2832
18:00
20 Noyabr 2020

Qarabağda iqtisadiyyatın inkişafı üçün bu işlər görüləcək - RƏSMİ

“Qarabağ iqtisadiyyatının inkişafını təmin edəcək 6 əsas istiqamət üzrə işlərin aparılması nəzərdə tutulur”.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi və Türk Dünyası İqtisadçılar Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusunda keçirilən onlayn müzakirələr zamanı çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, birinci istiqamət Qarabağın azad edilməsidir ki, bu, ilk növbədə, regiona, o cümlədən Türk dünyasına sabitlik, sülh və təhlükəsizlik gətirəcək: “Bütün dövrlərdə davamlı iqtisadi inkişafın təməlində məhz bu amil dayanıb. Siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və təhlükəsiz olan Azərbaycan regionda daha da güclənəcək və daha cəlbedici tərəfdaşa çevriləcək”.

S. Həsənova azad edilən şəhər və rayonların inzibati və təhlükəsizlik məsələləri həll olunmaqla, ikinci istiqamət olaraq genişmiqyaslı infrastruktur quruculuğu işlərinin aparılmasını qeyd edib. Onun sözlərinə görə, bura yolların tikintisi, elektrik enerjisi və qaz təchizatının bərpası, su və kanalizasiya sistemlərinin qurulması, telekommunikasiya sistemlərinin bərpası, dağılmış sosial infrastrukturun yenidən qurulması, o cümlədən məktəblər, uşaq bağçaları, tibb məntəqələri, habelə inzibati obyektlərin tikintisi daxildir. Bu, həm Azərbaycan, həm də dost ölkələrin tikinti və təchizatla məşğul olan rəqabətli biznes strukturlarına yeni imkanlar yaradacaq.

“Artıq dövlət başçısının tapşırığı ilə uzunluğu 102 km olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə 50 mln. manat ayrılıb və işlərə başlanılıb”, - nazir müavini bildirib.

S. Həsənovanın sözlərinə görə, növbəti, üçüncü istiqamət azad olunan ərazilərin iqtisadi imkanlarının reallaşmasının təmin edilməsi olacaq ki, burada özəl investisiyaların cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və müxtəlif dövlət dəstəyi modellərindən istifadə etməklə bölgənin iqtisadi dəyər zəncirinə qoşulmasıdır.

Bu istiqamət çox geniş olduğu üçün bunu üç prioritetə bölmək olar. Birinci istiqamət təbii sərvətlərlə bağlıdır: “Məlum olduğu kimi, azad olunan rayonlar yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdəndir. Belə ki, yalnız Kəlbəcər rayonunda işğaldan öncəki dövrdə aparılan qiymətləndirmələrə əsasən, 130 ton qızıl, 190 ton gümüş, 940 ton civə, habelə selen, mişar daşı, tikinti daşı, sement xammalı, mineral su və digər ehtiyatlar mövcud olub. Bu resursları iqtisadi dövriyyəyə cəlb etməklə, yerli sənayenin inkişafı təmin ediləcək”.

İkinci istiqamət – ərzaq təminatı, iş yerləri, emal sənayesi üçün imkanlar yaradan 100 min hektardan çox əkin sahəsini dövriyyəyə cəlb etməklə, burada münbit torpaqlarda bitkiçilik və heyvandarlığın müasir tərzdə inkişaf etdirilməsidir.

“Burada meliorasiya və irriqasiya tədbirləri geniş şəkildə həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmələrə görə, burada ölkə üzrə kənd təsərrüfatı istehsalına nisbətdə təqribən 8% ətrafında perspektiv istehsal imkanları mövcuddur. Ola bilər ki, bu, gələcəkdə daha da çox olsun”, - S. Həsənova qeyd edib.

Üçüncü istiqamət – balneoloji resurslardır: “Bildiyiniz kimi, İstisu bu bölgədə yerləşir. Əsrarəngiz iqlim şəraiti və oradakı mədəni irs imkanları nəzərə alınmaqla, turizmin inkişafı zəruridir. Burada həm özəl investisiyalarının qoyuluşu, həm də Türk dövlətləri ilə birgə turizm marşrutlarının inkişafında perspektivlər mövcuddur. Bu marşrutlarla əlaqədar artıq Qırğızıstan tərəfindən bir neçə müddətdir işlər aparılır və azad olunmuş torpaqlar da buna öz töhfəsini verəcək”.

S. Həsənovanın sözlərinə görə, bütün bu qeyd olunan prioritetlər və digər aspektləri özündə əks etdirən, işğaldan azad olunan ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində hazırda İqtisadiyyat Nazirliyində işlər aparılır. Konsepsiyanın icrasında tərəfdaşlarla əməkdaşlıq nəzərdə tutulur.

“Dördüncü istiqamət qeyd olunan tədbirlərin həyata keçirilməsinə, azad edilən ərazilərin bərpası zamanı həyata keçirilən işlərin maliyyələşdirilməsi üçün bir sıra mənbələrdən vəsaitlərin cəlb olunmasını nəzərdə tutur. Bu, əlbəttə, Azərbaycanın dövlət büdcəsi, beynəlxalq donor dəstəyi, uzunmüddətli və güzəştli kreditlər, istiqrazlar, özəl sektorun vəsaitləri, fərdi ianələr ola bilər. Burada da müxtəlif maliyyə, xüsusilə borc alətlərində iştirakla istiqrazların alınması və ya kreditlərin verilməsi ola bilər. Türk dünyasına mənsub ölkələrin suveren fondlarının, idxal-ixrac banklarının və sadəcə valyuta ehtiyatların gəlir imkanlarını artırmaq fürsəti yaranacaq”, - S. Həsənova qeyd edib.

Nazir müavini əlavə edib ki, Qarabağda sülhün bərqərar olması nəticəsində bütün kommunikasiyalar, yollar açılacaq, eyni zamanda yeni nəqliyyat infrastrukturu yaradılacaq. Naxçıvan muxtar respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin ediləcək: “Horadiz-Culfa dəmir yolunun bərpası Culfa-Sufyan-Van dəmir yolundan keçməklə, Azərbaycan-İran-Türkiyə marşrutu üzrə yeni imkanlar açır. Həmçinin, Azərbaycan və Türkiyə dəmir yollarını birbaşa birləşdirən perspektiv dəmiryol layihəsinin inkişafına da real şərait yaradacaq. Naxçıvanla avtomobil əlaqəsinin bərpası Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpa və inkişafını sürətləndirəcək və perspektivlərini artıracaq. Qərb-Şərq dəhlizi çərçivəsində, xüsusilə də Türkiyə, Azərbaycan və Orta Asiya seqmenti üzrə yeni səmərəli marşrutun yaradılması, eləcə də Türkiyə-Rusiya avtomobil yolunun formalaşması perspektivi yaranacaq. Nəticə etibarı ilə bu marşrut qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, Xəzəryanı ölkələrin Aktau, Türkmənbaşı kimi limanlarının inkişafına da təkan verəcək”.

S. Həsənova onu da bildirib ki, növbəti dövrdə ölkə iqtisadiyyatının daha dinamik inkişaf hədəfləri və bunun üçün yaranan yeni imkanlar, ölkədə tələbatı stimullaşdıracaq və dost ölkələrlə daha geniş, qarşılıqlı və faydalı əməkdaşlıq platforması yaranacaq.

Dİgər xəbərlər