98
17:32
14 Noyabr 2020

Qələbənin formulu: Müzəffər Ali Baş Komandan - Xalq Birliyi və Azərbaycan əsgəri – QALİBİYYƏT HƏFTƏSİ

Bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Azərbaycan tarixinə bu parlaq səhifələri yazmaq heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Amma Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərərək onların hamısını dəf etdi, öz prinsipial mövqeyindən bir an belə dönmədi. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi.

Ordumuz ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə ZƏFƏR HƏFTƏSİ kimi həkk olundu. Bu zəfərin formulu isə Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir.

Dİgər xəbərlər