin yeni, şərəfli qədəmləridi. Milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verilərək nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - 1918-ci ilin may ayının 28-də təsis edilmiş, Fətəli Xan Xoyskinin başçılığı ilə təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətində ilk ədliyyə naziri vəzifəsinə Xəlil bəy Xasməmmədov təyin edilmişdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı və mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin Şərqdə təməli qoyuldu.

Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, 32 mühüm qanun layihəsinin parlamentin müzakirəsinə təqdim etməsi, I dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı ruslar və ermənilər tərəfindən törədilmiş soyqırım , zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması məqsədilə 1918-ci il 15 iyul tarixdə yaradılmış , əvvəl Xarici İşlər, daha sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərməyə başlamış Fövqəladə Təhqiqat Komissiyasının gördüyü mühüm işlər, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, penetensiar xidmətin nazirliyin tabeliyinə verilməklə həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması istiqamətində müxtəlif qanunların qəbul edilməsi də daxil bir çox tarixi xidmətlər göstərib. Eyni zamanda mövcud həbsxanaların abadlaşdırılması və məhkumların ərzaqla təmin olunması üçün də mühüm addımlar atmışdı.
Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşdırılması baxımından mühüm işlər görmüşdür. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunların parlamentdə müzakirəyə çıxarılması dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində nazirliyin apardığı işlərin mühüm göstəricilərindəndir.

Vəziyyətin mürəkkəbliyinə və çətinliyinə baxmayaraq ədliyyə naziri başda olmaqla nazirliyin işçiləri son günə qədər öz xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra etdilər.

Beləliklə, 1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində XI Qırmızı Ordu Azərbaycanı işğal edərək, Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna rolu heç vaxt unudulmayacaq ilk milli və demokratik hakimiyyəti devirdi və burada Sovet hakimiyyətini qurdu. Elə həmin vaxtdan da Ədliyyə Nazirliyinin Sovet dövrü mərhələsi başlandı.

1920-ci il may ayının 13-də Ədliyyə Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Lakin yeni yaranan qurum özündən əvvəlkinin demokratik ənənələrini davam etdirə bilmədi. Çünki Xalq Ədliyyə Komissarlığı müstəqil dövləti təmsil etmirdi. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər komissarlığa həvalə olundu. ­1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə komissarlığın fəaliyyəti bir qədər məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etdi.

1959-cu il dekabrın 7-də isə Ədliyyə Komissarlığı ləğv edildi və səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürüldü.
Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, dahi öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə - 70-ci illərdə Ədliyyə Nazirliyi dövlət strukturu kimi bərpa olunmuş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Hər zaman ədalətə, qanunçuluğa və hüquq qaydalarının üstünlüyünə önəm verən Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar kimi müəyyənləşdirmiş, cinayətkarlığa, rüşvətxorluğa qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxışlar edərək öz barışmaz münasibətini nümayiş etdirmişdi.

1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilməklə, ədliyyə işinin gələcək inkişafı üçün zəmin yaranmışdı. Həmin dövrdə nazirlik qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi, hüquqi biliklərin artırılması, məhkəmələrə təşkilati, eləcə də notariat, məhkəmə ekspertizası, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və vəkillik fəaliyyətinə rəhbərliyi həyata keçirmək səlahiyyətlərinə malik olmuşdur.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu.

Lakin müstəqilliyimizin elə ilk günlərindən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmiz yenicə əldə etdiyi müstəqilliyini itirmək və Azərbaycan Demokratik Respublikasının acı taleyini yaşamaq təhlükəsi qarşısında qalmışdı.

Bu dövrdə əvvəl sovet, sonralar Rusiya hərbi qüvvələrinin köməyi ilə ermənilər Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirmiş, bir sıra əlverişli strateji mövqelər tutmuş, azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar.

1992-ci ilin əvvəllərindən başlayaraq, bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal edən Ermənistan ordusu həmin ilin fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etmiş, çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Statistikadan göründüyü kimi, ermənilər Xocalıda əhalinin bütün təbəqələrinə – ahıllara, qadınlara, uşaqlara qarşı amansız qətliam törətmiş, bu soyqırımı aktı zamanı 25 uşaq hər iki valideynini, 320 uşaq isə valideynlərindən birini itirmişdir.

Ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Müstəqilliyin ilk illərində müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. Ölkənin idarə olunmasına dövlət quruculuğu və xarici siyasət sahəsində heç bir təcrübəsi olmayan xalq qarşısında məsuliyyət hiss etməyən şəxslərin gəlməsi respublika iqtisadiyyatını iflic vəziyyətinə salmışdı.

Həmin dövrdə respublikanın prokurorluq, ədliyyə, polis, milli təhlükəsizlik, gömrük orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuşdu.

Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarətin zəifləməsi nəticəsində cinayətkarlığa qarşı mübarizə tədbirlərinin hazırlanması da çətinləşmişdi.

Cinayətkarlığa qarşı mübarizənin lazımi hüquqi bazasının yaradılması sahəsində heç bir iş görülmür və o vaxtlar qüvvədə olan cinayət qanunvericiliyi müasir tələblərə cavab vermədiyindən təcrübi işin zəruri tələbatını ödəmirdi .

İnsan hüquq və azadlıqlarının kütləvi surətdə pozulduğuna baxmayaraq, vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi də təmin olunmurdu.

Ölkədə yaranmış belə bir mürəkkəb və təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o zamankı iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Ulu öndər qısa zamanda ölkəni uçurumdan xilas etdi. Bundan sonra dövlət quruculuğunun, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daha qətiyyətli addımlar atılmış, bunun üçün yeni qanunlar qəbul edilmiş, hüquqi baza yaradılmış, məhkəmə-hüquq sistemi yeni dövrün tələblərinə uyğun qurulmuş və beləliklə , milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılmış, demokratik hüquqi dövlət quruculuğuna başlanılmış, dahi öndərin bilavasitə rəhbərliyi ilə 12 noyabr 1995- ci ildə ilk milli Konstitusiyamız qəbul olunmuşdur .
Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu. İlk növbədə, təcrübəli kadrların seçilməsini qarşısına məqsəd qoyan ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2000-ci ilin aprel ayında Fikrət Məmmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edildi. Təcrübəli mütəxəssis olan yeni nazir bu istiqamətdə bilik və bacarığnı əsirgəmədi. Əminliklə deyə bilərik ki, Azərbaycan ədliyyəsinin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında ədliyyə nazirinin fəaliyyəti və gördüyü tədbirlər təqdirəlayiqdir. Uğurlu islahatlar ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bu istqamətdə Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən olunması isə hər bir ədliyyə işçisinin əməyinə verilən qiymətin – dəyərin çox mühüm və bariz nümunəsi idi.
Dahi Öndərin yüksək dövlətçilik amalları və siyasi kursu 2003-cü ildə keçirilmiş prezident seçkilərində xalqımızın böyük həmrəyliyi ilə dövlət başçısı seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək bütün sahələrdə davamlı tərəqqiyə nail olunmuşdur.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanır. Azərbaycan ədliyyəsinin rolu və nüfuzu artır, mövqeyi möhkəmlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edildi. Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilməsi onun qarşısında duran mühüm vəzifələrin miqyasını daha da genişləndirdi. Dövlət başçısının 26 may və 17 avqust 2006-cı il tarixli fərmanları ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunların qəbul olunması bu mühüm sahədə əsaslı dönüş yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynadı. Eyni zamanda, aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri sahəsində ən mütərəqqi addımlar atılmış və bu əlaqələr xeyli dərinləşdirilmişdi.
Onu da qeyd etmək istərdim ki, bu il Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulur.

Heç bir beynəlxalq adətlərə, norma və prinsiplərə əməl etməyən düşmənin ölkəmizdə mülki əhaliyə qarşı törətdiyi qeyri-insani əməllər ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işində Ədliyyə Nazirliyi tərəfindən də davamlı fəaliyyət həyata keçirilmiş, xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNİCEF), Dünya Bankına, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə, Ümumdünya Səhiyyə Təşkilatına və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə), Beynəlxalq Antikorrupsiya Orqanları və Beynəlxalq Prokurorlar assosiasiyalarına, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna müraciətlər ünvanlanmış, Avropa Şurası üzv dövlətlərin ədliyyə nazirlərinin video-konfransında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, nəticədə uşaqlar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaşların həlak olması və yaralanması faktları diqqətə çatdırılmış , bütün bu insanlıq əleyhinə və müharibə cinayətlərinə görə Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumların bu məsələdə ədalət naminə prinsipiallıq göstərməli olduğu qeyd edilmişdir.

Bununla yanaşı, ədliyyə işçiləri informasiya məkanında da fəal şəkildə iştirakı diqqətə layiqdir. Belə ki, Nazirlik tərəfindən yaradılmış “Qarabağ Azərbaycandır!” elektron məlumat platformasının (http://www.justice.gov.az/categories/1148) fəaliyyəti - Azərbaycan həqiqətlərinin təbliğ edilməsi və geniş yayılmasında mühüm vasitə kimi olduqca faydalıdır. Daim yenilənən platformada ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkələrdə müraciətləri və mediada çıxışları, işğaldan azad edilən ərazilərimiz barədə xəbərlər, bayrağımızın ucaldılması mərasimləri, Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələrinə dair fotoqalereya, münaqişəyə dair tarixi sənədlər: Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri və digər materiallar yerləşdirilib.

Bundan başqa platformanın digər saytlara inteqrasiyası da təmin olunmuşdur.

Bu il Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyevin diplomatik məharəti və komandanlıq etdiyi milli ordumuzun qətiyyəti, cəsarəti sayəsində tarixinin şanlı günlərini yaşayır.

2020-ci ilin noyabr ayı, ədliyyə işçiləri üçün hər tərəfli ən əlamətdar və ən qürurverici bir ay oldu . 30 ilə yaxındır ki, mənfur erməni işğalçılarının əsarətində olan doğma Qarabağımız, dədə-baba torpaqlarımız uğrundə gedən və şanlı qələbə ilə nəticələnən Böyük Vətən Müharibəsində 100 dən çox ədliyyə işçisi və ailə üzvləri, qohumları iştirak etmiş və içlərində şəhidlik zirvəsinə ucalanlar olmuşdur.

İkiqat təntənə və qələbə sevinci ilə qeyd olunan bu bayram münasibətilə ədliyyə orqanlarında tədbirlər keçirilir, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü və yenilməz Azərbaycan Ordusunun əzmi , şücaəti və qəhrəmanlığından bəhs olunur, doğma torpaqlarına həsrət qalmış xalqımızın bitib –tükənməz sevincindən “Qarabağ Azərbaycandır!” ifadəsinin bu tarixi günlərdə Qələbəmizin rəmzinə çevrildiyi vurğulanır. Bu gün Azərbaycanın hər bir vətəndaşı, o cümlədən biz, ədliyyə işçiləri Ali Baş Komandanımızla, əsgərlərimizlə, öz qanı və canı bahasına ölkəmizə qələbə, ucalıq gətirən şəhidlərimizlə, qazilərimizlə, onların ailələri ilə arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını ucalara qaldıran millətimizlə qürur duyuruq.

Əminəm ki, çox yaxın gələcəkdə Azərbaycan Ədliyyəsinin Qarabağdakı fəaliyyətindən , orada gördüyü uğurlu işlərdən və ən əsası da hüquq – mühafizə orqanı kimi, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunması işində atdığı mühüm addımlardan danışacağıq.

Şəlalə Quluzadə,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri

Dİgər xəbərlər